''Azercell' satıldı

''Azercell' satıldı

05-03-2018 20:19 / Bu xəbər 3599 dəfə oxundu

İsveç tarixində ən böyük rüşvət qalmaqalı yaradan şirkət Azərbaycandan getdi

Bu barədə Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın telekommunikasiya operatoru "Azercell Telecom”un səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı bu gün müqavilə imzalayıb.

Müqaviləyə əsasən, "AzInTelecom” MMC ümumi dəyəri 221,687,392.12 avro olan "Azercell” səhmlərin 51.3 faizini əldə edir.

Müqavilənin imzalanması ilə "Azertel” şirkəti "Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisi olub.

Azercell Telekom” MMC-nin səhmdarı olan "TeliaSonera Holding BV” ötən il yaydığı açıqlamada ilin sonunadək Azərbaycan bazarını tərk etməyi planlaşdırdığını bildirmişdi.

"Turkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu bildirmişdi ki, "TeliaSonera Holding BV”-nin Avrasiya regionundakı aktivlərini idarə edən "Fintur Holding BV” şirkətinin Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldova bazarlarını tərk etməsi prosesi davam edir:

Nizamnamə kapitalı 538 mln. dollar olan "Fintur Holding BV”-nin səhmlərinin 41,45 faizi "Turkcell” şirkətinə, 58,55 faizi isə "TeliaSonera” holdinqinə məxsusdur.

İsveçdə fəaliyyət göstərən jurnalist araşdırmaları üzrə FGJ təşkilatının "TeliaSonera” şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırması var.

Araşdırmanı azərbaycanlı jurnalist Xədicə İsmayıl 2014-cü ildə başlamışdı. Araşdırma "TeliaSonera” şirkətinin Azərbaycandakı bölməsinin hakim ailə ilə yaxın əlaqəsi olduğunu aşkarlamışdı.

OCCRP, SVT və TT təşkilatları isə aşkar ediblər ki, qismən İsveç hökumətinə məxsus "TeliaSonera” şirkəti 2008-ci ildə Azərbaycanın dövlət telekommunikasiya şirkəti olan "Azercell” özəlləşdirilərkən böyük rüşvət qalmaqalına cəlb olunub. Bu, İsveç tarixində ən böyük rüşvət qalmaqalı hesab olunur.

Jurnalistlər 1 milyard ABŞ dolları məbləğində dövlət vəsaitinin prezident İlham Əliyevin ailəsinə yaxın olan şirkətlərə köçürüldüyünü aşkarlamışdılar.

"TeliaSonera Holding BV”-nin Avrasiya regionundakı aktivləri "Fintur Holdings” tərəfindən idarə olunur. Söhbət "Azercell” (Azərbaycan), "GeoCell” (Gürcüstan), "Kcell” (Qaxaxıstan), "MoldCell” (Moldova) kimi aktivlərdən gedir.

Bundan öncə "TeliaSonera Holding BV” bəyan edib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu”, - bildirib. Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib ki, həmin araşdırmadan sonra "TeliaSonera Holding BV” ölkədən çıxacaqlarını dərhal elan etmişdilər. Amma proses bir az gecikdi və bu müddətdə şirkətin maliyyə dəyərinin aşağı göstərilməsi ehtimalı ilə müəyyən işlər görülüb.

"Ortada şübhəli məqamlar var”, - X.İsmayıl deyib.

Xədicə İsmayıl

Jurnalist bu istiqamətdə araşdırmalarının olacağı barədə suala cavab verib ki, gedişatı nəzarətdə saxlayırlar, OCCRP son hadisə ilə bağlı məqaləsini yayacaq.

Texnologiyalar üzrə ekspert Osman Gündüz bununla bağlı sosial şəbəkələrdə yazıb ki, mobil bazarda olan kəm- kəsirləri, son dövrlərdə kəskin surətdə pisləşən mobil operatorların keyfiyyətsiz xidmətlərini, rəqabət mühitinin sağlamlaşmasını, mobil internetin keyfiyyətinin yaxşılaşmasını, lisenziya şərtlərinə əməl olunmasını lisenziya verən qurum - NRYTN həll edəcəyi gözlənilsə də, qayda yaratmalı, tənzimləməli olan NRYTN özü şirkəti almaq qərarı verib.

"Yəni, özü həm bazarda kommersiya ilə məşğul olacaq, həm də tənzimləyəcək”.

Osman Gündüz

O qeyd edib ki, Starteji Yol Xəritəsində strategiya özlləşdirilməyə, rəqabətli mühitin yaradılmasına yönəlib.

"Amma atılan addımlar, başqa cürdür, dövlətləşmənin xüsusi çəkisnin artmasına yönəlib. Əvvəllər də bu haqda bildirmişəm, bir daha vurğulamaq istərdim ki bundan sonra mobil bazarda situasiyanın yaxşılığa doğru dəyişəcəyini, rəqabətin güclənəcəyini gözləmirəm. Bundan sonra sərbəst -azad rəqabətdən yox, planlı, idarəolunan rəqabətdən söhbət gedə bilər”.