20 yanvar faciəsindən 28 il keçdi

20 yanvar faciəsindən 28 il keçdi

20-01-2018 15:41 / Bu xəbər 2561 dəfə oxundu

Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb

Azərbaycanda matəm günüdür. Səhər tezdən minlərlə adam 1990-cı il yanvarın 19-20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedir.

Mərasimdə rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri də iştirak edirlər. Muxalifət liderləri və digər siyasi qurumların təmsilciləri də Şəhidlər Xiyabanını ziyarət edirlər.

Ölkə məscidlərində "qara yanvar" qurbanlarının xatirəsi ilə bağlı tədbirlər keçirilir. Bu gün telekanalların efirində əyləncəli verilişlər yayımlanmır. Bakı metropolitenində matəm musiqisi çalınır, stansiyalarda və eskalatorlarda qırmızı qərənfillər qoyulub.

28 il əvvəl sovet ordusu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.

Bu vəhşi əməliyyat SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanaraq həyata keçirilmişdi və "Zərbə" adlanırdı. Əməliyyatda əsas rolu "ALFA" xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayırdı.

Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15-də baş vermiş erməni qiyamları olmuşdu. Lakin qoşunlar gələnə kimi bu qiyamlar dayandırılmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb.

Bu il rəsmi təbliğatda faciənin əsas günahkarları kimi keçmiş SSSR-nin rəhbərləri, əsasən prezident Mixail Qorbaçovun adı çəkilir. Eyni zamanda respublikanın o zamankı rəhbərliyinin ünvanına tənqidlər azalıb. Əgər əvvəlki illərdə faciənin əsas günahkarlarından biri kimi o vaxtlar Nazirlər Sovetinin sədri postunu tutan və faciədən sonra respublikada birinci şəxs olan Ayaz Mütəllibov göstərilirdisə, hazırda bu barədə danışılmır.

Ola bilsin ki, bu, Mütəllibovun "siyasi reabilitasiyası" ilə bağlıdır. Üç il əvvəl Mütəllibov eks-prezidentlər haqqında qanunun qüvvəyə minməsi ilə bağlı çoxillik mühacirətdən birdəfəlik vətənə qayıda bildi.

Keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.

1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma).

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkə parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSSR-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşdü. Eyni zamanda Yevgeni Primakovun adı faciə günahkarlarının siyahısından çıxarıldı.

Faciənin 20-ci ildönümü ərəfəsində Azərbaycan Baş Prokurorluğu məlumat yaydı ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib və işi bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.

Azərbaycanın müxalifət nümayəndələri vaxtaşırı bəyan edirlər ki, yanvar faciəsində günahkar olanlar indi də hakimiyyətdədir. Əsasən qeyd olunur ki, qoşunların gətirilməsi xahişilə Moskvaya göndərilən teleqramları o zamankı baş nazirin müavini, indiki baş nazir Artur Rasizadə imzalayıb. 

Turan İA