"2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?"

16-01-2017 18:58 / Bu xəbər 2658 dəfə oxundu

"Təqsiri olmayan şəxs 6,8 milyon manatı niyə ödəməlidir ki?” – hüquqşünas Aslan İsmayılov sual edir: "Özü də nə az, nə çox, 6,8 milyon manat. Bir də 2 min manat maaş alan nazir 6 milyon manatı hardan alır?”

Məsələ bundadır ki, ötən ilin sonlarında vəkillər məhkəmədə keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəymiş ziyan kimi 6,8 milyon manat ödəməsi barədə vəsatətlə çıxış etmişdilər.

Yanvarın 16-da baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib ki, Ə. Abbasov "dəymiş ziyanı təqsirləndirilmiş şəxs qismində ödəsəydi, indi məhkəmə qarşısında olardı”.

"Günahı varsa, niyə pul ödəməlidir ki?”

AzadlıqRadiosu hüquqşünaslardan öyrənməyə çalışıb ki, keçmiş nazir təqsirləndirilmiş şəxs deyilsə, dəymiş ziyanı hansı adla ödəyib?

Hüquqşünas Aslan İsmayılov cavab verir: "Bir nazirin tabeliyindəki şəxslər həbs edilibsə, nazir də dəymiş ziyana görə pul ödəyirsə, deməli, onunla bağlı hansısa tədbir görülüb. Görünür, keçmiş MTN (Milli Təhlükəsizlik Nazirliyi) adamlardan qanunsuz pul yığdığı kimi, prokurorluq da ona pul ödəməli olduğunu bildirib. Günahı olmayan adam harasa niyə pul ödəməlidir? Ümumiyyətlə, günahı varsa, niyə pul ödəyir? Niyə ona da cinayət işi qaldırılmayıb?”

"6,8 milyon manatı ödəmək artıq korrupsiya elementidir”

Başqa bir hüquqşünas Xalid Bağırov deyir ki, dəymiş ziyanı ödəmək mümkündür. "Ancaq nazir 6,8 milyon manatı dəymiş ziyan kimi ödəyibsə, bu, artıq korrupsiyanın elementidir”, – o əlavə edir.

Hüquqşünas məsələni bir az da detallaşdırır: "Məsələn, müəssisə, işçiyə bir əmlakı etibar edirsə və o da səhlənkarlıqla xarab edirsə, müəssisə əmlakın pulunu ala, ödətdirə bilər. Amma burda cinayət tərkibi yaranmaya da bilər. Nazir milyonlarla pulu hansı səhlənkarlığın nəticəsində sıradan çıxara bilər? Nazir bu pulu ödəyirsə, burda cinayət elementi var. Bu müəssisə qarşısında bir aparata, bir qələmə görə maddi məsuliyyət deyil, axı. Burda söhbət konkret olaraq mənimsənilən məbləğdən gedir. Nazir səhv edib kompüteri sındırmayıb, burda söhbət dövlətin mənimsənilən pulundan gedir. O ziyanı ödəsə də, ödəməsə də, törətdiyi əməl cinayətdir. Nazirin cinayət törətdiyi isə açıq-aşkar ortadadır”.

Aslan Ismayilov isə bu hadisəni "nonsens” sayır: ""MTN işi” də, "Rabitə işi” də başdan-ayağa təzaddır. Əminəm ki, vaxt gələcək bu işləri dərsliklərdə qanunsuzluğun zirvəsi, qanunsuzluğun zəfəri kimi təsvir edəcəklər. Necə olur ki, nazirin tabeliyində olan şəxslər tutulur, özləri də məhkəmədə qanunsuz əməlləri nazirin göstərişi ilə etdiklərini deyirlər, ancaq nazir özü tutulmur? Necə olur? Bu, görünməmiş hadisədir”.

Deputat: "Başqa detallar da ortaya çıxa bilər”

AzadlıqRadiosu məsələyə deputatların da fikirlərini öyrənməyə cəhd edib. Ancaq onların bəzisi səfərdə, bəzisi "tədbirdə” olduğundan, bəzisi cavab vermədiyindən yalnız bir nəfərin rəyini ala bilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib: "Bunun dəqiqini Kamran müəllimdən (Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev – red.) öyrənin. Bu haqda mətbuatdan informasiya almışam, dəqiq məlumatım yoxdur”.

"2-3 min manat maaş alan nazir 6,8 milyon manatı necə əldə edə bilər?” sualına Quliyev belə cavab verib: "Məhkəmə gedir. Məhkəmə sonunda hansı qərara gələrsə, biz də ona hörmətlə yanaşacağıq. Təbii ki, qanun pozuntuları var. Bu, böyük məsələdir. Heç kim də buna biganə qalmır. Görürsünüz, artıq xeyli adam cinayətə cəlb olunub. Ancaq hökm çıxarılana qədər təqsirsizlik prezumpsiyası deyilən bir şey var, heç kim haqda qəti fikir söyləmək olmaz”.

Deputat məhkəmədə nazirliyin keçmiş əməkdaşlarının məhz nazirin göstərişi ilə qanun pozuntusuna, mənimsəməyə yol verdiklərini dedikləri halda, Əli Abbasovun məsuliyyətə cəlb edilməməsinə və ya məhkəmədə ifadə verməməsinə də münasibət bildirib: "Bunlar ilkin ifadələrdir. Məhkəmənin gedişatında başqa ayrıntılar ortaya çıxa bilər. Bunlar ifadədir, bu araşdırılmalıdır və bunun təsdiqi lazımdır. Təsdiqlənərsə, buna uyğun da addımlar atıla bilər”.

Xatırlatma

Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra keçmiş rəhbər şəxsinin məhkəməsi gedir. Məhkəmədə nazirlik əməkdaşlarına vergidən kənar yüksək məbləğdə aylıq «paket» maaşların verildiyi bildirilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov, bunun ardınca isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən çıxarılıb. Sonra da hər iki nazirliyin bəzi rəhbər şəxsləri mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və başqa cinayətlərdə ittiham ediliblər. 11 nəfərlə bağlı iş isə ayrıca icraata götürülüb.