Bu gün Milli Mətbuat Günüdür

Bu gün Milli Mətbuat Günüdür

22-07-2017 09:40 / Bu xəbər 1070 dəfə oxundu

Azərbaycan milli mətbuatının yaranmasından 141 il ötür.

Arqument.Az xəbər verir ki, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
 
"Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin "Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.
 
"Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu. Növbəti mərhələ isə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 141 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.

1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra mətbuatın inkişafında da müəyyən dönüş yarandı.