2018-ci ildə bahalaşma olacaq

2018-ci ildə bahalaşma olacaq

24-11-2017 18:21 / Bu xəbər 1110 dəfə oxundu

Qadir İbrahimli: ''Hökumət gömrük rusumlarını artırmaqla büdcəni doldurmaq istəyir''

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən minik avtomobillərinə, qızılgül və qönçələrə tətbiq ediləcək yeni gömrük idxal rüsumları məlum olub.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Nazirlər Kabinetinin qərarı ilə mühərrik silindrlərinin həcmi 1500-1800, 1800-3000 kubsantimetr olan avtomobillərin idxalı ilə bağlı yeni idxal gömrük rüsumu müəyyən edilir. 

Belə ki, avtomobil mühərrik silindlərinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr olan yeni avtomobilin hər kubsantimetrinə 0,70 dollar, istismar edilmiş avtombilə görə isə hər kubsantimtrə görə 1,20 dollar alınacaq. 

Hazırda isə bu qiymətlər müvafia olaraq 0,40 və 0,70 dollar təşkil edir.

"Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində gömrük idxal rüsumu tətbiq edilir, qərənfil idxalı isə gömrük idxal rüsumundan azaddır. Gələn il yanvarın 1-dən isə qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu alınacaq.

Noyabr ayında isə, Azərbaycana idxal olunan Aİ 95 Premium və Aİ 98 Super markalı benzinlərin qiyməti müvafiq olaraq 1,05 manatdan 1,25 manata və 1,30 manatdan 1,50 manata qədər artırılıb. 

İqtisadçı Qadir İbrahimli yeni gömrük idxal rüsumlarının qiymət artımını qaçılmaz edəcəyini düşünür.

O, Meydan TV-yə deyib ki, gömrük rüsumu 75 faiz qalxırsa, artım qiymətinin üstünə əlavə olunacaq və bunun "bəhrəsini” istehlakçılar görəcək.

Qadir İbrahimli aparılan iqtisadi siyasətin yeni olmadığını hesab edir:

"2015-ci ildə olan iki devalvasiya qərarından sonra hökumətin yeritdiyi siyasətin mahiyyəti əhali və iş adamlarını vergi yükü ilə yükləməkdir. Burada məqsəd büdcəni doldurmaqdır. Ancaq bu kurs ona görə yanlışdır ki, böhran dövrlərində vergi yükü azaldılır ki, yeni iş yerlərinin yaranmasını stimullaşsın və iş adamları da yatırım qoymaqda maraqlı olsun. Çox təəssüf ki, hökumət əks kurs götürərək gömrük rusumları artırmaqla büdcəni doldurmaq istəyir”. 

Qadir İbrahimli

Q.İbrahimli düşünür ki, hökumət izahat verib, deyə bilər ki, avtomobillərin, yaxud güllərin alışını edən istehlakçılar sadə, kasıb təbəqə yox, orta təbəqədir, onlardan vergi tutulması sosial mühitə təsir etməyəcək. 

"Bu, yanlış yanaşmadır. Əvvəla, yalnız varlılar deyil, kasıblar da xırda yük, biznes məqsədi ilə avtomobildən istifadə edir, yəni minik avtomobilləri şəxsi istifadə yox, biznesin bir növü üçün istifadə olunur. Deməli, yeni qaydalar əhalinin alıcılılğına və biznes mühitinə də təsir göstərərək sosial mühitə mənfi təsir edəcək”.