Arif Hacılı jurnalistləri təbrik etdi

Arif Hacılı jurnalistləri təbrik etdi

21-07-2017 17:05 / Bu xəbər 1412 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.

Təbrikdə deyilir:

"Əziz jurnalistlər, dəyərli həmkarlarım.

Sizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi” qəzeti ilə Azərbaycan mətbuatının əsası qoyuldu. Azərbacan türk dilində nəşr olunan "Əkinçi” qəzetində milli mətbuatımızın ilk ənənələri yaranırdı. Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundovun, Seyid Əzim Şirvaninin, Nəcəf bəy Vəzirovun və başqa ziyalılarımızın ana dilimizdə yazıları milli jurnalustikamızın ilk nümunələridir. Sonrakı illərdə Azərbaycan mətbuatı sürətlə inkişaf etdi. Xüsusilə 20- ci əsrin əvvəllərində çoxlu sayda qəzet və jurnallar nəşr olunmsğa başladı. Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Əhməd bəy Agaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə kimi müəlliflərin ictimai- siyasi, maarifçilik məzmunlu yazıları bütün Qafqaz müsəlmanları arasında yayılmağa, milli məfkurənin formalaşması mədəni inkişafımız üçün həlledici rol oynamağa başladı.

O dövrdə əsası qoyulan Azərbaycan mətbuatının demokratik ənənələri əsrin sinunda, Xalq Hərəkatı dövründə yenidən bərpa olundu. 80- ci illərin sonunda daha çox "samizdat” kimi mövcud olan mətbuatımız 90-cı illərin əvvəllərində, qısa müddətdə görünməmiş inkişaf yolu keçdi. Demokratik qüvvələrin təsis etdiyi mətbuat orqanları bəzən 200 min və daha artıq tirajla nəşr olunmağa başladı.

Təəssüf ki, bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də Əliyevlər hakimiyyəti bu inkişafı durdurdu. Azərbaycan mətbuatı siyasi və iqtisadi təziqlər nəticəsində təməzzülə uğramağa başladı. Qəzetlər bağlanması, jurnalistlərin həbs edilməsi adi hala çevrildi. Hakimiyyətə qarşı sərt tənqidçi mövqeyi ilə seçilən Elmar Hüseynov qətlə yetirildi. Azad mətbuata qarşı təqiblər bu gün də davam edir. Müstəqil qəzetlərin nəşri dayandırılıb. Tənqidçi jurnalistlər Seymur Həzi, Əfqan Muxtarlı, Mehman Hüseynov, Əziz Orucov, Nicat Əliyev və başqaları qondarma ittihamlarla həbsdədir. Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə dünyanın lider dövlətləri sırasındadır.

Təqiblərə, həbslərə baxmayaraq Azərbaycanda söz və ifadə azadlığı uğrunda mübarizə davam edir. Müstəqil saytlarda çalışan və ya müstəqil olaraq təkbaşına fəaliyyət göstərən mediya mənsubları daim basqı altlnda, həbs təhlükəsi qarşısında olsalar da təslim olan, çəxsi həyatlarını qurmaq naminə prinsiplərindən imtina edən həmkarlarının da əvəzinə söz azadlığı uğrunda mübarizəni davam etdirirlər. İnanıram ki, Azərbaycan cəmiyyəti müstəqil jurnalistlərə və azad mediyaya qarşı davam edən repressiya siyasətini durdurmağa nail olacaq, azad cəmiyyət, hüquqi dövlət quruculuğu uğrunda mübarizəmiz uğurla başa çatacaq.

Əziz jurnalistlər, hörmətli həmkarlarım.

Sizi bir daha Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, söz azadlığı, demokratik cəmiyyət quruculuğu uğrunda apardığınız mübarizədə uğurlar arzulayıram”.

Arqument.Az