15 yaşlı Azərbaycan məktəblisi dedektiv kitab yazdı

15 yaşlı Azərbaycan məktəblisi dedektiv kitab yazdı

20-02-2019 12:13 / Bu xəbər 441 dəfə oxundu

"Qələm" nəşriyyatı Azərbaycanın yeni dedektiv yazarını təqdim edib. 

Nəşriyyatda Elgün Eyyubovun "Gizli şahid" kitabı nəfis, eyni zamanda olduqca maraqlı tərtibatla çapa hazırlanıb və işıq üzü görüb. 

Əsərin annotasiyasında qeyd edilir ki, Londonun sayılıb seçilən iş adamlarından Con Ueldon özü üçün əlamətdar bir gündə dəhşətli xəbərlə sarsılır: onun oğlu atasının ad günü ziyafətinə gələrkən qatarda müəmmalı şəkildə qətlə yetirilir. 

Bundan sonra detektiv dostlar Konsel və Dik sirlərlə dolu cinayətin üstünü açmaq üçün qollarını çirməyirlər. 

Onlar qatili tapmaqda qərarlıdırlar. Axı bu, sadəcə, dedektiv dostların peşəsindən irəli gələn vəzifəsi deyil, həm də, oğlunun qətlinə dözə bilməyib intihar edən Con Ueldon qarşısında mənəvi borcudur.  

Beləliklə, gənc yazarın  əsəri ilk baxışda dedektiv janrına xas ənənəvi süjetlə başlayıb, sonradan özünəməxsus gözlənilməzlikləri ilə davam edir.
 
Əsər eyni zamanda, onun müəllifinin timsalında çağdaş Azərbaycan dedektiv ədəbiyyatına yeni və istedadlı bir imzanın gəlişindən xəbər verir. 

Onu da deyək ki, "Gizli şahid" E.Eyyublunun ilk kitabı olmaqla bərabər, həm də öz qəhrəmanları - mahir dedektiv Konsellə dostu Dikin iş macəralarından ibarət seriyasından ilk əsəridir. 

Ən maraqlısı isə odur ki, müəllifin cəmi 15 yaşı var və məktəblidir. Belə ki, 8 sentyabr 2005-ci ildə doğulan E.Eyyubov paytaxtın Paşa Nəzərov adına 60 nömrəli orta məktəbində oxuyur.