14 Nardaran məhbusunun buraxıldığı deyilir

14 Nardaran məhbusunun buraxıldığı deyilir

11-09-2017 13:58 / Bu xəbər 1183 dəfə oxundu

Nardaran hadisələrinə görə, həbs edilmiş şəxslərin bir qrupunun azadlığa buraxıldığı bildirilir.

Bu barədə APA Agentliyinin məlumatında qeyd edilir.

Xəbərdə vurğulanır ki, bununla bağlı məhkəmə qərarları olub.

"Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb”, – agentliyin xəbərində vurğulanır.

Ancaq kimlərin buraxıldığı və qərarın nə vaxt verildiyi açıqlanmır.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Bu günlərdə isə əlavə iki nəfərin məhkəməsi başlayıb.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.