Müsavat başqanı xalqı təbrik etdi

Müsavat başqanı xalqı təbrik etdi

28-05-2018 11:15 / Bu xəbər 2318 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını 28 May - Cümhuriyyət günü münasibəti ilə təbrik edib. 

Təbrikdə deyilir: 

" Əziz həmvətənlər,
Əziz bacı və qardaşlarım.
Sizi 28 May Cümhuriyyət günü, Cümhiriyyətimizin 100 illiyi münasibəti ilə təbrik edirəm. 

100 il əvvəl 1918-ci ilin may ayının 28-də M.Ə. Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşlikatçılığı, Azərbaycan xalqının iradəsi ilə dövlətçilik tariximizə daha bir şanlı səhifə - Cümhuriyyət səhifəsi yazıldı. Həmin gün Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi. Yaradılan müstəqil dövlətimiz Cənubi Qafqazın əksər ərazilərini əhatə edən, müsəlman Şərqində ilk cümhuriyyət tipli dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsinə yeni bir dövlət, beynəlxalq münasibətlər sisteminin yeni bir subyekti kimi daxil oldu. 

Müsavat Partiyasının başqanı, Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə bu hadisəni "28 may 1918-ci ildə elan olunan Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”, - deyərək qiymətləndirirdi.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində xalqımız üçün ciddi işlər gördü. Ölkəmizin ərazisində demokratik ideyalar, vətəndaş haqları, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması təbliğ və tədbiq olundu. Bəzi Avropa dövlətlərindən daha tez qadınlara seçki hüququ verildi.

Təəssüf ki, qısa müddət sonra Cümhuriyyətimiz bolşevik Rusiyası tərəfindən 1920-ci ilin 27 aprelində işğal edildi. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi dayandırıldı. Müstəqilliyimiz itirildi. Lakin xalqımızın qəlbinə əbədi həkk olunan İstiqlal eşqini silib atmaq mümkün olmadı. 

M.Ə.Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enmədi. İstiqlal idealına sadiq olan Azərbaycan xalqı 1991-ci il oktyabr ayının 18 ildə özünün itirilmiş dövlət müstəqilliyini yenidən bərpa etdi. Təəssüf ki, müstəqilliyinin bərpasından sonra qiyam nəticəsində hakimiyyəti ələ keçirən Əliyevlər rejimi 25 ildir ki, ölkəmizdə cümhuriyyətçilik ideyalarının həyata keçirilməsi yolunda əngəl törətməkdədir. İndiki hakimiyyətin apardığı bütün əks təbliğata baxmayaraq, xalqımız böyük M.Ə.Rəsulzadə və silahdaşlarının, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız qarşısında xidmətlərini dərin hörmətlə yad etməkdədir. 

Xalqımız 100 il bundan əvvəl əsası qoyulmuş Cümhuriyyətimizin ideyalarını həyata keçirmək uğrunda fədakar mübarizəsini davam etdirir. Bu mübarizə yaxın zamanlarda uğurla nəticələnəcək. 

M.Ə. Rəsulzadənin dediyi kimi azadlıqlar, insan haqları tərəfində olanlar qalib gələcək. 

Əziz həmvətənlər!

Sizi bir daha 28 May - Cümhuriyyət Günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, hüquqi dövlət, azad cəmiyyət quruculuğu uğrunda apardığınız mübarizədə uğurlar arzulayıram".