15 yaşlı modelyer: Məktəb tədbirindən peşəkar sərgiyə

15 yaşlı modelyer: Məktəb tədbirindən peşəkar sərgiyə

29-10-2018 00:37 / Bu xəbər 2554 dəfə oxundu

Hələ 4 il əvvəl 15 yaşlı Azərin Qasımlı heç düşünməzdi ki, gün gələcək, aksessuarlara və dizayna marağı onu məktəb zalındakı sərgilərdən muzey mərkəzinə gətirib çıxaracaq. 

Azərin özünü fərqli sahələrdə sınayıb, 4 il rəsmlə məşğul olub, bir müddət şirniyyat bişirib, meyvələri, gülləri qurudaraq dekorativ şamlar düzəldib. Amma ən böyük istəyi hər zaman aksessuarlar və modellərlə işləmək olub. 

Azərinin ilk modelləri altıncı sinifdə oxuyanda, məktəbdə keçirilən tədbirdə nümayiş olunub. 

Oktyabr 27-də isə Müasir İncəsənət Mərkəzində Azərin Qasımlının "DEBÜT" adlı ilk peşəkar sərgisi keçirilib. 

Sərgidə 10 geyim, 45 aksessuar təqdim olunub. Geyimlər, əsasən, qırçınlı kağızlardan, təbii, qurudulmuş gül və yarpaqlardan, noxud və təbii duz parçalarından istifadə olunub. Aksessuarlar eboksid qəranından, polimer gildən, qurudulmuş yarpaqlardan düzəldilib. 

"Bu işlə məşğul olanda özümü tapıram, güllərlə, formalarla, texnikayla işləməyi çox sevirəm. Gələcəkdə Fransada bu sahədə təhsilimi davam etdirib, orada daha böyük sərgi keçirtməyi düşünürəm”, - deyir Azərin Qasımlı.

Gənc modelyerin valideyni Samirə Qasımlının sözlərinə görə, qızının uşaqlıqdan bu sahəyə marağı olub: "Azərin internetin imkanlarından istifadə edərək düzəldəcəyi modellərin texnikasın daha geniş öyrənib. Bizim ona həmişə dediyimiz söz bu olub ki, hansı sənətin sahibi olursansa, onu ən mükəmməl bilənlərdən biri ol. Hər bir işində, hər zaman ona dəstək olmuşuq. Əsas odur ki, istədiyinin arxasınca getsin”.

Nəzrin Bədəlli
Toplum.Tv