"173 manat maaş alıram, yanında qəpiklər də var... sevinirəm" - MÜSAHİBƏ

01-10-2015 12:21 / Bu xəbər 2589 dəfə oxundu

Yazar Samir Sədaqətoğlunun Qaynar.info portalında budəfəki qonağı  Bakı Uşaq Teatrının aktyoru Rauf Şahsuvarovdur.

- Necəsiniz, iş-güc nə yerdədi, Rauf müəllim? 

- Belə də, yaxşıyam. Birtəhər dolanırıq da...

- Həm tamaşalarda oynayırsınız, həm filmlərə, seriallara çəkilirsiniz. Nə yenilik var?

- Yenilik deyəndə ki, gündəlik işimizlə məşğuluq. Məşq edirik, tamaşalarda oynayırıq. Bizim teatrın binası yoxdu. Müvəqqəti olaraq Qaraçuxurda məskunlaşmışıq. Ümidlə yaşayırıq ki, bizim də nə vaxtsa, binamız olacaq, tamaşalarımızı orda nümayiş etdirəcəyik. Öz binamız, öz səhnəmiz, öz qrim otağımız... Yəni bu saat ən böyük arzumuz bununla bağlıdır.

- Heç olmasa, tamaşaçınız varmı?

- 2 yaşından 92 yaşına qədər olan hər kəs bizim tamaşaçıdı.

- Əsasən hansı obrazları oynayırsınız?

- Əsasən heyvan personajlarına səhnə həyatı veririk.

- Məsələn?

- Məsələn, canavar, dovşan, ayı, tülkü...

- Maşallah, iki metrə yaxın boyunuz var. Səsiniz də təqribən baritondu. Bu nəhənglikdə insanın, bariton səsiylə dovşan obrazını oynaması, Sizcə, nə dərəcədə inandırıcıdır? 2 yaşından 92 yaşına qədər olan uşaqları inandırmaq çətin deyil ki?

- Aslanın erkəyi-dişisi olmadığı kimi, obrazın da böyüyü-kiçiyi, eləsi-beləsi olmur. Aktyorun ustalığı da ondadır ki, oynadığı obrazdan asılı olmayaraq tamaşaçını inandıra bilsin. Bu baxımdan əsl aktyor üçün hansı obrazı oynamağının heç bir fərqi yoxdur. Rejissor hansı rolu sənə həvalə eləyibsə, onu da oynamalısan. Peşəkar aktyorlarla aktyor olmayan insanlar arasında çox incə bir məqam var. Mən bu fikri dəfələrlə demişəm, adamlar var həyatda oynayırlar, həyatı oynayırlar, biz isə səhnədə oynayırıq. Tamaşa bitir, qrimimizi təmizləyirik, çıxıb gedirik həyatda oynayanların arasına. 

- Təzə tamaşa başlayır?

- Demək olar ki, hə.

- Siz də başlayırsınız yenidən oynamağa...

- Yox, biz oynamırıq!

- Bəs, bu həyat səhnəsindəki mücadilə çətin olmur?

- Birtəhər yola veririk gedir...

- Əslində, yola verməyin özü də oynamaq deyilmi?

- Yox! Yola vermək özünü, ruhunu qorumaqdı hardasa. Əsl peşəkar odur ki, yalnız səhnədə aktyorluq edir. Həyatı oynayanlar isə həyasızcasına artistlik edirlər. Sizə bir söz deyim, səhnədə oynayanlardan heç vaxt ehtiyat eləmək lazım deyil, oğul ona deyərəm ki, həyatda oynayanlardan özünü qorusun. Biz, yenə deyirəm, işimizlə məşğuluq. Bir gün dovşanı, canavarı, o biri gün şahı oynayırıq. Hüseyn Ərəblinskinin filmdə bir fikri var, deyir, birdən elə olur tacı ayağımızın altına atıb tapdalayırıq. Bu, sadəcə, bizim sənətimizdi.

- Hər şeyi anındaca hiss edən, duyan həssas insanlar üçün bax, bu təsvir etdiyiniz mənzərədə - bu artistlik eləyənlərin əhatəsində yaşamaq çoxmu çətindi?

- Asan, ya çətin, dəxli yoxdu, bu ömür sənə verilibsə, sən öz həyatını yaşamalısan. Çünki sən təkcə özün üçün məsuliyyət daşımırsan. Ailən var, yaxınların var, balaların var və ən əsası onların qarşısında müqəddəs bir borcun, öhdəliyin var.

- Heç olubmu ki, ən çarəsiz, ümidsiz vaxtlarınızda düşünəsiniz ki, niyə aktyor oldum, niyə bu sənəti seçdim?

- Yox, qətiyyən! Mənə ruh verən, yaşadan məhz elə sənətimdi. Mən həm də tamaşalara quruluş verirəm. Məşq, tamaşanın hazırlanması, araya-ərsəyə gəlməsi uzun bir prosesdi. Bu proses boyu istər aktyor, istərsə də rejissor müxtəlif ovqatlarda olur. Əsəbi, gərgin, dəlisov... İnanın ki, adam bütün bu müddət ərzində hətta bir çox həyati qayğılarını belə unudur. Və hər şey yekunlaşandan, tamaşa hazır olandan sonra adamı dəhşətli bir rahatlıq, həzz hissi bürüyür. Şəxsən mən bütün bu prosesdən stimul alıram.  

- Şəkk-şübhəm yoxdu ki, Siz kifayət qədər istedadlı insansınız və uğurla çox böyük rollar oynaya, çox böyük işlər görə bilərsiniz.

- İnşallah!

- Amma oynadığınız, məsələn, dovşan obrazıdı. Ömür keçir, yaş ötür, bu "dovşanlıq” nə vaxta qədər davam edəcək?

- Həəə, yaxşı sualdı... Bayaq dedim, yenə təkrar edirəm, aktyor üçün hansı obrazı oynamağının fərqi yoxdu, əsas necə oynamaqdı. Bakı Uşaq Teatrında işləmək şəxsən mənim üçün çox böyük şərəfdi. Uşaqlar üçün oynamaq, yaratmaq Sizə heç də asan gəlməsin. Bizim teatrda elə aktyorlar var ki, istedadları, oyun tərzi, plastikası ilə bir çox üzdə olanları, özündən deyənləri qatlayıb dizinin altına qoyar. Bu öz yerində, bu heç. Bir də mən, Bakı Uşaq Teatrından əvvəl Şuşa Teatrında işləmişəm. Orda da, demirəm, böyük işlər görmüşəm, ancaq əlimdən gələni eləməyə çalışmışam. Məsələn, orda Cəfər Cabbarlının "Aydın” pyesinə quruluş vermişəm, özüm də Aydını oynamışam. Sonra Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları” əsərini hazırlamışam. Üzeyir Hacıbəylinin, Mirzə Fətəli Axundovun əsərlərində Vəli, Müsyo Jordan obrazlarını canlandırmışam. Qəfildən söhbət düşdü deyə, indi yadıma düşənləri deyirəm. Yəni olub, belə işlərim çox olub.

- Bunlar keçmişdə olub. Başınızı qaldırıb heç gələcəyə doğru baxırsınızmı?

- Baxıram. Ona görə də təzəlikcə "Laçınfilm” adlı prodakşın və bu prodakşının tərkibində "Laçın” Teatr Studiyasını yaratmışam. Yaxın vaxtlarda açılış etməyi planlaşdırırıq. Sonra, Sizinlə Qarabağ müharibəsi haqqında bir serial layihəmiz var. Və sair və ilaxır...

- Şuşa Teatrında işləməyinizdən danışdınız. Necə oldu ki, oradan uzaqlaşdınız?

- Uzaqlaşmadım, qovdular.

- Niyə?

- Teatr rəhbərliyinin mənə göstərdiyi qayğı və etimadı doğrultmadığım üçün. 

- Həyatda nəyəsə görə peşmansınız?

- Geç evləndiyimə görə təəssüflənirəm. 35 yaşında evlənmişəm. Gərək 20 yaşında evlənəydim. İndi uşaqlarım da böyük olardı. Neyləyim, mən də belə peşimanam.

- Ömür yarı olub, bir yandan da gec evlənmisiniz. Uşaqlar da kiçikdi. Bax, bu dəqiqə ən çox nəyə ümid eləyirsiniz?

- Təvazökarlıqdan uzaq olmasın, ən çox öz istedad və bacarığıma ümid eləyirəm. İnanıram ki, ideyalarımı reallaşdırsam istəyimə, arzuma çatacağam, sonda qalib olacağam.

- İstəkdən, arzudan danışdınız. Ən böyük arzunuz, istəyiniz?

- Ən böyük arzum Laçına qayıtmaq və bir də o dediyim serialı çəkməkdi. Yəqin ki, onu maliyyələşdirəcək bir adam tapılacaq. Bilirsiniz, adamın 1 milyon dollarlıq atı, nə bilim, villası-zadı ola bilər. Amma o atın, o villanın-zadın hesabına heç kim tarixdə iz qoyub qala bilməz. Əgər hansısa iş adamı xalqın yaddaşında əbədi yaşamaq istəyirsə, mütləq mədəniyyətə, sənətə himayədarlıq eləməlidi.

- Necə düşünürüsünüz, özünüzü sənətdə tam ifadə edə bilmisinizmi?

- Hər bir yaradıcı insanın içində bir ağ vərəq var və hər bir yaradıcı adam ömrünün sonuna qədər o vərəqi yazıb doldurmaqla məşğul olur. Kimin o vərəqdə cızma-qara elədiyi, kimin o vərəqin üzünü ağ elədiyi sonda bilinir. Bir aktyor kimi bu günə qədər mənim nəyə nail ola bildiyimi tamaşaçı deyə bilər. Ümumiyyətlə, tamşaçı güzgüdü, hər hansı aktyorun nəyə qadir olduğunu bilmək istəyirsinizssə, o güzgüyə baxın. 

- Özünüzü ifadə etmək, dediyiniz o ağ vərəqdə yazmaq, o ağ vərəqi doldurmaq üçün nələrsə planlaşdırırsınızmı?

- Əlbəttə! Başqa cür həyatın mənası, marağı olmaz ki! Arzuladığım, görmək istədiyim bir çox işlər, reallaşdırmağa cəhd etdiyim bir sıra layihələr var. 

- Məsələn?

- Məsələn, elə Sizinlə ortaq layihəmiz olan Qarabağ müharibəsi haqqındakı o serialı qeyd edə bilərəm. Sizi bir tərəfə qoyaq, şəxsən mən yüz faiz əminəm ki, o layihə reallaşsa ən reytinqli serial olacaq. Üstəgəl, bu elə bir layihədir ki, Qarabağ müharibəsi haqqında bizdə indiyə qədər belə bir iş ortaya qoyulmayıb. Bu layihə həm də mənim ağrılarımın-acılarımın, vətən həsrətimin, vətən nisgilimin ifadəsidi. Mən neçə illərdi, öz elimə-obama, yurduma-yuvama gedə bilmirəm. Yaxınlarımın - əzizlərimin, qohumlarımın qəbrini ziyarət etmək imkanından məhrumam. Bilmirəm evimiz necədi, darvazamız açıqmı qalıb, həyət-bacanı kol-kosmu basıb? Bizim dağlar hələ də yerindədimi? Bulaqlarımızdan axan sudu, yoxsa qan? Bəlkə, ümumiyyətlə, bulaqlarımız quruyub? Bilmirəm, heç nə bilmirəm. Heç nədən xəbərim yoxdu... 

- Bəs, o serial layihəniz nə zaman reallaşacaq?

- Bilmirəm, onu da bilmirəm... 

- Niyə? Səbəb nədi?

- Özünüz səbəbi yaxşı bilirsiniz.

- Mənim bilməyim bir başqa, oxucu bilmir axı, deyin, oxucu da bilsin.

- Maliyyə məsələsi. Çalışıram ki, həll edim. Əgər həll edə bilsəm, ortaya çox möhtəşəm bir iş çıxacaq. Bizdə hər şeyə sponsor tapılır. Hər şeyə... Bircə bu layihəyə hələki yiyə duran yoxdu... 

- Əminliklə bu layihənizin uğur qazanacağından danışırsınız. Düzdü, teatrda quruluş verdiyiniz tamaşalar olub, amma indiyənə qədər film çəkməmisiniz, belə bir təcrübəniz yoxdu. Ssenarini qoyaq bir tərəfə, uğur qazanacağınıza bu əminlik, bu arxayınlıq Sizdə hardandı?

- Doğrudur, film çəkməmişəm, ancaq bir çox filmlərdə çəkilmişəm. Tofiq Tağızadədən, Eldar Quliyevdən bacardığım qədər sənətin sirlərini, incəliklərini öyrənməyə çalışmışam. Hazırda Azərbaycanın ən istedadlı rejissorlarından biri olan Rövşən İsaxla tələbə yoldaşı olmuşam. Onun çəkdiyi iki serialda rol almışam. Dörd il onunla birgə işləmişik. Mən onun seriallarında təkcə obrazlarımı oynamamışam, bir çox texniki işlərlə məşğul olmuşam. Bir tələbə yoldaşı kimi, bir dost kimi, bir praktikant kimi ondan nələrisə öyrənməyə, əxz etməyə çalışmışam. Fikirləşirəm ki, bu dörd illik təcrübə mənə kifayət qədər dayaq ola bilər. Və əminəm ki, çəkəcəyim həmin o serial hazırda yayımlanan və indiyə kimi yayımlanmış serailların 99 faizdən uğurlu olacaq. Bu sözləri qorxmadan, çəkinmədən, tam məsuliyyəti ilə deyirəm. 

- Özünə inanmaq, güvənmək, cəsur olmaq yaxşı keyfiyyətdi. Bəs, ümumiyyətlə, həyatda heç nədən qorxmursunuz?

- Niyə, qorxularım da var. Məsələn, qorxuram ki, yaşım çatmaya, öləm gedəm, Qarabağda yenidən müharibə başlaya, o müharibəni görməyəm, o müharibədə döyüşməyəm. Və qiyamətəcən bizim o dağların qabağında üzüqara qalam. 

- Birinci Qarabağ müharibəsində iştirak eləmisiniz?

- Bəli. 

- Veteransınız?

- Hə, veteranam.

- Döyüşlərdə yaralanmısınız?

- Yox, yaralanmaq, ölmək, şəhid olmaq mənə qismət olmayıb. Sadəcə, müharibə iştirakçısı kimi veteranam.

- Yəqin ki, veteran kimi dövlətdən müavinət də alırsınız?

- Bəli, 45 AZN.

- Onda başqa aktyorlara nisbətən Sizin maddi vəziyyətiniz yaxşı olar. Həm müavinət alırsınız, həm əmək haqqı.

- Hə, çox yaxşıdı. 45 AZN burdan, üstəgəl 173 manat da maaş alıram. O 173 manatın yanında qəpiklər də var, arada bir də görürsən 174 manat olur. İnanın ki, hər belə artım olanda çox sevinirəm. Xeyli də bank dostum var. Çalışıram ki, kreditlərimi vaxtı-vaxtında ödəyim. Nümunəvi olmaq qanımdadı. Ümumiyyətlə, mən yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm. Ailəmin minumum yayayış tələbatını ödəmək üçün boş vaxtlarımda əlavə işlərlə də məşğul oluram. Yəni teatrda dovşan rolunu oynasam da, evimdə dovşan saxlamıram. Tikinti işlərində yaxşı səriştəm var. Alçipan, lambirin vurmaq və bu işdən pul qazanmaq asudə vaxtlarımı səmərəli keçirməyimə çox böyük töhfə verir. Gəl, belə deyək də, qoy həm də sənətkara yaraşan olsun, bu cür əlavə işlər mənim xobbimdir. 

- Əgər başqa bir sahədə olsaydınız, uğur qazana bilərdinizmi?

- Hələ mən heç burda əməlli-başlı uğur qazana bilməmişəm. Çalışıram ki, nəsə eləyim. Amma aktyor olmasaydım, yəqin ki, vəkil olardım. Bilirsiniz niyə?

- Yox, bilmirəm.

- Çünki aktyorluqla, rejissorluqla vəkillik arasında çox oxşar cəhətlər var. Vəkil üçün proses boyu artistizm, işi yönləndirmək, istədiyi axarda mizanlamaq nə qədər vacibdirsə, sənət adamı üçün də öz amalı uğrunda, ideyalarını gerçəkləşdirmək, etdiyi yenilikləri müdafiə etmək bir o qədər önəmlidir. Bir sözlə, hər iki sahənin öz yaradıcı meydanı, öz səhnəsi var. Adama təkcə öz oyununu yaxşı, uğurla oynamaq qalır.

- Oyun demişkən, məsələn, idmançı olmaq haqqında heç düşünmüsünüzmü? Namxuda, hazırda ölkəmizdə idman sahəsi böyük bir vüsət alaraq sürətlə çiçəklənməkdədir. Sizin də idmançılara xas fiziki göstəriciləriniz var. İdmançı olsaydınız, bəlkə də dünya çapında xarüqələr yaradar, daha yaxşı yaşayardınız. 

- Uşaqlıqdan idmana böyük həvəsim olub. Xüsusilə də futbolu çox sevirəm. Uşaq vaxtı topumuz olmayanda, corablarımızı bir-birinin içinə salaraq top düzəldib oynamışıq. Amma heç zaman idmançı olmaq istəməmişəm. İdmançının yaradıcı ömrü çox azdı. Müəyyən yaşdan sonra məcburi surətdə karyerana son verməli olursan. Mən isə son nəfəsimə qədər sevdiyim işlə məşğul olmaq istəyirəm. Orda pul var-yoxdu, bu başqa söhbətdi. Bir də ki, pul əl çirkidi.

- Əgər 1 milyonunuz olsa, neyləyərsiniz?

- Birincisi, o bir milyonu təsəvvür eləmək lazımdı. Nə qədər yer tutur, həcmi nəqədərdi? İkincisi, fikirləşərəm ki, yəqin mənə milyonçu deyəcəklər. Amma başqa adamlar var ki, onların 200 milyonu, 1 milyardı var. Axı onlara da milyonçu deyirlər. Bu bir az düz olmaz, onlar da milyonçu, mən də milyonçu? Bu ədalətsizliyə görə fikir eliyərəm.

- Fikir eləməkdənsə, çalışıb o 1 milyonu artırmaq daha yaxşı olmazmı? Nə isə... Konkret, əgər 1 milyonunuz olsa, neyləyərsiniz?

- İlk işim o olacaq ki, gedib vergi idarəsiylə danışaram. Deyərəm ki, müəyyən müddət məndən vergi tutmayın, Qarabağ müharibəsi haqqında bir serial layihəm var, onu çəkmək istəyirəm. Yerdə qalan pulu da "Laçın” Teatr Studiyasının inkişafına sərf eləyərdim. Yığardım ətrafıma ən istedadlı aktyorları - gənc, yaşlı nəslin nümayəndələri, fərqi yoxdu - ən yaxşı tamaşaları hazırlayardım. Həmin tamaşalarla dünyanın ən böyük, möhtəşəm festivallarında iştirak eləyib Azərbaycanı təbliğ eləyərdim.

- Deyəsən, Siz heç vaxt milyonçu olmayacaqsınız...

- Hə, vallah, şansım çox azdı. Amma nə bilirsiniz, bəlkə də oldum. Dünyanın işini bilmək olmaz...