1918-ci il: Lənkəran və Muğan od içində (II hissə)

1918-ci il: Lənkəran və Muğan od içində (II hissə)

25-03-2020 17:51 / Bu xəbər 1713 dəfə oxundu

Cəmil Həsənli
Tarixçi alim.
 
Lənkərandakı milli qüvvələr və "Tatar Süvarı Alayı” dəstələri İrandan tərxis olunan rus kazak dəstələrinin tərksilah edilməsi hesabına bir qədər silah-sursat əldə etmişdilər. Onlar 1918-ci ilin martında Lənkəran limanına general Nikolay Baratovun kazak dəstələrini gətirən "Milyutin” gəmisini tərksilah etməklə və bundan daha öncə Məhəmməd Tağıyevin başçılığı ilə fon der Osten-Sakenin hərbi dəstlərini zərərsizləşdirməklə  xeyli silah əldə edə bilmişdilər.[1] 

Mart qırğınlarının fəal iştirakçısı Qriqori Arustamovun dəstəsində  Lənkərana yola düşən Faykovski öz xatirələrində bildirirdi ki, "biz Lənkərana çatanda müsavatçılar "Milyutin” gəmisini də tutub orada möhkəmlənmişdilər. Onlara Əsədullayevin oğlu rəhbərlk edirdi. Biz Lənkərana çatıb bir neçə atəş açanda əsasən silahlı türklərdən ibarət olan yerli sakinlər dağlışdılar. Bu zaman Lənkəranın rus əhalisi silahlanıb mayakı tutmuş və orada Lənkəran dəstəsi yaratmışdılar.”[2] 

Bu dəstənin üzvlərindən biri olan macəraçı bolşevik  Sidomonov 1918-ci ilin yanvarında Tomsk partiya təşkilatının qərarı ilə  Bakıya gəlmiş, az sonra isə Şaumyan və Çaparidzenin göstərişi ilə 1-ci batalyonun tərkibində Biləsuvara göndərilmişdi.  O, qeyd edirdi ki, "burada döyüşlər inqilabi ideyalar uğrunda getmirdi, məlum dərəcədə bütün bunlar milli qırğınlar fonunda gedirdi. Ona görə ki, rus kəndləri yaxşı torpaqlarda məskunlaşmış və yerli türk əhalisinin sıxışdırıb çıxarmışdılar. Öz növbəsində onlar da ruslara düşməncəsinə münasibət bəsləyirdilər. Bu da onlar arasında iqtisadi əsaslara söykənən milli antaqonizm yaratmışdı, digər tərəfdən orada dini toqquşmalar da var idi.[3]  

Bu toqquşmalarda kənardan gələn silahlı qüvvələr daha aktiv iştirak edirdilər. Balkanlarda və Türkiyədəki ingilis komandanlığının məlumatına görə 1918-ci ilin yazında İranın şimalında rus kazak alayları tərxis ediləndə general Lazar Biçeraxovun  komandanlığı altında olan ordudan 2 minə yaxın əsgər rus pravoslavlara və molokan təriqətçilərinə kömək üçün yolunu Muğandan və Lənkərandan salmışdı.[4] 

Lakin 1918-ci ilin yayında onlar Bakını türklərdən "müdafiə” etmək məramı ilə Ələt stansiyasından desant çıxarmış "kiçik Napoleonun” (bu zaman Bakının rus və erməni mətbuatı Beçeraxovu belə adlandırırdı – C.H.) əsas hərbi qüvvələri ilə birlikdə şimala çəkildilər. Halbuki, Biçeraxovun "xalis rus xarakterinə” istər Bakıda və istərsə də Muğanda böyük ümid bəslənilirdi, ona oxşamaq üçün münaqişə bölgəsinin xristian gəncləri hətta saçlarını Biçeraxov kimi qırxdırırdılar. [5]  

Hələ mart hadisələri ərəfəsində Bakı Sovetinin İnqilabi Müdafiə Şurasına Muğandakı son hadisələr barədə məruzə etmək üçün Qafqaz cəbhəsindən tərxis edilmiş İlyin, David Çirkin, Terentiy Suxarikov və Yakov Qrankindən ibarət bir heyət motorlu "Saturin” gəmisi ilə Bakıya gəlmişdilər. Daha əvvəldən Muğana göndərilmiş 6 nəfər könüllü də onlarla birlikdə idilər. Onlar martın 28-də Bakıya çatdıqdan az sonra şəhərdə məlum mart qırğınları başladı və Muğandan gəlmiş dəstə də, şəhərin küçələrində müsəlman əhalisinə qarşı döyüşlərə qatılmışdılar. Yalnız aprelin 3-də Bakıda müsəlman qətlləri başa çatandan sonra onlar İnqilabı Müdafiə Şurasına gəlib Muğandakı son durum haqqında Şaumyan və Çaparidzieyə məruzə etdilər. Onlar Bakıda mart hadisələri günlərində yaradılmış İnqilabi Müdafiə Komitəsindən "Tatar Süvarı Alayına” qarşı mübarizə aparmaq üçün hərbi kömək istəyir, yerlərdə Sovet hakimiyyət qurmaq arzusunda olan Muğan kəndlilərinə komək göstərməyi xahiş edirdilər.[6] 

Bu məruzədən sonra Muğandan gəlmiş bir sıra "könüllülər” həbs edilmiş və İnqilabi Müdafiə Şurası "Aleksandr Jandr” hərbi gəmisinin bolşevik-daşnak dəstələri ilə Lənkərana göndərilməsinə qərar vermişdi.[7]   

Hadisələrin iştirakçısı olan Vasili Dobrıninə görə qırmızı hissələr əsasən erməni qaçqınlarından, fərari yoldaşlardan, digər evsiz və ikrah doğuran başıpozuq dəstələrdən təşkil edilmişdi.[8]

Muğanda qarşıdurmaların  hələ 1917-ci ilin sonlarında başladığın hadisələrin iştirakçısı olan Filin də təsdiq edir. O, yazır ki, "1917-ci ilin sentyabrında mən Muğana getdim. Həmin vaxt orada əhalinin silahlandırılması haqqında söhbətlər dolaşırdı. Yeni ildən sonra biz eşitdik ki, Bolqarçay kəndini qarət etməyə başlayıblar.  Onda polkovnik İlyaşeviç paralel rota yaratdı. Mən 3-cü rotaya düşdüm və Bolqarçaya köməyə getdim. Kəndi yandırmışdılar. Qaçqınları da götürüb fevralın əvvəllərində Prişibə çatdıq. Biz iclas edib Lənkərana getməyə qərar verdik. Biz Lənkərana gələndə əvvəl hər şey yaxşı idi. Orada Muğan rotası təşkil edilmişdi. Məni rotanın feldfebeli təyin etmişdilər. Biz orada iki həftə qaldıq və birdən əhalini silahlandırmaq üçün bir gəmi silah peyda oldu. Sonra dedilər ki, bir gəmi də Bakı fəhlələri gəlib. Lakin məlum oldu ki, bu Bakı fəhlələri deyil, müsavatın Tatar Süvarı Alayıdır. Tatar Süvarı Alayına A. Mirzəbəyov (Əli Əsədullayev olmalıdır.  Həmin dövrdə Tatar Süvarı Alayının hərbi hissələrinə Əli Əsədullayev və Məhəmməd Tağıyev, könüllülərdən ibarəət yerli milli alaya isə Sultan bəy Qulubəyov və Aslan bəy Talışinski başçılıq edirdilər – C.H.) başçılıq edirdi. Biz gördük ki, vəziyyət pisləşir. Məni Prişibə göndərdilər ki, bütün bunlar haqqında İlyaşeviçə məruzə edim. Biz Lənkərana hücuma başladıq və ilk olaraq Nikolayevskini tutduq. Səhəri rus din xadimlərinin nümayəndələri  gəldi və tələb etdilər ki, 3 gün ərzində silahları verib dinc yaşayaq. Biz silahları vermədik və orada 48 saat qaldıq. Patron az idi, biz patron üçün Bakıya getdik. Bir neçə gün sonra eşitdik ki, Bakıda mart hadisələri baş verib. Mən Bakıya gedəndə Kür tərəfdə gördüm ki, qırmızı bayraqlı gəmi Lənkərana gedir. Suxarikov, Şevkunov və digərləri gəmidə idilər. Mən gəmidən patron götürüb Qızılağaca qayıtdım. Bunun səhəri biz Lənkərana hücuma başladıq. 15 nəfər idik. Döyüşlərdə Sultan bəyi (Qulubəyov)  öldürdük və Pensəri tutduq. 1918-ci ilin apelin 28-də yenidən Muğana qayıtdıq.”[9]

Lənkəran və Muğana silah-sursat göndərilməsi ilə bağlı hadisələrin mərkəzində dayanan  keçmiş hərbiçi Ponomoryov qeyd edirdi ki, yalnız "Çayka” barkasında Lənkərana bir milyon ədəd patron gətirilmişdi.[10] 

Bu Lənkəran qəzasında yaşayan bütün əhalinin sayından dəfələrlə çox idi.  Bolşeviklər Privolnını silah anbarına çevrilmişdi. İ.Şabanovun məlumatına görə bütün Lənkəran qəzasının artileriya anbarı Privolnıda yerləşirdi və həmin anbarda 40 min top mərmisi var idi.[11] 

Ona görə də xüsusi ilə Lənkərana daxil olan birinci batalyon hər tərəfə atəş saçmaqla, yalnız insanları deyil, qarşılarına çıxan it və pişikləri də güllələləməklə Muğanda "Babil ərəsəti”inə oxşar qorxunc həyəcan yaratmış, insanların gözündə dünyanın sonu gəlmişdi. [12] 

Bu hadisələrin iştirakçısı olan Dobrınin yazırdı ki, "yanan evlər ətrafa alov saçırdı. Yanan evlərin damları gurultu ilə çökürdü. Hər yerdə öldürülmüş tatarların (türklər – C.H.) meyitləri, atların, itlərin, donuzların cəsədləri tökülüb qalmışdı."[13]

 Həmin quldur dəstində xidmət edən Donskoy özü etiraf edirdi ki, burada soyğunçuluq adi hal almışdı və biz tutuğumuz müsəlman kəndlərində soyğunçuluq başlayrdı, aulları yandırmazdan əvvəl orada olan hər şeyi götürmək lazım idi və hər şeyi daşıyırdılar. Bütün bunlar 1918-ci ilin əvvəllərində baş verirdi. "Ümumiyyətlə bizim eskadron ölümdən tutmuş həbsə qədər bütün inqilabi tapşırıqları yerinə yetirirdi.” [14]

***

Qırmızı qvardiyaçı və hər rəngdən olan rus dəstələri az qala hər tutduqları kənddə ayrıca "hökumət” yaradırdılar. Lənkərana gəlmələrdən olan Faykovski qeyd edirdi ki, bizim birinci hücumumuz Gərmətürkə oldu. Orada mən də daxil olmaqla Suxarikov, Krestovski, Matveyev, və Kropotovdan ibarət özbaşına hökumət yaratdıq. Suxarikov bütün hərbi və daxili işləri, Matveyev ərzaq məsələlərini, bir aeroplan olduğu üçün Kropotov hava  hücumu məsələsini öz üzərinə götürdülər, istintaq işlərini isə mənə həvalə etdilər. Həbsxanalar dolu idi. Hamısı yoxsullar olmaqla 300 nəfər sənədsiz adam həbsdə idi.”[15] 

Bunların demək olar ki, hamısı ətraf kəndlərin yoxsul türk və talış kəndliləri idi. Kropotov hava hücumu məsələsinə məsul zabit təyin edilsə də, Sara adasına gətirilən aeroplanllar hava hücumu üçün yararlı deyildilər. Şahağac uğrunda döyüşlərdə kəndi havadan bombalamaq istəsələr də, lakin aeroplanın motoru xarab olduğu üçün onu havaya qaldırmaq mümkün olmadı və aeroplanı yedəkdə Şahağacdan Sara adasına qaytardılar. Aeroplanı sıradan çıxmış Mixail Romanov isə pulemyotçular bölüyünün  komandiri təyin edildi və hidro-aviasiya dəstəsinin dənizçiləri ilə birlikdə Şahağac məscidini tutdular. [16] 

Faykovski əlavə edirdi ki, az sonra bir hissəsi daşnaklardan ibarət olan Qəhrəmanovun dəstəsi də  Lənkərana gəldi. Lənkəranda eserlər ağalıq edirdi, başçı Krestovski idi, qalanları Suxorikov, Matveyev, Zaxaryan, Totelberq, Nacarov, Vasin, Ter-Yeqanov və digərlərindən ibarət idi.[17] 

1918-ci ilin iyun ayının 15-də Lənkəranda keçirilən Sovetlərin ümummuğan qurultayı da bilavasitə eserlərin nəzarəti altında idi. Həmin vaxt təsis edilən Qəza icraiyyə komitəsinin sədri eser Suxarikov, müavinləri isə Qulam Nağıyevlə Qriqori Arustamov idilər. Həmin "hökumətdə” eser Abezqauz ərzaq komissarı, ayrı bir esr Ter-Nersesov torpaq işləri komissarı, çar ordusunun polkovniki Sambors isə daxili işlər komissarı idi.[18] 

Ümumiyyətlə Lənkəran sağ eserlərin yuvası idi. Bakıdan bizə partiya işi aparmaq üçün Akopovu göndərmişdilər. O, bütün Muğanı gəzdi, lakin partiya özəkləri yarada bilmədi. Çünki Muğanda sinfi mübarizə deyil, milli mübarizə kəskin xarakter almışdı.[19]

Hələ, sovet dövründə tanınmış tarixçi Zülfəli İbrahimov Azərbaycanın digər yerləri ilə müqayisədə Lənkəran və Cavad qəzalarında eserlərin nüfuzunun güclü olmasını həmin qəzalarda rus kəndlərinin çoxluğu və hərbi hissələrin dislokasiyası ilə izah edirdi.[20] Lakin hadisələrin başlanğıcında Lənkəran qəzasında müsavat partiyasının sosial bazası, eser, bolşevik və menşeviklərdən daha üstün idi. 1917-ci ilin noyabrında keçirilən Məclisi Müəssisan seçkilərində müsavat partiyası bu qəzada bütün partiyalardan çox səs alıb birinci yerə çıxmışdı.[21] 

1917-ci ilin martında Müsavat partiyasının lideri Məhəmməd Əmin Rəsulzadənin Lənkəran və Astaraya gəlməsi  qəzada müsavatın yerli şöbəsinin yaradılmasında mühüm rol oynamışdı. Həm Lənkəran, həm də Astarada əhali Rəsulzadəni böyük ehtiramla  qarşılamışdı. Ətraf kəndlərdən adamlar onun görüşünə gəlir və öz ərzi-hallarını ona bildirirdilər. Xüsusi ilə Rəsulzadənin Ərçivan və Tənkərud kəndlərinə səfəri və özünün yazdığı kimi "rusca-türkcə, talışca danışan bir beynəlmilər qafilə” ilə həmin kənddə yerli əhalinin nümayəndələri Məşədi Məhəmməd Əsgərov və Mirzə Hüseyn Axundovla görüşləri Astarada vəziyyəti öyrənmək baxımından maraqlı olmuşdu. 500-ə yaxın seçicisi olan Ərçivanda Rəsulzadə gecəni Məşədi Nemətullah İmaməli oğlunun evində qalmışdı. Kənd nümayəndələri ilə görüş zamanı Məhəmməd Əmin bəy ərçivanlıların nə istədiyini soruşduqda onlar cavab vermişdilər ki, "Bakı bizə başdır – baş məlum işdir, nə deyirsə, bədən onu qəbul etməlidir.” Sohbətə qoşulan yaşılı bir ərçivanlı isə Rəsulzadəyə dedi ki, "Mən onu-bunu bilmirəm... Bu qədər bilirəm ki, keçən zamanlarda bura bir uryadnik gəlsə idi, biz bu evin həndəvərinə də dolana bilməzdik. Amma imdi, deyirlər siz qubernator naibisiniz. Görürəm bizimlə oturub qardaş kimi söhbət edirsiniz. İnsan kor olmalı ki, bu boyda fərqi görməməlidir.” Rəsulzadə səfər təəssüratında yazır ki, o, Tənkərudda camaat qarşısında çıxış edəndə "Məşədi Məhəmməd mənim sözlərimi talışcaya tərcümə etmək istədi isə də, cəmaət əksərimiz türkcə başa düşürük, özümüz düşməyənlərimizə deyərik – deyə tərcüməyə ehtiyac olmadığını bildirdi.” Səfər zamanı Rəsulzadə Lənkəran qəzasında müsavatın yerli şöbəsini təsis etmiş, tanınmış maarifçi Teymur bəy Bayraməlibəyov Lənkəranda Müsavatın şöbəsinin ilk sədri seçilmişdi.[22] 

Bolşeviklərə kömək məqsədi ilə 1918-ci ilin ilk günlərindən etibarən "Hümmət” partiyası da Lənkəran qəzasında öz fəaliyyətini genişləndirmək məqsədi ilə qərar qəbul etmişdi.


1918-ci iyununda Akopov onunla birlikdə partiya yaratmaq üçün Bakıdan ezam olunmuş Ryabovla birlikdə hazır gətirdikləri üzvlük blanklarını rus əhalisi, müsəlman əhalisinə divan tutan yerli molokan hərbi birlikləri və Bakıdan göndərilmiş partiya mənsubiyyəti olmayan qırmızı qvardiyaçılar arasında paylayırdılar. Həmin vaxt Lənkəranda "xidmət” edən Osipov xatırlayırdı ki, Lənkərana balaca boylu, uzun saçlı erməni yoldaş Akopov gəlmişdi. O, mənə və Sarokinə 150 ağ kartoçka verdi ki, adamları partiyaya cəlb edək. Privonıdan İsay Qorbunov, Moisey Boçarnikov və Kosenkov gəldilər və onlara təklif edildi ki, partiya özəyi yaratsınlar.[23] 

Yalnız Privolnida Sidomonov, Hayk Arustamov, Sorokin, Lomakin, Maksimov, Borşev və daha bir neçə nəfərdən ibarət bolşevik partiyasının yerli özəyini yaratmaq mümkün oldu ki, özəyin üzvlərinin xeyli hissələri gəlmələr idi. 1918-ci ilin sonuna qədər 60-a yaxın rus subbotniki, molokanı və pravoslav təriqətçisi  bolşevik partiyasına daxil olmuşdu. 1918-ci ildə Muğanın türk əhalisi Akopovun "bolşevik” partiyasına yaxın düşmədi. Lənkəranda isə sona qədər partiya yaranmadı.[24]

 Faykovskinin məlumatına görə Bakı hadisələri zamanı Gürcüstandan gəlmiş qırmızı qvardiya dəstələrini də Bakıda saxlamaq mümkün olmadığı üçün Lənkərana göndərmişdilər. Müzakirələrdə iştirak edən Makarov Faykovskidən soruşanda ki, yerli türklər sizə qoşulmuşdu? Faykovski dedi ki, bizdə bakılı türklər var idi, lakin Lənkəranda bizim dəstəyə cəmi iki türk qoşulmuşdu: Sadıxov və adını unutduğum daha bir aşpaz var idi, onu öldürdülər.[25] 

Əslində, əvvəlcə bolşeviklər Lənkəranın yeli türk və talış  ziyalılarından Əli Məmmədov, Musa Sadıxov, aktyor Mütalib Kələntərli və başqalarını öz təsirlərinə salmağa cəhd göstərirdilər. Lakin hərbi əməliyatlar başlayandan sonra onlar qan tökməyin əleyhinə olub vuruşmayacaqlarını bildirdilər.[26] 

Bakı Kommunasının məğlubiyyətindən sonra Muğan və Lənkəranda qırmızı qvardiya dəstələri ilə əməkdaşlıq etmiş çox az sayda müsəlman "aktivislərinin” aqibəti elə də yaxşı olmadı. Onların bəziləri xalqın töhmətindən qaçıb gizlənə bilsələr də, bəziləri həbs edilmişdi. Musa Sadıxov öz xatirələrində deyirdi ki, Bakı komissarlarının qaçma xəbəri yayıldıqdan sonra hər kəs səngəri qoyub ilk yetişdiyi gəmi ilə qaçmağa çalışırdı. "Biz də gəmi tutub beş gün dənizdə dolanıb Gümüşvala çıxdıq...Bizdə bir gürcü var idi, dedi gəlin bir gəmi ələ keçirib Astarxana qaçağın. Əgər kapitan tabe olmasa öldürəyin onu. Lakin gəmidəkilər bizi tutub 17-ci gəmi dayanacağına təhvil verdilər. Bir neçə dəqiqədən sonra İsrafil xan Talışxanov gəldi və bizi görüb dedi: "Aha bolşeviklər. Mənə 2-3 yumruq vurub dedi ki, bu sən idin orada oyun çıxarırdın? Bizi əkskəşfiyyatda xidmət edən Hidayət Mahmudova təhvil verdilər...Sabahı məni liman rayonuna apardılar. Axşam 4 nəfərlə İsrafil xan gəldi və soruşdu ki, sən hansı millətdənsən? Dedim türkəm. Dedi yox sən türk deyilsən, türk olsaydın evləri yandırmazdın, türk qızlarını ruslara satmazdın və başladı məni döyməyə. 3 gün sonra məni zirzəmidən çıxarıb İsrafil xanın yanına apardılar. Orada 20 nəfər lənkəranlı vardı. Hamı elə danışırdı ki, sanki mən olmasaydım Lənkəran hadisələri olmayacaqdı. İsrafil bəy soruşdu ki, Sadıxovu kim tanıyır? Mənim qonşum İmanverdi Şahbazbəyov dedi ki, mən öz gözlərimlə gördüm ki, Sadıxov 4 rusla hamilə türk qadınını tutub xəncəri onun qarnına soxdular və mən öz gözlərimlə gördüm qadının qarnından  uşaq necə yerə düşdü...Lənkərandan 7 nəfəri həbs edib mənimlə birlikdə zirzəmiyə salmışdılar.”[27] 

Musa Sadıxov belə hesab edirdi ki, qonşuları onu "Ədalət” partiyasının Lənkərana ezam edilmiş nümayəndəsi Bəhram Ağayevlə səhv salırlar. Bolşeviklərin Lənkəran və Astarada azğınlığının sədası İran Azərbaycanına da gedib çatmışdı. Bəhram Ağayev qeyd edirdi: "İran Astarasında olan yoldaşlar mənə  yazırdılar ki, Lənkəranda hakimiyyətin bolşeviklərə məxsus olmasına baxmayaraq, orada kəndliləri çox incidirlər, belə hərəkərər İranda bizim işimizi və nüfuzumuzu sarsıdır”.[28]     

Bakı Sovetinin qarışıq qüvvələrindən ibarət olan silahlı dəstələr Lənkərana gəldikdən sonra "Tatar Süvarı Alayı” tərəfindən şəhərdən qovulmuş, şimala doğru Muğanın rus kəndlərinə sığınmış,  cənuba doğru Astara istiqamətinə və Ənzəliyə çəkilmiş rus və erməni dəstələri yenidən Lənkərana qayıdıb öz azğınlıqlarını davam etdirdilər. Muğanın rus kəndlərində yaradılmış müvəqqəti olaraq bir-birini əvəz edən oyuncaq idarəçilik qurumlarının (Müvəqqəti Muğan Komitəsi, Muğan İnqilab Komitəsi, Muğan İcraiyyə Komitəsi və s.) başlıca məqsədi Muğanı, Lənkəranı türk əhalisindən və dağətəyi ətraf kəndləri talış əhalisindən təmizləmək idi. 1918-ci ilin mayında Bakı Xalq Komissarları Sovetinin fövqəladə komissarı mandatı ilə  Muğana və Lənkərana ezam edilmiş Möhsün İsrafilbəyov (Qədirli) gələnə qədər Bakı Sovetinin erməni daşnak və Qırmızı Qvardiya dəstələri bölgənin müsəlman əhalisindən təmizlənməsi istiqamətində terror aktları həyata keçirmişdilər. "Aleksandr Jandr” gəmisi Lənkərana desant çıxarandan sonra aprel ayının ortalarında Mitinkov başda olmaqla Muğana Beynəlmiləl bölük göndərilmişdi.[29] 

Bakı Soveti tərəfindən Lənkərana yalnız hərbi dəstələr, silah-sursat deyil, eyni zamanda "Aleksandr Jandr” hərbi gəmisində hidroplan da göndərilmişdi. Bu hidroplanlarla Lənkəranı bombalamaq, şəhərin müsəlman əhalisini qorxutmaq məqsədi ilə təcili olaraq Sara adasında aerodrom inşa edilmişdi. Aerodramı mühafizə etmək üçün kiçik gəmilərdə Muğan inqilab Komitəsinin fəallarından Qrankin, Jirkov, Blek və digərləri Sara adasınna göndərilmişdilər.[30] 

280 nəfər silahlı dəstə, 2 top, 3 pulemyot, 1 hidroplanla Lənkərana gəlmiş "Aleksandr Jandr” hərbi gəmisindən az sonra Bakı Soveti tərəfindən Lənkərana növbəti hərbi ekspedisiya "Qırğz” gəmisi ilə yola salınmışdı. Tatar Süvarı Alayı  qüvvələri Nikolayevkanın mühasirəsinə cəlb edildiyi üçün 40 əsgər və zabit, 2 puleymot və 12 benderka ilə Lənkərana desant çıxaran qırmızı qvardiyaçılar 10 qaçqın matros, yerli rusların və digər əlavə qüvvələrin köməyi ilə şəhəri ələ keçirə bilmişdilər. Böyük Bazar istiqamətində şəhərin topa tutulması müsəlman əhalisinin həyəcanına səbəb olmuşdu. Top mərmiləri ağır dağıntılara səbəb olduğu üçün bir gün sonra Böyük Bazar məscidinində ağ bayraq qaldırılmışdı. Keçmiş sərhəd qüvvələri Osten-Saken də daxil olmaqla, məscidin mollası, gimnazist formasında İlyas Axundov əllərində ağ bayraq "Aleksandr Jandr” gəmisinə gəldilər və qırmızı qvardiyaçılar tərəfindən girov götürüldülər. Qvardiyaçılar tələb edirdilər ki, Tatar Süvarı Alayının şəhərdə qalan silah-sursatı, o cümlədən 4 topu onlara verilsin. Girovların göndərdiyi xəbərə uyğun olaraq sulah-sursatı və 4 topu müsəlman əhalinin nümayəndələri sürüyüb sahilə gətirdilər. Bu silahlar hərbi qənimət kimi götürüldü. Polkovnik Osten-Saken "Tatar Süvarı Alayı” və yerli müsavtçılarla danışıqlara tərəfdar olduğu üçün rus monarxist zabitləri onu öldürmək istəyirdi.  Polkovnik Osten-Saken türklərlə münasibətləri gərginləşdirmək istəmirdi və içində bolşeviklərin də ola biləcəyi Bakıdan gələn dənizçilərə çox da inanmırdı.[31] Hətta o, 1917-ci ilin martında Lənkərana gəlmiş "Müsavat” lideri  Məhəmməd Əmin Rəsulzadə ilə görüşüb qəzadakı hərbi və siyasi vəziyyət haqqında ona geniş məlumat vermişdi.[32] Qırmızı qvardiyaçılarının Lənkərana desant çıxarmasından sonra o, həbs edildi.[33] 

Bu gəmilər gələnə qədər artıq Muğanda polkovnik İlyaşeviçin başçılığı ilə silah altında xeyli adam saxlanılırdı. Rus kəndlərində təşkil edilmiş paralel rotalarda xidmət etmiş Matveyev yazırdı ki, "mən Lənkəran dəstəsinin komissarı Qorlinin köməkçisi olmuşam, dəstəyə Orlov rəhbərlik edirdi. Çar ordusu tərxis olunanda mən 1918-ci ilin yanvar ayının 1-də Privolniyə gəldim.  Bu zaman Privolnı, Prişib və digər rus kəndlərində paralel özünümüdafiə rotaları qurulmuşdu. Tərxis olunmuş sərhədçilər silahlarını rus kəndlərinə verirdilər. Silahın bir hissəsi də Lənkərandan, pulemyot və toplar Bakıdan gətirildi. Bu zaman Privolnıda kavaler eskadron istisna olmaqla 500 süngü var idi, İlyaşeviçin komandanlığı ilə bizim dəstədə 700-800 adam var idi. Gözəl günlərin birində Şimali Muğanda Bolqarçaya qədər ərazidə döyüş başladı. Bütün bu ərazilərdə olan rus kəndlərinin əhalisi Prişib, Privolnı, Astarxanovka və Novoqolovkaya yığılmışdı. Ən sonda Qriqoryevka kəndi yandırılmışdı... Biz uşaqlar arasında müzakirə keçirib qərara gəldik ki, Xırmandalı və Bəydilli kəndlərinə zərbə vurmaq lazımdır. Bu 1918-ci ilin qışında idi. Biz başladıq və onların bir hissəsi çala qamışlığına çəkildilər. Biz geri dönəndə Alar kəndini məhv etdik...2-3 gün sonra Muğanın müsəlman kəndlərinin bütün molla və axundları toplanıldı və onlardan tələb edildi ki, bizi Nikolayevka kəndinə buraxsınlar. Biz Bakıdan gələn gəmiləri qarşılamalı idik.”[34]  

Bu yardım gələndən sonra,eyni zamanda general Makarov başda olmaqla Biçeraxovdan əlavə kömək alan  rus kəndlərinin silahlı rotaları Tatar Süvarı Alayı  dəstələrinə qarşı döyüşə başladılar və 3 gün davam edən döyüşdə müsəlman korpusu məğlub oldu və gəmilərdəki silah-sursatın bir hissəsini  alan rus silahlı dəstələri Prişibə döndü.  Əslində, Lənkəranda formalaşdırılan Tatar Süvarı Alayının başlıca məqsədi Salyan üzərindən şimala irəliləyib Bakını yadellilərdən azad etmək idi. Bunu Moskvya məktublarının birində Stepan Şaumyan da xəbərdar edirdi. O, yazırdı ki, Lənkərandan vəhşi diviziya toplarla  Bakının cənubunda Salyana gəlib çıxmışdır.[35]  

Muğana və Lənkərana göndərilən "Beynəlmiləl alaylar”ın tərkibi sinfi əsaslar üzərində qurulmamışdı. Onların içərisində xristian təəssübkeşliyi ilə Muğana göndərilən könüllülər çoxluq təşkil edir. Bəzən elə olurdu ki, Bakı Sovetinin "inqilabi” birlikləri ilə, əksinqilabi əsgər və zabitlər, inqilab və mütləqiyyət tərəfdarı olan könüllülər və hətta monarxistlər eyni gəmidə müsəlman əhalisinə qarşı döyüşmək, rus pravoslavlarını və molokan təriqətçilərini "xilas” etmək adı ilə Muğana yollanırdılar. Yakov Qrankin qeyd edir ki, Bakıdan mən Muğanda milli alay yaratmaq üçün göyərtəsində iki polkovnikin – Pelenkin və Petrovun, habelə zabit heyətindən olan 30 könüllünün olduğu  "Liza Sokolova” gəmisi ilə yola düşdüm. Mənimlə Muğana inqilabi əhval-ruhiyyəli cəbhəçilər də gəlirdilər. Biz Qızılağac kəndindən sahilə çıxıb Teymur bəyin (Bayraməlibəyovun) başçılıq etdiyi Tatar Süvarı Alayı  dəstələrinin mühasirəyə aldığı Nikolayevka kəndinə gəldik, Teymur bəy bizi tərksilah etmək istəsə də, biz silahları təhvil vermədik və Nikolayevkadan yan keçib Prişibə doğru hərəkət etdik. Lakin polkovnik İlyaşeviçin dəstələri köməyə gəldiyi üçün biz inqilabi əhval-ruhiyyəli könüllülərlə geri qayıdıb Nikolayevkanı mühasirəyə almış Tatar Süvarı Alayını darmadağın etdik.[36] Bakıdan göndərilən hərbi  "könüllülərin” və Muğandakı rus birliklərinin müxtəlif tərəflərdən hücumu nəticəsində Tatar Süvarı Alayı  dəstələri geri çəkildi və aprel ayının 13-də Lənkəran şəhəri işğalçıların nəzarətinə keçdi.  Bundan sonra hadisələrin şəhərətrafı kəndlərə divan tutulması ilə müşayiət edilən daha qanlı bir mərhələsi başlandı.

Lənkəran ələ keçirildikdən sonra hər rəngdən olan Sovet qvardiyaçıları Astara istiqamətində hücuma keçdilər. Bakı cəbhəsindən Lənkərana göndərilmiş pulemyotçu Petrov qeyd edir ki, "Astara istiqamətində birinci olaraq Şaxramanovun dəstəsi döyüşə başladı. May ayında biz Lozovun başçılığı ilə Şahağacı, Xolodovun başçılığı ilə Astaranı tutmuşduq və orada Xan evində qalırdıq. Sonra Kakalosu tutduq və Pensərə hücum etdik, lakin orada çox qala bilmədik və Kakalosa qayıtdıq. Mənim ikinci pulemyotçu yoldaşım Kasparov idi. O, döyüşdə öldü.”[37]  Astarının tutulması əməliyyatında Aran Sarkisov, Qaregin Safaryan, Karapet Miskaryan, Levon Mirumov, Koçetkov, Malinovski, "Petux” ayamalı Petya və digərləri xüsusi ilə fərqlənmişdilər.  Astaradan sonra Osipovun dəstəsi Ərçivanı tutmuşdu və sentyabrın sonuna qədər orada möhkəmlənmişdi.[38] 

Türkiyə cəbhəsindən Lənkərana göndərilmiş Korotkov da Astara, Alaşa və Pirəsora istiqamətində ağır döyüşlər getdiyini etiraf edirdi.  O qeyd edir ki, Lənkərandan komissar gəldi və bizə 40 nəfərlik əlavə kömək gətirdi və dedi ki, "siz matroslar indi göydəki ulduzlara da bəs edərsiniz”. Bundan sonra biz Pirəsoraya hücum etdik, amma oranı ala bilmədik. Bizdə məlumat var idi ki, bu ərazidən Ərdəbildəki türklər Bakıya hücum edən türklərə kömək göndərmək istəyirlər və biz bunu önləməli idik.[39]  Pominov öz xatirələrində qeyd edirdi ki, inqilabi ideyalarla Lənkərana gəlmiş Faykovski və Şevkunovun dəstələri "Lənkəran ətrafındakı türk kəndlərini soyğunçuluğu ilə məşğul idi. Ona görə Fövqəladə komissar İsrafilbəyovun tələbi ilə onlar həbs edildilər.”[40] 

Astara dəstəsinin başçısı Osipov yerli əhaliyə münasibətdə hər cür alçaldıcı vasitələrdən istifadə edirdi. Şahid ifadələrində deyilirdi ki, o, "tapançanın təhdidi altında dindar türkün (Zaxaryan və digərləri yerli şəraiti və etnik mənzərəni yaxşı bilmədiyi üçün Astarada yerli əhalini türk kimi təqdim edirdi, lakin məlum olduğu kimi Astarada əhalinin çoxunluğu etnik baxımdan talış idi – C.H.) saqqalını qırxmağa məcbur etmişdi və bu hərəkət türk əhalisinin bizə qarşı təbii hiddətinə səbəb olmuşdu. Dindar türkün saqqalını qırxmaq başını kəsməkdən daha betər idi. Belə şeylər milli ədavəti qızışdırıdı.”[41]  

Sidomonov Sevkunovun dəstəsinin vəhşilikləri haqqında deyirdi ki, türk əhalisini terror edən Şevkunovun dəstəsi cəzasız olaraq türkləərin güllələndiyi məxsusi kazarmalar saxlayırdılar, Mən Şevkunovun dəstəsinin kazarmasına özüm baxanda gördüm ki, divarda salamat yer yox idi, divar başdan-başa güllə yerləri idi.[42] Müxtəlif qüvvələr arasında Lənkəranda hakimiyyət uğrunda mübarizə o qədər gərgin xarakter almışdı ki, bəzən şəhərin hər məhəlləsində bir-biri ilə döyüşən kiçik "hökumətçiklər” fəaliyyət göstərirdi.  

Ardı var

 
_________________________________________________________________________________
 
_________________________________________________________________________________________________
 
[1] Bax: Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 11.

[2] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Faykovskinin xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.73

[3] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Sidomonovun xatirələri). 06.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.108

[4] Азербайджанская Демократическая Республика. Архивные документы Великобритании. Научный редактор и автор предисловия Махмудов Я. Составитель Максвелл Н. Баку, 2011, с.285

[5] Bax: Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin partiya tarixinə dəstək verən Azərbaycan qrupunun toplantısında Suren Şaumyanın məruzəsi.11.07.1927.// Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi (RDSSTA), f.84, s.3, i.283, v.61.

[6] Bax: Бакинский рабочий, 1918, 7 июля

[7] Yakov İvanoviç Qrankinin 1917-ci il Muğan hadisələri haqqında xatirələri. // ARPİİ SSA, f.268, s.23, i.163, v.9-10 

[8] Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 51.

[9] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Filinin xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.39-40

[10] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Ponomoryevin xatiələri). 07.10.1931. // ARPİİ SSA, f.456, s.18, i.30, v.56

[11] İ.M.Şabanov. Lənkəran hadisələri haqqında xatirələr. // ARPİİ SSA, f.268, s.23, i.673, v.4

[12] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Musa Sadıxovun xatiələri). 02.10.1931. // ARPİİ SSA, f.456, s.18, i.30, v.16

[13] Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 24.

[14] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Donskoyun xatiələri). 02.10.1931. // ARPİİ SSA, f.456, s.18, i.30, v.31-40

[15] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Faykovskinin xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.74; Əlavə məlumat üçün bax: Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 10.

[16] Lənkəranda müsavatçıların əksinqilabi çıxışının yatırmasında iştirak etmiş Bakı hidro-aviasiya xidmətçilərinin xatirələrinin stenoqramı (təyyarəçi Mixail Romanovun xatirəsi). 22.05.1934. // ARPİİ SSA, f.456, s.18, i.31, v.10-1

[17] Bax: Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Faykovskinin xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.75

[18] Bax: А.А. Привольный. Над Муганью Зарево Октября. Баку, Азернешр, 1979, c.44

[19] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Faykovskinin xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.76

[20] Bax: Zülfəli İbrahimov. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər). Bakı, Azərnəşr, 1957, s.406

[21] Bax: Açıq söz, 1917, 20 dekabr

[22] M.Ə.Rəsulzadənin 1917-ci ilin mart ayında Lənkəran və Astaraya 4 günlük səfəri barədə geniş məlumat üçün bax: M.Ə.Rəsulzadə. 4 gün xəlq içində.// Açıq söz, 1917, 24, 29, 31 mart, 4 aprel; Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. IV cild (1917-aprel 1918). İkinci nəşri. Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. Bakı, "Təhsil”, 2014, s.83-97;  Kamran İsmayılov. 1918-ci ildə Lənkəran bölgəsində erməni silahlı birləşmələrinin cinayətləri Azərbaycan xalqına qarşı soyqırım siyasətinin tərkib hissəsi kimi. // Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi əsərləri. Xüsusi buraxılış, 2017, № 64,65,66, s.84

[23] Bax: Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Osipovun xatirələri). 21.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.161

[24] Bax: Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Sidomonovun xatirələri). 06.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.151

[25]  Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Faykovskinin xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.79

[26] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Axundzadənin xatirələri). 27.04.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.57

[27] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Musa Sadıxovun xatiələri). 05.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.123-125

[28] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Bəhram Ağayevin xatiələri). 06.10.1935. // ARPİİ SSA, f.268, s.23, i.325, v.3

[29] Yakov İvanoviç Qrankinin 1917-ci il Muğan hadisələri haqqında xatirələri. // ARPİİ SSA, f.268, s.23, i.163, v.1 

[30] Yenə orada, v. 3

[31] Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 10.

[32] Bax: Açıq söz, 1917, 24 mart

[33] Bax: А.А. Привольный. Над Муганью Зарево Октября. Баку, Азернешр, 1979, c.34

[34] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (S.Matveyevin xatirələri). 02.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.202-204; Əlavə məlumat üçün bax: Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 12.

[35] Bax: Большевики в борбе за победу социалистической революцюю в Азербайджане. Баку, 1957, с.348

[36] Yakov İvanoviç Qrankinin 1917-ci il Muğan hadisələri haqqında xatirələri. // ARPİİ SSA, f.268, s.23, i.163, v.2

[37] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Petrovun xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.30

[38] Lənkəran və Muğanda Sovet hakimiyyətinin qurulması haqqında Aran Sarkisovun xatirələri. 15.01.1957. // ARPİİ SSA, f.268, s.23, i.571, v.3

[39] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Korotkovun xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.35

[40] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi ( Pominovun xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.108

[41] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (doktor Zaxaryanın  xatiələri). 07.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.64

[42] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Sidomonovun xatirələri). 06.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.151