1918-ci il: Lənkəran və Muğan od içində (III hissə)

1918-ci il: Lənkəran və Muğan od içində (III hissə)

31-03-2020 17:59 / Bu xəbər 1882 dəfə oxundu

Cəmil Həsənli
Tarixçi alim
 
Lənkəran qəzası inzibatı baxımdan beş polis dairəsinə bölünmüşdü.  

Mərkəzi Lənkəran şəhəri olan Lənkəran, mərkəzi Astara kəndi olan Astara, mərkəzi Lerik kəndi olan Zuvand, mərkəzi Nikolayevka kəndi olan Ərkivan və Mərkəzi Prişib kəndi olan Səbidəşt polis dairələri 65 kənd cəmiyyətini və 9 köçəri çəmiyyətini əhatə edirdi. Burada bir məsələyə də aydınlıq gətirmək lazımdır. İstinad edilən arxiv sənədlərinin bir çoxunda, xüsusi ilə qeyri-müsəlman hadisə iştirakçılarının xatirə, arayış və hesabatlarında qarşılaşdıqları yerli əhali əsasən türk, bir sıra hallarda isə tatar kimi təqdim edilir. 

Bunun birinci səbəbi onunla bağlı idi ki, "inqilabı” ideyalarla Lənkəran qəzasına gələn və bölgəni ağ və ya qırmızı Rusiyanın "arxa cəbhəsinə” çevirmək istəyən hər rəngdən olan yadellilərin yerli etnik mənzərə haqqında təsəvvürləri çox məhdud idi. 

İkinci səbəbi ondan irəli gəlirdi ki, XIX əsrdə Lənkərə qəzasına köçürülmüş rus ortodoks və təriqətçi (Molokan, subbotnik, pyatidesyatniklər və digərləri) xristian əhalinin 80 faizindən çoxu Muğan düzündə yerləşdirildiyindən onlar üçün istənilən müsəlman "tatar” idi. Üçüncü başlıca səbəbi isə qəzanın Lənkəran dairəsinin kəndləri əsasən talış əhalisindən  ibarət olsa da, hadisələrin kəskin cərəyan etdiyi dairənin mərkəzi olan Lənkəran şəhərinin əhalisinin böyük çoxluğu  türklərdən ibarət idi.1897-ci əhali sayımına görə Lənkəran şəhərində 8733 nəfər əhali yaşayırdı. Bunun 5600 nəfəri (64,12 faizi) tatar, yəni türk, 1277 nəfəri (14,62 faizi) rus, 973 nəfəri (11,14 faizi) talış, 299 nəfəri (3,42 faizi) erməni və digər millətlərin nümayəndələri idilər.[1] 20 il ərzində (1897-1917)  dairənin və qəzanın mərkəzi şəhəri kimi Lənkəran şəhərində əhalinin artımında ciddi dəyişiklik olsa da, etnik mənzərənin nisbətindəki dəyişikliklər cüzi idi. Əgər sovetləşmədən sonra 20-ci illərin sonunda bu dinamikaya diqqət yetirsək, aydın olur ki, Lənkəran qəzasının ləğvindən sonra onun yerində yaranan Lənkəran rayonun əhalisinin 83 faizi talış, 12 faizi türk, 3 faizi rus, 2 faizi isə digər millətlərin nümayəndələri olub. Lakin rayonun mərkəzi kimi Lənkəran şəhərində əhalinin 78 faizi türk, 4 faizi talış, 12 faizi rus, 6 faizi isə digər millətlərin nümayəndələri idi. Qəzanın ləğvindən sonra yaranan Astara rayonun əhalisinin 82,6 faizini talışlar, 11,5 faizini türklər, 5,5 faizini ruslar, 0,4 faizini isə digər millətlər, Masallı rayonun əhalisinin 64,7 faizini türklər, 32,9 faizini talışlar, 2,4 faizini digər millətlər, Astraxanbazar rayonun əhalisinin 75,9 faizini türklrə, 18,6 faizini ruslar, 5,5 faizini digər millətlər, Zuvand (Lerik) rayonun əhalisinin 87,5 faizini talışlar, 12,5 faizini türklər, Vərgədüz (Yardımlı) rayonun əhalisinin  99,6 faizini türklər, 0,4 faizini digər millətlər təşkil edirdi.[2]



Doktor İsrafilbəyov (Qədirli) 1918-ci ilin mayın əvvəlində Lənkərana və Muğana səfər edən zaman Səbidəşt, Ərkivan və Lənkəran dairələrində əhalinin yuxarda qeyd edilən etnik mənzərəsini nəzərə alırdı. Bu missiyanı həyata keçirmək üçün o, "Hümmət” təşkilatının Bakı komitəsindən tapşırıq, Bakı Sovetindən isə xüsusi Fövqəladə komissar mandatı almışdı. Səfərdə məqsəd bütövlükdə Lənkəran qəzasında, o cümlədən  Muğandakı vəziyyəti öyrənmək, qəza əhalisi içərisində kütləvi təşviqat işləri aparmaq, ən başlıcası isə "bir-biri ilə düşmənçilik edən iki millətin – türklərin və rusların barışığına nail olmaqdan” ibarət idi.[3] Muğana yola düşməzdən əvvəl Şaumyan onu öz evində qəbul edib xüsusi tapşırıqlar vermişdi ki, Lənkəran qəzasında, o cümlədən Muğanda  bolşevik təşkilatının mövqeyinin nə qədər möhkəm olmasını öyrənsin, artıq Muğanda fəaliyyətə başlamış Ərzaq komitəsinin rəsmi nümayəndəsi Bekzadyana hərtərəfli yardım etsin.

Bakıda çörək məsələsi kəskin xarakter aldığı üçün hətta bir neçə gün əhali çörək əvəzinə qoz-fındıq ləpəsi ilə qidalanmış və taxıl promlemini həll etmək üçün Bakı Xalq Komissarları Soveti Lənkəran qəzasını, özəlliklə Muğanı nəzarətə götürməyə qərar vermişdi. Hələ taxıl biçini ərəfəsində Şaumyan 1918-ci ilin may ayının 14-də Moskvya göndərdiyi teleqramda yazırdı ki, "Lənkəran qəzasında məhsul olduqca çoxdur. Onun əhaliyə lazım olandan əlavə hamısı Bakıya göndərilməlidir. İndi orada bizim silahlı dəstələrimiz əkinləri qoruyur və məhsul yığımına hazırlıq işləri aparılır.”[4] Bunu Bakı bolşevikləri onunla əsaslanırırdılar ki, guya "Muğanın görünməmiş məhsulunu” yerli əhali öz gücü ilə yığmaq imkanına malik olmadığı üçün ora "kömək” göndərilmişdir.[5] Ərzaq komissarı Alyoşa Çaparidzeyə görə Lənkəran və Cavad qəzalarının bol taxıl məhsulunu yığmaq üçün əkinçi və biçinçi deyil,  ordu lazım idi.[6] Taxıl üçün Muğana ezam olunanlardan biri kimi Şaxramanov qeyd edirdi ki, "Bakıda Sovet hakimiyyəti möhkəmləndirildikdən və müsavatçılar tamamilə darmadağın edildikdən sonra daşnak hissələrindən formalaşdırılmış bizim batalyon Muğana göndərildi. 1918-ci ildə Bakının çörəyə çox ehtiyacı var idi. Çörək məsələsi Bakıda hər şeyi həll edirdi. Əgər Bakı çörəklə təchiz olunsaydı, əminəm ki, 1918-ci ildə belə kəskin böhran ola bilməzdi.  Ona görə Sovet hakimiyyətinin taleyi Muğandakı məhsuldan asılı idi...Bakıdan gələn hər kəs deyirdi ki, Bakıda aclıqdır. 1918-ci ildə Muğanda yaxşı məhsul var idi. Məhsulun realizasiyası komissiyasına sağ eser Suxarikov başçılıq edirdi və o, Bakıya gerçək köməyə imkan vermirdi. Məhsul yola salınırdı, amma Bakıya çatmırdı.”[7] Bunu Qriqori Arustamov da öz xatirələrində qeyd edir. O yazır ki, "eserlərin öz böyük qüvvələrini Bakıdan Muğana atması təsadüfü deyildi. Bu onunla izah edilir ki, Muğan həmin dövrdə yeganə mərkəz idi ki, Bakını çörəklə təmin edirdi. Eserlər bunu çox gözəl bilirdilər, onlar Muğanın təbiətini və iqtisadiyyatını çox gözəl bilirdilər və zamanında, düşünülmüş şəkildə başında Suxarikov dayanan Bakının çörəklə təmin edilməsi aparatını, məhsulun realizasiyayası üzrə komissiyanı  öz əllərinə almışdılar.”[8]



Doktor İsrafilbəyov da 6 nəfərlik bir heyətin (Məmmədxan Məmmədxanov, Şəfi Əliyev, Baba Əlimanov, Səid Babayev, Qurban Hüseynov, Nəbi Baxtamov və Molla Əhməd Haşımov) müşayiəti ilə Lənkərana məhz bu məqsədlə yola düşmüşdü. Lakin onları aparan gəmidə matroslar İsrafilbəyovun dəstəsini tərksilah etmək istəyirdilər. O, Bakı Sovetinin fövqəladə komissarı kimi xüsusi mandatla Lənkərana getdiyini izah etsə də, «dərindən hiddətlənmiş matrosların fikrincə, axı necə ola bilərdi ki, türk qırmızı qvardiyaçı olsun və türkə necə silah etibar etmək olardı?”[9]  Yalnız İsrafilbəyovun bütün gecəni izahatından sonra və Muğan hadisələrində fəal rol oynayan sol eser Kropotovun müdaxiləsində sonra insidentsiz ötüşmək mümkün olmuşdu.

Lənkəranda İdrafilbəyov ilk olaraq Kiçik Bazarda müsəlman əhalisinin ümumi toplantısını keçirib şəhərdə Sovet hakimiyyətinin bərpa edilməsi, ətraf kəndlərdə sovetlərin yaradılması məsələsini qoydu. Bunun başlıca səbəbi onunla bağlı idi ki, İsrafilbəyovun qənaətincə Lənkəranda və Muğanda hakimiyyət eserlərin əlində idi və ona Muğandan olan keçmiş müəllim Suxarikov, Şevkunov və İlyaşeviç rəhbərlik edirdilər. Əlbəttə, bu daha çox eserlərin kəndli partiyası olması ilə bağlı idi və xüsusən Muğanda cərəyan edən hadisələrin mərkəzində bolşeviklər deyil, məhz eserlər dayanırdılar. Bakıdan ərzaq məsələsi ilə bağlı Bekzadyanın ezam edilməsinə baxmayaraq,  Muğanda ərzaq tədarükü işi eserlərin əlində idi. Muğan və Lənkəranda Müsavat və Tatar Süvarı Alayına qarşı müqaviməti təşkil edən də bilavasitə eserlər idi. 

Doktor İsrafilbəyov Lənkərana gəlib Talışxanovların xan sarayında yerləşəndə Yeddioymaqda Suxarikovun dəstəsi ilə Sultan bəy Qulubəyovun milli qüvvələri arasında qızğın döyüşlər gedirdi. Bolşeviklərin Lənkəranda İosif Saratikov və doktor Zaxaryandan ibarət  kiçik bir özəyi var idi ki, onlar da çox vaxt gizli fəaliyyət göstərirdilər. Zaxaryan özü də Lənkərana Türkiyə cəbhəsindən gəlmişdi və qeyd edirdi ki, "mən 1917-ci ilin sonunda Bakıya cəbhədən gəlmişdim. Mən Bakıya gələndə vətəndaş müharibəsinin qızğın vaxtı idi. Mart hadisələri günlərində mən Bakıda həkim təşkilatlarının cəmiyyətin yaratmışdım. Çaparidze mənə dedi ki, doktor Bakıda vəziyyət ağırdır, Lənkərana gedib taxıl məhsulun toplamaq lazımdır. Mən mayın 5-də Lənkərana gəldim və mənə Toğra xanım Talışxanovanın evində otaq verdilər.”[10] Hələ doktor Zaxaryanın gəlişinə qədər bu dəbdəbəli malikanəni tutmuş qırmızı qvardiyaçılar "inqilabın dərinləşməsi" naminə sarayın yumşaq mebellərini süngüləri ilə dəlik-deşik edir, büllur çilçıraqları və Venesiya güzgülərini vəhşi qəhqəhənin sədaları altında öz aralarında bölüşdürmüşdülər.[11] Privolnı kənd sakini Donskoy deyirdi ki, ilk döyüş zamanı türk kəndlərini dağıdırdılar və qarət edirdilər. Qarətçilik (daha çox "Qırmızı Qvardiya”çıların "döyüşçüləri” tərəfindən - C.H.) geniş inkişaf etmişdi, kəndləri yandırır, sonra da hər şeyi yağmalayır, daşıyıb aparırdılar.”[12]  May ayının ilk günlərində 1-ci və 2-ci qırmızı batalyonların Lənkərana gəlməsi və Bakı Kommunasının məğlubiyyətindən sonra Şamaxı cəbhəsində öz qəddarlığı ilə seçilən polkovnik Avetisovun "Bakı inqilabı bölüyünün” və erməni polkovnik Makarovun dəstəsinin şəhərdə peyda olması qvardiyaçıların mövqelərini xeyli gücləndirdi. Bu dövrdə Lənkəran və Muğanda İlyaşeviçin 10 min, polkovnik Makarovun 3 min, polkovnik Avetisovun isə 2 min nəfərlik silahlı dəstəsi fəaliyyət göstərirdi və onların son məqsədi Bakını tutmaq idi.[13] Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının 1918-ci il mart qırğınları ilə bağlı topladığı materiallar içərisində ermənilərin Lənkəranda törətdikləri vəhşiliklər haqqında şahid ifadələri yer də alıb. Şahid Xədicə İsmayıl qızı komissiyaya verdiyi ifadədə bildirirdi ki, Bakının alınması ərəfəsində  Lənkərana 2000 erməni əsgəri gələrək özbaşınalıqlar etməyə və yerli əhaliyə divan tutmağa başladı. Onlar yeməkxanalara girərək yeyib-içir və pul vermədən çıxıb gedir, aldıqları çörəyin pulunu ödəməkdən imtina edirdilər. Sonra onlar türklərdən müdafiə olunmaq üçün müsəlmanları səngərlər qazmağa məcbur edirdilər. Hətta iş o yerə çatmışdı ki, ermənilər müsəlmanlara məhərrəmlik günlərində öz təziyələrini keçirməyə belə mane olurdular. Müsəlmanlar öz dini ayinlərini yerinə yetirmək məqsədilə məscidlərdə toplaşdıqları zaman ermənilər məscidlərə soxularaq onları qarət etmiş, sonra isə yandırmaq istəmişdilər. Lakin gürcülər buna mane olaraq məscidi qoruya bilmişdilər. Bu zaman erməni əsgərləri bir müsəlman qadınını da öldürmüşdülər.”[14]

Bakı Xalq Komissarları Sovetinin formalaşdırdığı 2-ci batalyon 1918-ci ilin mart ayının sonu – aprelin əvvəlində formalaşdırılıb Port-Petrovskiyə göndərilmişdi. Təxminən bir aydan sonra batalyon Bakıya çağırıldı və may ayının sonlarında Lənkərana göndərildi. Şəhərə çatan kimi batalyonun bir hissəsi Astara cəbhəsinə atıldı.[15]  Lənkəranda xidmət edən Mxitaryan yazır ki, bu batalyonların gəlişindən sonra biz Lənkəranda Sovet Hakimiyyəti qurmaq barədə fikirləşməyə başladıq. Onun fikrincə bu prosesdə Vanilov, Melnikov, Arustamov, Faykovski fəallıq edirdilər. Mxitaryan daha sonra Muğanda İcraiyyə Komitəsi təşkil etdiklərini və onların dəstəsindən komitəyə Arustamovla Qraçevin daxil olduğunu bildirirdi. Taxıl məhsulunu toplayan komissiya məhz bu komitəyə tabe idi.[16]



 Qriqori Arustamovun məlumatına görə Lənkərana 3 dəstə göndərmişdi. O, deyirdi: "xüsusi olaraq toplanmış dəstənin rəisi daşnak Qəhrəmanov idi. Birinci dəstə əsasən erməni milli hissələrindən və eser birliklərindən ibarət idi. Qəhrəmanov millətçi xətt aparırdı. Onun istər Bakıda, istərsə də Lənkəranda bütövlükdə fəaliyyətinin zirvəsi ermənilər və türklər arasında düşmənçilik yaymaqdan ibarət idi.”[17]  Əsasən daşnaklardan ibarət olan bu dəstə türk əhalisinə qarşı o qədər azğınlıq edirdi ki, 1918-ci ilin mayında bir sıra bolşeviklər onun geri çağırılması haqqında Bakıya müraciət etmişdilər. 1918-ci ilin mart ayında Bakı küçələrində, xüsusi ilə Suraxanıda, Xırdalanda türk əhalisinə qarşı qəddarlıq törətmiş Qəhrəmanovun dəstəsi eyni dəsti-xətti Lənkəranda da həyata keçirirdi. Arustamov yazır: "Biz Lənkəranda gördük ki, bu dəstə türk kəndlərindən talan etdikləri qənimətləri necə bölüşdürürlər: "Güzgü mənim”, bu sənin...Biz Bakıya məktub yazdıq ki, bu dəstəni geri çağırsınlar, hətta özümüz Bakıya getdik, Çaparidze və Qamışevin (Qaybışev olmalıdır – C.H.) yanında olduq, dedik ki, bu dəstə soyğunçuluqla məşğul olur. Yalnız may ayının sonunda onlar geri çağırıldılar. Xatırlayıram, bu açıq-aydın daşnak hissəsi idi.” [18]

Lənkərana çatdığı ilk axşam Möhsün İsrafilbəyov təcili toplantı çağırdı. Elə də xoş olmayan bir ortamda o, hansı məqsədlərlə və hansı mandatla qəzaya gəldiyini izah etdi, şəhərdə çox qala bilməyəcəyini, Muğanın kəndlərinə səfər edəcəyini  bildirdi. Təcili müşavirədə aydın oldu ki, Lənkəran qəzasında ərzaq məsələsi gərgin xarakter alıb, əhali, xüsusiylə müsəlman əhalisi həyacan içindədir.  Özünün yazdığına görə Lənkərana  gəldiyi gündən İsrafilbəyovun "dəftərxanası demək olar ki, əməkçi türk və rus əhalisinin” şikayətçiləri ilə dolu olurdu. Onun Lənkərandan Muğana səfəri qəzanın müsəlman əhalisinin müdafiəsində mühüm rol oynayan Toğra xanım Talışxanovanın  dördnəfərlik açıq karetası (lando) ilə başladı. Doktor Zaxaryanla yola çıxan bu dəstəyə Nikolayevkada sol eser Fyodor Matveyev də qoşuldu. Prişibin mərkəzində  İsrafilbəyov rus əhalisinin qarşısında Oktyabr inqilabının əhəmiyyəti və Sovet hökumətinin zəhmətkeş kütlələri müdafiə etməsi haqqında geniş məruzə ilə çıxış etdi. Elə oradaca molokanların nümayəndələri bildirdilər ki, onlar Sovet hakimiyyətinin nə olduğunu təsəvvür etmirlər və polkovnik İlyaşeviçin hakimiyyətindən başqa hər hansı bir hakimiyyəti tanımırlar.[19] 

İsrafilbəyov məsələyə sinfi mövqedən yanaşaraq bu əhval-ruhiyyəni Talışxanovların, Qulubəyovların və digər xan-bəy "yığının”  rus molokanlarına qarşı fəaliyyəti ilə izah etməyə çalışırdı. Lakin o, mülkədar hesab etdiyi elementlərin mitinqdəki çıxış və replikalarından başa düşdü ki, "əgər imkan əldə etsələr onlar, (yəni molokan mülkədarları  - C.H.) qalan rus kəndlərinin silahlı qüvvəsi ilə hərəkət edib türk əhalisindən intiqam alamağa hazırdırlar.” İsrafilbəyov yazırdı: "Görünür bizim gəlişimizə qədər polkovnik İlyaşeviçin rəhbərliyi altında onun hərbi  hissələri rus əhalisinin müsəlman əhalisi üzərində qələbəsində qalib obrazı yarada bilib.”

 Lakin İsrafilbəyovun sülh yaratma cəhdləri ciddi bir nəticə vermədi. Onlar Muğandan Prişibə dönəndə Astarxanbazarın (Astarxanbazar rayonu həmin vaxt Səbidəşt sahəsi adlanırdı – C.H.) bir qrup rus kəndliləri onların qarşısında tələb qoydu ki, müsəlmanlar silahı təhvil vermədən biz sakit ola və türk əhalisini qayda-qanuna çağırmayan hər hansı bir hakimiyyəti tanıya bilmərik.[20] Astarxanbazar ərazisində Böyükxan adlı dəstə başçısı İsrafilbəyovu müşayiət edirdi və o, taxıl biçini vaxtı yurd-yuvasından qovulmuş müsəlman qaçqınların öz kəndlərinə qaytarılmasın Fövqəladə komissardan xahiş edirdi. İsrafilbəyov hesabatında yazırdı: "Böyükxan gözlərində yaş dedi ki, mənim nəyim var idisə, bu yoxsul adamlara vermişəm. Onun öz dəyirmanı vardı və özünün bütün ehtiyatını paylamışdı.” [21]

Muğanda dəhşətli mənzərə yaranmışdı. Yurd-yuvasından didərgin düşmüş müəlman əhalisi, türk kəndlərinin sakinləri səfalət içində idilər. Türk kəndlərinin bir hissəsi dağlara sıxışdırılsa da, Muğanda qalan hissəsi tanınmaz hala düşmüşdü. Muğana sfər zamanı İsrafilbəyovu müşayiət edən doctor Zaxaryan ediraf edirdi ki, yol böyü biz acınacaqlı dəhşətlə qarşılaşırdıq, qarşılaşdığımız kəndlilər ot-ələf yediklərindən insan sifətini itirmişdilər və güclə sürünürdülər. Biz adamlara izah edirdik ki, "əgər Fəhlə Deputatları Soveti bu qəzanı türk yoxsullarının vətəni hesab etməsəydi, onda heç vaxt türkü bura rəis (komissar) kimi göndərməzdi. Buranı sizin vətəniniz hesab etdiyi üçün və türk yoxsulların belə məhrumiyyətlərə dözə bilməməsi ilə hesablaşaraq Sovet bizi bura göndərmişdir.”[22]

Gecəni Astarxanbazarda qalan İsrafilbəyovun dəstəsi səhəri Andreyevka və Pokrovkaya baş çəkib, ruslar tərəfindən dağıdılmış Güllü kəndindən Bilasuvara – polkovnik İlyaşeviçin qərargahına getdilər. Biləsuvara doğru bütün molokan kəndləri Muğanın "qəhrəmanlarından” sayılan leytenant Boris Xoşiyevin nəzarətində idi. Xoşiyev Muğanda o qədər məşhurlaşmışdı ki, onun haqqında əfsanələr dolaşırdı. Onun Şahsevən basqınlarından "müdafiə” məqsədiylə yerli müsəlmanlardan yaratdığı "Süvari tatar eskadronu” Muğanda "beynəlmiləllçilik” örnəyi kimi təqdim edilirdi.[23] Mayın 24-də Biləsuvar ətrafı türk və rus kəndlərinin nümayəndələrinin iştirakı ilə kəndli konfransı keçirildi. Bu Biləsuvarla yanaşı Səbidəşt və Ərkivan sahələrinin kəndli depuatları sovetinin ilk qurultayı idi. Orada doctor İsrafilbəyov geniş nitq söylədi. Biləsuvar qurultayında  polkovnik İlyaşeviç də çıxış edib dedi ki, qarşıqlığa son qoymağın vaxtıdır. Orada Fövqəladə komissar İsrafilbəyov, Lənkəran şəhəri və onun ərafının inqilabi müdafiə komitəsinin üzvü doktor Zaxaryan, Lənkəran qəza komissarı Matveyev, bütün Muğan ordularının rəisi polkovnik İlyaşeviçin imzaladığı aktda qeyd edilirdi ki, Lənkəran qəzasının bütün müsəlman içtimaiyyəti dövlət hakimiyyəti və əməkçi xalqın iradəsinin ifadəçisi kimi təcili olaraq Sovet hakimiyyətin tanımalıdır; Bütün silah və sursatlar təcili olaraq Sovet hakimiyyətinə təhvil verilməlidir; Sovet hakimiyyəti əleyhinə bütün əksinqilabi cəhdlərə, silahlı çıxışlara təcili olaraq son qoyulmalıdır; Hökumət qüvvələrinin sərhəd məntəqələrinə  azad   buraxılmasına təminat verilməlidir;  Muğanın rus və müsəlman kəndləri mayın 20-də (köhnə təqvimlə) taxıl yığımına başlamasalar, bu məsələ Sovet hakimiyyətinin sərəncamına keçəcək; Kim tərəfindən olmasından asılı olmayaraq bu qərarın pozulması Sovet hakimiyyətinin iradəsinə qarşı soyğunçuluq, təxribat, cinayət  kimi qiymətləndiriləcək və güllələnmə cəzasına qədər hərbi dövrün ən sərt qanunları ilə cəzalandırılacaq. [24] Akt bütövlükdə Muğanın müsəlman əhalisinin tərksilah edilməsinə və onların biçin ərəfəsində olan taxıl sahələrinin inzibatı yolla Bekzadyan başda olmaqla Bakı Xalq Komissarları Sovetinin bölgədəki ərzaq komitəsinin nəzarətinə keçməsinə yol açırdı. Çünki Bekzadyan böyük həcmdə Kerenski pulu ilə Muğana gəlmişdi və dəyərdən düşən bu pula da orada taxıl satan yox idi.

Əslində, İsrafilbəyovun Biləsuvara gəlişi həm də onunla bağlı idi ki, Lənkərana nəzarət edən eser Suxarikov Bakıya taxıl göndərilməsinə etiraz etmişdi. Həmin danışıqlarda iştirak etmiş Şirəli Axundov yazır ki, "Qədirli mənimlə birlikdə Suxarikovun yanına getdi və xahiş etdi ki, o, taxıl və ərzağın Bakı fəhlələri üçün göndərilməsinə icazə versin. Lakin Suxarikov icazə vermədi və bildirdi ki, buna ancaq polkovnik İlyaşeviç icazə verə bilər. Ona görə biz Biləsuvara İlyaşeviçin yanına getdik.”[25] Doktor İsrafilbəyovun Muğana səfərinin geniş Sovet quruculuğana səbəb olması və guya Muğanın müsəlman kəndlərində Sovetlərin qurulması haqqında hətta "Pravda” qəzeti təntənəli məlumatlar dərc etsə də, lakin bu məlumatlar həqiqətə uyğun deyildi və Muğanın dağıdılmış müsəlman kəndlərində Sovetlərin qurulması reallıqdan uzaq idi.[26]

Biləsuvardan dönərkən İsrafilbəyov və onu müşayiət edən şəxslər Pirvolni kəndi üzərindən Nikolayevka kəndinə gəlib gecəni bolşeviklərə yaxın olan sol eser Fyodor Matveyevin evində qaldılar. O, öz hesabatında yazır: "Biz gecəni Fedya Matveyevin evində qaldıq. Onun qoca anası və 13-14 yaşlı bacısı vardı. Səhər tezdən Matveyevin bacısı özünü mənim yatdığı otağa atıb yalvardı ki, doctor kömək edin Fediyanı güllələyirlər. Mən tez kəndin kənarına gedib gördüm ki, 15-20 nəfər silahlı adam onun əl-qolunu bağlayıb güllələməyə hazırlaşırlar. Formalarından tanıdım ki, bunlar İlyaşeviçin "inqilabı ordusundan” deyil, bizim Bakıdan Lənkərana göndərdiyimiz qırmızı qvardıyaçılardır. Mən Matveyevi onların əlindən aldım və dedim ki, bu inqilabçıdır. Onu kənd mülkədarları  şeytanlamışdılar. Qırmızı qvardiyaçıları heç cür başa salmaq olmurdu. Onlardan biri mənə dedi ki, aha İsrafilbəyov sənsən, sən başqasının adını mənimsəyən fırıldaqçısan, elə bizə lazım olan adam sənsən. Mən sənədlərimi göstərdim. Bir rus əsgər onların içərisindən dedi ki, mən bunu tanıyıram. Şamxor hadisələri zamanı ölənləri dəfn edəndə Azadlıq meydanında bu çıxış edirdi. Bundan sonra mən güclə xilas oldum və Matveyevi də çətinliklə onların əlindən aldım. Bura göndərilən qırmızı qvardiyaçılar içərisində daşnaklar da var idi və onlar təxribat təşkil edirdilər. Sonra doctor Zaxaryan gəlib rus və erməni dilində onları danladı.”[27]

 Həmin vaxt bu hadisəni görən Hayk Arustamov yazır ki, Möhsün İsrafilbəyov Muğandan Prişibə gələndə onu öldürmək istəyirdilər və deyirdilər ki, "o türkdür və bolşevik ola bilməz.”[28] Bunu doktor Zaxaryan da təsdiq edir və bildirir ki, bizim Muğana getməyimiz çox riskli idi. Molokan mülkədarları şayiə yaymışdı ki, guya türklər İsrafilbəyova 30 min rubl rüşvət veriblər və ona görə o, türklərin tərəfini saxlayır. Molokanlar sülhün əleyhinə olmasalar da taxıl çox baha olduğu üçün əvvəlcə istəyirdilər taxılı biçsinlər, sonra türkləri öz kəndlərinə buraxsınlar. Ona görə qolçomaq dairələri təşviqat aparırdılar ki, Qədirli və onunla birlikdə gələnlər türklər tərəfindən satın alınıblar. Molokan zənginləri türklər öz yurdlarına qayıdıcağı təqdirdə taxıl sahələrini yandıracaqları ilə onları təhdid edirdilər. Bu işin araxasında bilavasitə Suxarikov dayanırdı. Şahidlərin məlumatına görə o, "türk qaçqınlarının və türk kəndlilərinin hazır məhsulunu rus qolçomaqlarına vermək kimi bir sürpriz hazırlayırdı. Yayılmış şayiələrə görə o, sovet nümayəndələrin bu sürprizlə təhdid edirdi ki, bir alışmış kibrit taxıl sahəsinə atılacaq və o zaman bütün taxıl sahələri alovlanacaq, məhsul heç kimə qismət olmayacaq.”[29] Qırmızı qvardiyaçıların Matveyev və İsrafilbəyovu güllələmək istəmələri də bununla bağlı idi. "Mən yaxşı xatırlayıram  Matveyev və Qədirli ağappaq olmuşdular və qırmızı qvardiyaçıları inandırmaq istəyirdilər ki, doktor İsrafilbəyov molokan mülkədarlarının yaydığı kimi türklərə 30 minə satılmış birisi deyil, Bakı Soveti tərəfindən göndərilmiş Fövqəladə komissardır. 8-10 nəfər tüfəngin çaxmağını çəkib qışqırıdı ki, boş-boş danışmağı buraxın, elə indicə bunları güllələmək lazımdır. Sonra aydın oldu ki, molokan torpaq sahibkarları biçinə hazır olan türk torpaqlarının məhsulunu ələ keçirmək üçün bizim sülh yaratma işimizi pozur, bütün vasitələrlə məhsul yığımına qədər sülh bağlamaq işini yubatmaq istəyirlər. Bu zaman mən rayon hərbi inqilab şurası adından qırmızı qvardiyaçılara əmr etdim ki, "geriyə marş, yolunuza davam edin, düşmən sizi cəbhədə gözləyir, siz isə burada yubanırsınız, haydı uşaqlar.” Bu zaman bir erməni qırmızı qvardiyaçı komandir erməni dilində dedi ki, uşaqlar bu gürcüdür, onların yoldaşıdır, bunu da satın alıblar, gəlin bunu divara dirəyəyin. Mən yubanmadan əmri erməni dilində təkrar elədim və Bakı Sovetinin bayrağı altında tam daşnak siyasətinin təsirinə altına düşən qırmızı qvardiyaçıların yanılması haqqında erməni dilində nitq söylədim.”[30]   

   Doktor Zaxarayan qeyd edirdi ki, biz yoldaş Qədirli ilə 3 həftə Muğanı gəzdik. Onun gəlişi türk kəndlilərinin ümidini artırmışdı və bütün qəzadan onunla görüşmək üçün 73 türk nümayəndəsi sülh bağlamaq üçün at-araba ilə Nikolayevkaya gəlmişdi. Lakin "qırmızı qvardiyaçılar onların üzərinə atılıb güllələməklə təhdid etdilər və atlarını aldılar. Tam iki saat mən onlarla mübahisə etdim, başa salmağa çalışdım, qorxutdum, son nəticədə axır ki, onlar bir atı apardılar, amma qalanların xilas etmək mümkün oldu. Məsələ bunda idi ki, qırmızı qvardiyaçılar molokan torpaq sahibkarlarından furqon istəmişdilər, onlar da vermək istəmirdilər. Ona görə qırmızı qvardiyaçılar bu atları görəndə onları alıb minib getmək istəyirdilər. Bu zaman bir daşnak atı minib dəhmərləyəndə, bu atın sahibi qışqırmağa başladı. Lakin artıq gec idi.”[31]

Doktor İsrafilbəyov Biləsuvar və Prişibdən sonra Ərkivanda da rus əhalisi ilə türkləri barışdırmağa cəhd etdi. Bu işdə ona Talişinskilərin qohumu Yusif bəy Mehmandarov köməklik edirdi.  Lakin Ərkivanda Nikolayevkadan olan rus nümayəndəsi dedi ki, bizə biabırçı sülhə getmək lazım deyil, müsəlmanlar ona görə sülh istəyirlər, çünki onlar əziliblər. Belə cəhdlərə baxmayaraq Ərkivanda da "türk əhalisi ilə rus əhalisi arasında sülh imzalandı.”[32] Bu sülh sazişinin imzalanmasında dərhal sonra 1918-ci ilin may ayının 19-da Musakücə kəndinin nümayəndələri Sovet hakimiyyətini tanımaq haqqında kollektiv qərar imzalamışdılar.[33] Lakin bu sülhün də əvvəlkilər kimi elə bir əməli əhəmiyyəti olmadı.



Muğan kəndlərində "sülhyaratma” missiyasını başa çatdırdıqdan sonra doktor İsrafilbəyov Lənkərana qayıtdı. "Hümmət”in şəhərdə əsas əlaqələndiricisi olan Ağa xan Talışinskini tapmaq mümkün olmadığı üçün Lənkərandakı vəziyyət haqqında məlumatı Fövqəladə komissara sol eser doktor Ambarsum Arzumanov verdi. İsrafilbəyov ilk olaraq yalnız müsəlman əhalisinin deyil, xristian əhalisinin də bir hissəsinin narazılıq etdiyi eser partiyasının üzvü, şəhərin rəisi və komendantı vəzifəsin icra edən Şevkunovun məsələsin müzakirəyə çıxardı. Vəzifə səlahiyyətlərinə görə şəhərin mühafizəsi Şevkunova  tapşırılmışdı. Müzakirələr zamanı aydın oldu ki, o, Gərmətürkdən tutmuş Girdəniyə qədər şəhərətrafı talış kəndlərinə divan tutub. Evində silah çıxması bəhanəsi ilə Separadidə Miri bəy Talışxanov Şevkunovun adamları tərəfindən camaatın gözü qabağıda güllələnmişdi. Axtarış zamanı evindən kilsə zəngi çıxdığı üçün Gərmətürkdə Şevkunov kəndin seyidini  3 oğlu ilə birlikdə güllələmişdi.[34] Qrişa Arustamov yazırdı ki, "Muğan və Lənkəranda əsas məsələlərdən biri türk əhalisi üzərində zorakılıq törədilməsi idi. Şevkunovun dəstəsi bu məsələdə həlledici rol oynayırdı. Lənkəranın ətraf kəndlərində və Muğanda Şevkunovun dəstəsi soyğunçuluq siyasəti aparırdı.”[35] 

Doktor İsrafilbəyov Muğanda gördüyü mənzərə haqqında, xüsusi ilə Muğan molokanlarının başçısı Suxarikovun, hərbi birliyin rəhbəri İlyaşeviçin, Lənkəranda Şevkunovun əməlləri barədə geniş danışdı.  O, qeyd etdi ki, Şevkunovun özbaşnalığı nəticəsində Lənkəranın "xüsusi ilə türk əhalisi müstəsna terrora məruz qalmışdır.”[36] Şahidlərin məlumatına görə Şevkunov günün günorta çağı müsəlman əhalisinə divan tuturdu. Azğınlıq edən bu quldur Lənkəranda  "bir türk qadının qulağından sırğalarını və üstündən bəzək əşyalarını dartıb çıxarmış, hətta ipək paltarını belə soyundurmuşdu.”[37] Onunla birlikdə Muğana səfər edən doktor Zaxaryan etiraf etdi ki, Muğanda bütün həngamə türk əhalisinin artıq biçinə hazır olan məhsulunu molakanların ələ keçirməsi üstündə idi, suxorikovçuluq və ilyaşeviççilik də bu soyğunçuluğa xidmət edirdi.[38]

Möhsün İsrafilbəyov elə həmin toplantıda Şevkunovu vəzifəsindən azad edib onun həbsinə order imzaladı və onun həbs etdiyi 200 nəfər türk və talışı, ilk növbədə isə qadınları həbsdən azad etdi. Sevkunovla yanaşı İsrafilbəyov Lənkəranın müsəlman əhalisinin eser-daşnak və bolşevik talanlarından müdafiəsində mühüm rol oynayan müsavat partiyasının gənc üzvü Teymur bəy Bayraməlibəyovun guya "türk və rus əhalisi arasında milli ədavəti qızışdırdığına görə” həbsinə də qərar verdi. Sevkunovu həbs etməsinə baxmayaraq onun yerinə İsrafilbəyov doktor Zaxaryanın zəmanəti ilə şəhər rəisi vəzifəsinə Ambarsum Arzumanovu təyin etdi. Arzumanov isə Tatyanı öz müavini vəzifəsinə qoydu. Bununla da Lənkəranda hakimiyyət qısa müddətə ermənilərin nəzarətinə keçdi. 

Şevkunovun həbsi rus əhalisini hiddətləndirmişdi və eser Suxarikovun adamları "fırıldaqçı” adı ilə  İsrafilbəyovu həbs etməyə cəhd göstərsələr də o, 1918-ci ilin iyun ayının əvvəllərində Bakıya dönüb Lənkəran və Muğandakı vəziyyət haqqında Şaumyana geniş məlumat verdi. O, həmin məlumatda göstərirdi ki, Muğan və Lənkəranda hakimiyyət eserlərin əlindədir və Bakı Sovetinin ora göndərdiyi qırmızı qvardiya dəstələri özlərini çox  pis aparır. İsrafilbəyov əlavə edirdi ki, "əgər onlar məni və Matveyevin güllələmək istəyirlərdilərsə, görün daha nələr törətməyə qadirdirlər. Mənim gözümün qarşısında onlar danışıqlara gələn türk nümayəndələrinin arabalarını əllərindən aldılar... Mən tam əminliklə deyə bilərəm ki, Lənkəran qəzası eserlərin əlindədir, orada hakimi mütləq rəhbərlər Suxarikov, Şevkunov və İlyaşeviçdir. Bu üç şəxs orada dominant rol oynayır, bütün eser partiyası onların əlindədir və orada onlar ağalıq edirlər. Bakıdan İosif Saratikovun başçılığı ilə göndərilən 30 nəfərlik dəstə Saratikovdan daha çox Suxarikova və eserlərə tabedir.” [39] Muğan "müdafiəçilərindən” sayılan Dobrıninə görə "Bakıdan bütün Muğana komissar təyin edilmiş erməni Saratikov öz qərargahı ilə birlikdə Lənkərana gəlmişdi. O, fahişəxananın keçmiş xəzinadarı kimi, gizli yollarla çoxu yetkinlik yaşına çatmamış qızların  oğurluq yolla,  zor gücünə İrana satılmasından ibarət olan "qadın alverinə” görə həbsxanada yatmışdı.  Kerenski dövründə "qanlı çarizmin” qurbanı kimi bu yaramaz həbsxanadan buraxılmış və Lənkəranda peyda olmuş, əlbəttə ki, özünü artıq siyasi məhkum kimi təqdim etməyə başlamışdı.”[40] 

İsrafilbəyov Lənkəranı tərk edəndən bir neçə gün sonra onu və ətrafındakı adamları həbs etmək üçün Muğandan Lənkərana xüsusi dəstə göndərilmişdi. Lakin onlar gələnə qədər Şəfi Əliyev, Molla Əhməd Haşımov, Səid Babayev və digərləri imkan tapıb gizlənə bilmişdilər. Regionda türk və talış əhalisinin nümayəndələri bolşevik, eser və digər rus partiyaları ilə əməkdaşlıq etmədikləri üçün belə qərara gəlindi ki, İsrafilbəyovun dəstəsinin üzvlərindən Şəfi Əliyev, Molla Əhməd Haşımov, Qurban Hüseynov,  Səid Babayev, Baba Əlimanov və Məmmədxanov Lənkəranda qalsınlar.

Ardı var


 
_____________________________________________________________________________________________________________________________

[1] Bax: Первая Всеобщая перепись населения Российской империи 1897 г. Т. LXI Бакинская губерния. СПб. Изд-е ЦСК МВД, 1905, с. 2-3.

[2] 1920-ci illərin sonunda Azərbaycan SSR-nin Cənub rayonlarının siyasi-iqtisadi səciyyələndirilməsinə dair statistik cədvəl.// Rusiya Dövlət Hərbi Arxivi f. 25873, s. 1,  i. 837, v. 92-92 arxası.

[3] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Möhsün İsrafilbəyovun (Qədirli) xatiələri). 03.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.1

[4] С.Г Шаумян. Избранные произведения в 2 томах. Москва, 1958, т.2, с.225

[5] Bax: Известия Бакинского Совета, 1918, 14 мая

[6] Bax: Известия Бакинского Совета, 1918, 17 мая

[7] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Şaxramanovun  xatiələri). 02.10.1931. // ARPİİ SSA, f.456, s.18, i.30, v.68

[8] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Qriqori Arustamovun  xatiələri). 17.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.134

[9] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Möhsün İsrafilbəyovun (Qədirli) xatiələri). 03.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v. 2

[10] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (doktor Zaxaryanın  xatiələri). 07.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.56

[11] Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 20

[12] Kamran İsmayılov. 1918-ci ildə Lənkəran bölgəsində erməni silahlı birləşmələrinin cinayətləri Azərbaycan xalqına qarşı soyqırım siyasətinin tərkib hissəsi kimi. // XX əsrdə  türk-müsəlman xalqlarına qarşı soyqırımları”  mövzusuna həsr olunmuş IV beynəlxalq konfransın materialları, - Bakı: 2017, c. 85; ; Əlavə məlumat üçün bax: Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Donskoyun xatiələri). 02.10.1931. // ARPİİ SSA, f.456, s.18, i.30, v.31-40.

[13] Bax: Третиья годовщина Великого Октября 1917-1920. Сборник. Баку: Азерцентропечать, 1920; Əlavə məlumat üçün bax: 1918-1919-cu illərdə Lənkəran qəzasında azərbaycanlıların soyqırımı.// Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi əsərləri. Xüsusi buraxılış, 2017, № 64,65,66, s.68

[14] Солмаз Рустамова-Тогиди. Март 1918 г. Баку. Азербайджанские погромы в документах, Баку, 2009, с. 316-317

[15] 1918-1919-cu illərdə 2-ci Bakı qırmızı batalyonun partizan dəstələrinin Lənkəran və Astara rayonlarında mübarizəsi haqqında Fyodr Korolyovun xatirələri. 15.01.1959. // ARPİİ SSA, f.268, s.23, i.329, v.1-2

[16] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Mxitaryanın xatirələri). 06.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.93

[17] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Qriqori Arustamovun  xatiələri). 05.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.138

[18] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Qriqori Arustamovun  xatiələri). 05.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.149

[19] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Möhsün İsrafilbəyovun (Qədirli) xatiələri). 03.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.5

[20] Yenə orada, v.5

[21] Yenə orada, v. 12-13

[22] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (doktor Zaxaryanın  xatiələri). 07.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.59-60

[23] Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 39.

[24] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Möhsün İsrafilbəyovun (Qədirli) xatiələri). 03.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.19; Biləsuvar qurultayı haqqında geniş məlumat üçün bax: А.А. Привольный. Над Муганью Зарево Октября. Баку, Азернешр, 1979, c.36-37

[25] 1919-cu ilin martından kommunist partiyasının üzvü Axundov Şirəli Baxşəli oğlunun 1917-ci ildən 1921-ci ilə qədər Lənkəran qəzasında inqilabi hadisələrdə özünün iştirakı və həmin hadisələrdə Müseyib Kərimovun iştirakı barədə xatirələri.// ARPİİ SSA, f.268, s.23, i.56, v.15-16

[26] Bax: Правда, 1918, 12 июня

[27] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Möhsün İsrafilbəyovun (Qədirli) xatiələri). 03.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.25-27

[28] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Qayk Arustamovun  xatiələri). 02.10.1931. // ARPİİ SSA, f.456, s.18, i.30, v.61

[29] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (doktor Zaxaryanın  xatiələri). 07.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.64

[30] Yenə orada, v.62

[31] Yenə orada, v.63

[32] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Möhsün İsrafilbəyovun (Qədirli) xatiələri). 03.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.28-29

[33] Bax: Musakücə kəndinin sakinlərinin qərarı. 19.05.1918. // ARPİİ SSA, f.276, s.3, i.50, v.1, 8-9

[34] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Musa Sadıxovun xatiələri). 06.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.121

[35] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Qriqori Arustamovun  xatiələri). 17.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.136

[36] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Möhsün İsrafilbəyovun (Qədirli) xatiələri). 03.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.37

[37] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Şəfi Əliyevin xatiələri). 07.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.54

[38] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (doktor Zaxaryanın xatiələri). 03.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.44

[39] Bax: Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Möhsün İsrafilbəyovun (Qədirli) xatiələri). 03.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.30-36

[40] Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 51.