İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

07-12-2016 18:57 / Bu xəbər 1294 dəfə oxundu

Prezident İlham Əliyev "Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

Qaynarinfo.Az-ın məlumatına görə, sənəddə bildirilir ki, son illərdə Ağdam rayonunun işğal altında olmayan 90 mindən çox əhalinin məskunlaşdığı 44 yaşayış məntəqəsində müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülüb, Olimpiya İdman Kompleksi, rayon mərkəzi və uşaq xəstəxanaları, doğum evi, Bayraq muzeyi tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, 6600-dən çox ailə üçün 18 yeni qəsəbə salınıb, 18 ümumtəhsil və 3 musiqi məktəbi, 15 tibb müəssisəsi, 13 klub inşa edilib, ümumi uzunluğu 42 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulub, qaz, elektrik, içməli su xətləri çəkilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 57 ədəd subartezian quyusu qazılıb, digər mühüm infrastruktur layihələri yerinə yetirilib. 

Sərəncama əsasən, Ağdam rayonunda yeni əkin sahələrinin suvarma suyu ilə təminatı və qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 36,7 min nəfər əhalisi olan 15 yaşayış məntəqəsində 30 ədəd subartezian quyusunun qazılması üçün 2 milyon manat, 8 yaşayış məntəqəsində yerləşən, qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı 9 binada müvəqqəti məskunlaşmış 20 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Arqument.Az