Realizm və idealizm

Realizm və idealizm

08-12-2017 14:31 / Bu xəbər 9669 dəfə oxundu

Elman Fəttah

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması: 

Realizim və İdealizm.

* Beynəlxalq Münasibətlərdə realizm öz hegomonluğunu yenidən bərpa edir.
* Beynəlxalq siyasətə idealizmi gətirən Vilsondan realizmi dayatan Trampa qədər.

ABŞ-ın Qüds yanaşması beynəlxalq münasibətlərdə idealize tənzimləmənin (hüquq və əxlaq) realize yanaşmaya qurban verilməsidir. Əslində bu ilk dəfə baş vermir. ABŞ-ın İraqa hucumu da realizm hegomonyasının məhsulu idi. BMT TŞ-nin vetosundan, hüquq diplomatiyasından girinc olub güc diplomatiyasını tətbiq etmişdi.

Realizm:

Realizmin fəlsəfi-siyasi kökü qədim Yunanıstana qədər uzana bilər. Realizm idealizmi əslində mövcud olanla yox, mövcud olmalı olanla məşğul olduğuna görə dünyanı anlaya bilməməkdə qınayır.

Müasir realizmin yaradıcısı Morqentauya görə, beynəlxalq siyasət, sadəcə, güc mübarizəsidir. "Beynəlxalq siyasətdə ən güclü güc gücün özüdür. Gücdən başqa heç bir şey gücdən güclü deyildir" - təxminən belə bir yanaşma.

Realizmə görə:

1. Beynəlxalq siyasət universal və obyektiv qaydalarla idarə olunur və bu qaydaların mənbəyi insan təbiətidir. İnsan təbiəti isə Idealist deyil. İnsanlar eqoistdirlər və öz maraqlarını güdürlər.
2. Milli maraqlar güc perspektivindən müəyyənləşdirilməlidir. Dövlətlərin niyyəti güclərini artırmaqdır.
3. Güc baxımından maraqlar sabit və dəyişməzdir, lakin maraqların məzmunu və həyata keçirilməsi üçün tətbiq edilməli siyasətlər zaman və mühitə uyğun olaraq dəyişə bilər.
4. Moralizm (əxlaqi, insani dəyərlər) beynəlxalq siyasətə təsir göstərmir.

Qısası, realizmə görə beynəlxalq siyasəti formalaşdıran əsas aktor milli dövlətlərdir. Beynəlxalq və ya "dövlətüstü" hüquq qulaq asdıqda zövq verən nağıldan başqa bir şey deyil.

İdealizm (və ya liberalizm)

İdealizmə görə beynəlxalq siyasət yalnız güclə idarə edilə bilməz. Beynəlxalq hüquq, moralist dəyərlər, beynəlxalq təşkilatlar da bu siyasətin idarə edilməsində müəyyənedici təsirə malik olmalıdır. Əks təqdirdə gücə (realizm) əsaslanan siyasət biiri bitər- bitməz digəri başlayan savaşlar deməkdir. Halbuki insan, liberalizmdə (Con Lok) göstərildiyi kimi əslində, yaxşılığıa meyli canlıdır və şərtlər düzgün müəyyən edilərsə beynəlxalq siyasət də "давайте жить дружно" müstəvisində qala bilər. 

I dünya savaşından sonra Millətlər Cəmiyyəti bu məqsədlə qurulub. İlk dəfə Vilson "Kollektiv müdafiə" yerinə "kollektiv təhlükəsizlik" (idealist) ideyasını ortaya atmışdı.

Millətlər Cəmiyyətinin də əsas hədəfi bundan sonra "milli maraqlar" naminə savaşa başlayacaq dövlətləri "kollektiv təhlükəsizlik" naminə durdurmaq idi. 

Amma olmadı. Millətlər Cəmiyyəti ABŞ-ı izolyanist (özünə kapalı) siyasətdən çəkib çıxara bilmədi. Üstəlik, 1929-cu il böyük böhranından sonra ABŞ daha da içinə qapandı. 1930-cu illərin ortasından etibarən isə bu yeni "təhlükəsizlik sistemi" köçməyə başlamışdı. Hitler Almaniyası da məhz sistemin köçməsini əsas gətirərək mövcud şərtləri qəbul etmədiyi elan etdi. Dünya siyasəti yenidən realizmin hegomonyasına geri döndü.

II dünya müharibəsindən sonra isə bütün Avropanı böyük bir xarabalığıa çevirən realizm öz yerini (Avropada) idealizmə buraxmalı oldu. 

BMT, NATO indiki AB, AŞ və s. kimi təşkilatlar Mərkəzi Avropada idealizmin (hüququn və moralizmin hakim olduğu) təntənəsini yaşatdılar. Çevrədə isə ABŞ və SSRİ-nin realizmi nə qədər absurd görünsə də bu düzəni nəinki təhdid edirdi, əksinə sanki möhkəm təminat yaradırdı. Məhz buna görə İki qütblü dünya düzəni (1946-19991) beynəllxalq münasibətlər siteminin "lalə dövrü" sayılır.

2013-cü ildə, Rusiyanın 1994-cü ildə imzalann Budapeşt Memorandumunu (Nüvə qarşılığında ərazi bötövlüyünə və müstəqilliyə təminat) ayaqlayaraq Ukraynaya ordu yeritməsilə bu sistemin də köçdüyü tam şəkildə aydın olmuşdu.

Qısası, yenidən beynəlxalq siyasətdə realizmin hegomonyası baş qaldırıb. Və biz beynəlxalq siyasətdə, ölkələrin qərarlarında ortaya çıxan "beynəlxalq hüquqa zidd" hadisələri işləməyən, köçmüş beynəlxalq sistemin prinsiplərinə görə dəyərləndirməyə çalışdığımızda daha çox deyingənlik təsiri bağışlayacağıq. 

Xüsusilə də ABŞ realizmə sarılırsa, görəcək günlərimiz hələ qabaqdadır.

"Ərəb baharı" dövründə Ksingerin "Vaşinqton Post"da (2012) dərc olunan məqaləsi də realizmə çağırış idi. Nə isə çox uzanır mövzü. Maraqlananlar tapıb oxuya bilər...
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.