"1 dollar 2 manat 50 qəpik olacaq" - Ekspert rəyi

24-01-2017 17:44 / Bu xəbər 5318 dəfə oxundu

Bu günlərdə Mərkəzi Bankın keçirdiyi hərracda dollar 1.86 manata satıldı. Bu da onu göstərir ki, manat dollar qarşısında dəyər itirməyə davam edir. 

Ekspertlərin fikrincə, bu ilin sonuna kimi manatın rekord devalvasiyası 2 manat və ya 2.50 ola bilər.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Toplum.Tv-yə bildirib ki, manatın ucuzlaşması qaçılmazdır:
 
"Bunu ötən ildən proqnoz etmişdik. Bu dəyərdəndüşmə valyuta gəlirlərimizin və neft hasilatımızın azalması ilə bağlıdır. Eyni zamanda ölkə iqtisadiyyatında baş verən iqtisadi böhranla da bağlıdır. Azərbaycana dollar az gəlir və az olan bir şeyin də qiyməti qalxmalıdır. Eyni zamanda ölkənin valyuta ehtiyyatları da azalıb. Aydın məsələdir ki, yaxın aylarda bir dollar iki manatı vurub keçəcək. Biz hələ Mərkəzi Bankın müəyyən etdiyi kursdan danışırıq. Həmin məzənnə ilə banklardan valyuta almaq mümkün deyil. Bankların satış məzənnələri qat-qat çoxdur. Artıq 1.90-ı  çoxdan keçib. İlin sonuna kimi ən yaxşı halda bir dolların 2.50 manat olmasını gözləyirəm. Neft Fondu bu il Mərkəzi Banka makroiqtisadiyyatda sabitliyi təmin etmək üçün 7 milyard 500 milyon həcmində pul ayrılıb. İstənilən halda bu pul cəlb edilsə də, manatı devalvasiya gözləyir. Devalvasiyanın da baş verməsi bahalaşmaya səbəb olacaq. Bahalşama isə Azərbaycanın əksər məhsulları özünün istehsal etmədiyinin, dollarla xaricdən aldığının nəticəsidir. Həm əhalinin, həm də sahibkarların külli miqdarda xarici valyutalarla borcları var. Təbii ki, dolların məzənnəsi artdıqca onların bu borcu qaytarma ehtimalı azalır".

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, qısa bir zamanda sehirli çubuq da yoxdur ki, manatın dəyər itirməsinin qarşısını almaq mümkün olsun:
 
"Sadəcə, o ola bilər ki, neftin qiyməti 80-90 dollara qalxsın. Onda da manatın dəyərdən  düşməsinin sürəti azala bilər. Yəni neft faktoru ixracatın artırılması, investorların ölkəyə gətirilməsi kimi məsələlərlə bağlı  tədbirlər görülməsə, hələ uzun müddət belə vəziyyətin olması qaçınılmazdır. Yeganə çıxış yolu ixracatın həm həcmini, həm də çeşidliliyini artırmaqdır. Xarici investorlar üçün də cəlbedici şərtlər irəli sürmək lazımdır. Onlar öz valyutalarını gəldikləri ölkəyə yatırırlar ki, bu da ölkədə milli valyutanın, manatın dəstəklənməsinə səbəb olacaq. Çox qısa vaxtda dəyişikliyin olması gözlənilən deyil, çünki neftin qiymətinin daha da enməsi müşahidə oluna bilər. Ona görə də bu il ərzində manatın dəyərdən düşməsi müşahidə olunacaq".

Banklar Assosasiyasi müdiri Zakir Nuriyev isə saytımıza açıqlamasında manatın üzən məzənnə rejiminə keçdiyini və buna görə də baş verənlərin normal olduğunu deyib:
 Картинки по запросу Zakir Nuriyev arqument.az
"Manatın gələcək taleyi haqqında isə onu deyə bilərəm ki, manat üzən məzənnə altında öz kursunun artması və azalması şərtiylə üzməyə davam edəcək".

Milli valyutamız olan manat 2015-ci il fevralin 21-də ilk dəfə devalvasiyaya uğradı və dollar qarşısında 1.05 qədər oldu. Daha sonra həmin ilin 21 dekabrında yenidən 1.50 civarında müəyyən olundu.