Əfqan Muxtarlının şikayəti təmin olunmadı

Əfqan Muxtarlının şikayəti təmin olunmadı

16-06-2017 18:40 / Bu xəbər 1226 dəfə oxundu

İyunun 16-da Səbail rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının tutulmasından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılıb.

Şikayət Əfqan Muxtarlı barəsində çıxarılan 48 saat ərzində tutma qərarından verilmişdi.

Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Əfqan Muxtarlı da iştirak edib.

Onun vəkillərindən Zibeydə Zəkəriyyəyeva şikayətlərinin təmin olunmadığını bildirib.

Vəkil qərardan narazı olduqlarını, apellyasiya şikayəti verəcəklərini deyib.

Əfqan Muxtarlının tutulmasından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxış bundan əvvəl iyunun 9-na təyin edilmişdi. Ancaq müdafiə tərəfinə bilgi verilmədən proses təxirə salınmışdı.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, rəsmi qurumların açıqlamasına görə, jurnalist saxlanarkən hüquq mühafizə orqanları əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.///azadliq.org