27 aprel işğalı: unudulmuş həqiqətlər, açılmamış sirlər - ARAŞDIRMA

27 aprel işğalı: unudulmuş həqiqətlər, açılmamış sirlər - ARAŞDIRMA

27-04-2018 18:02 / Bu xəbər 8213 dəfə oxundu

Cavid Cabbaroğlu 

Bu gün 27 apreldir. 

Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 98 il ötür. Əslində "süqut" sözü həmin gün baş verən hadisənin mahiyyətini tam açmaqda acizdir. Çünki cəmi 23 ay əvvəl tarixdə "Azərbaycan" adına qurulan ilk dövlət həmin gün Sovet Rusiyası tərəfindən İŞĞAL olunurdu.
 
İşğal ərəfəsində Azərbaycanın durumu 

1920-ci il yanvarın 11-də Versal sülh konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanıdı. Bununla da Cümhuriyyətin beynəlxalq təcriddən çıxmasının təməli qoyuldu. Lakin 1920-ci ilin fevral-mart aylarında Qərb ölkələrinin dəstəklədiyi ağqvardiyaçıların - admiral Aleksandr Kolçakın və general Anton Denikinin qoşunlarının darmadağın olunması Avropanın Sovet Rusiyası ilə münasibətlərinə yenidən baxması zərurətini ortaya çıxardı. Bu dönüş isə keçmiş Çar Rusiyası ərazisində yaranmış kiçik dövlətlərin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin ziyanına oldu və nəinki Azərbaycanın, bütövlükdə Qafqazın işğalına yaşıl işıq yandırdı. 

Elə bu vaxt – 1920-ci ilin martında Azərbaycanın qərbində - Qarabağda Cümhuriyyətə qarşı erməni-daşnak silahlı üsyanı baş qaldırdı. 1919-cu ilin yayında Denikin qoşunlarının hərbi müdaxiləsi təhlükəsi mövcud olan vaxt şimal sərhədlərinə və Bakı ətrafına cəmləşdirilmiş ordu birləşmələri Qarabağa göndərildi. Üsyan yatırılsa da, şimaldan sürətlə yaxınlaşan təhlükənin qarşısını almaq üçün qüvvələrin qruplaşdırılmasına vaxt çatmadı. Cümhuriyyət daxilində yaranmış hökumət böhranı da bu məsələdə önəmli rol oynadı.

Leninin başçılıq etdiyi Sovet Rusiyası yaranmış əlverişli şəraitdən istifadə etmək qərarına gəldi. 1920-ci il aprelin 27-də Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradıldı. Tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov və Əliheydər Qarayev daxil idi. Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü. Baxmayaraq ki, həmin gün Nərimanov Moskvada, komitənin bəzi üzvləri Bakıda, bəziləri isə Azərbaycanın şimal sərhədində - rus ordusunun zirehli qatarında əmr gözləyirdi. Elə həmin gün Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verildi. Bolşeviklər bu məsələdə də hiylə işlətdilər - bəyan olundu ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir.

Bəs Lenin niyə məhz bu faktordan istifadə etdi? 

Osmanlı zabitləri bolşeviklərlə necə əlbir oldu?

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ərəfəsində Bakıda xeyli türk zabiti vardı. Onların bir qismi Bakını işğaldan azad etməyə gələn Qafqaz İslam Ordusu ləğv edildikdən sonra komandanları Nuru Paşa ilə birlikdə Osmanlı Türkiyəsinə geri dönməkdən imtina edən zabitlər idi. Bu barədə "Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı?" (http://news.lent.az/news/275666) adlı yazımızda ətraflı məlumat verdiyimizdən, üzərində geniş dayanmağa ehtiyac görmürük. 

Azərbaycan mühacirətinin sirli simalarından olan Məhəmməd Şərif Əfəndizadə 1921-ci ildə İstanbulda çapdan çıxan "Azərbaycan və inqilabı" əsərində türk zabitlərlə əlaqədar yazırdı: "İngilislər Azərbaycanda bulunduqca çox miqdarda türk zabitlər Azərbaycana girə bilmirdi. Amma ingilislərin çəkilmələrindən sonra Türkiyədə işsiz qalmış zabitlərlə özləri üçün gələcək arayanlar Azərbaycana dolmağa başladılar".

Əfəndizadə bolşeviklərin türkiyəli zabitləri pulla ələ aldıqlarını iddia edir: "Türk zabitlərinə Azərbaycan hökumətinin verdiyi cüzi maaşın müqabilində bolşeviklər külliyyətli paralar göndərirdi. Bakıda olan bu türk zabitlərinin əksərinin türk ordusundan çıxarılmış və yaxud öz mənfəətləri üçün oralarda qalmış sərsəri güruhu kimsələr olduğunu da anlarsaq, paranın bunlar üçün böyük qiyməti olduğu təzahür etmiş olar. Bolşeviklər çox vaxt türk paşaların qərargah və yaxud evlərində yığıncaqlar tərtib edib, bəzən hökuməti təhdid edirdilər". 

Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilabla Mübarizə Təşkilatının sədri Nağı bəy Şeyxzamanlı (Keykurun) da xatirələrində bolşevik işğalı ərəfəsində Bakıda olan türk zabitlərin "Moskvadan külli miqdarda pul alaraq çöpləndiklərini" yazır: "Azərbaycan hökuməti Türkiyədən gələn zabitləri orduya qəbul etməyi qərara aldı. Gələnlər Parlamentin mühafizə alayına daxil olurlar. Bizə sonradan məlum oldu ki, onlar Azərbaycan hökuməti tərəfindən aldıqları maaşdan bir neçə dəfə çox rus pulu da yabançı nümayəndələrdən alırlarmış. Hökumətimiz işğal ərəfəsində son olaraq belə bir qərar verir: hökumət təcili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac var idi. Təcili olaraq Azərbaycan dövləti Mərkəzi Banka Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmrini verir. Pullar sandıqlara qablaşdırılır və vağzala aparılaraq vaqonlara yüklənir. Qatar hərəkət edən anda Parlamentin mühafizə alayından qısaboylu türkiyəli zabit olan Xalid başında əlli-altmış silahlı dəstə üzvü vağzala gələrək qatarın hərəkətinə mane olur".

Xəlil Paşa - dünənin qəhrəmanı, bu günün...

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda mühüm rol oynayan Osmanlı zabitlərindən biri və bəlkə də birincisi Xəlil Paşa (1882-1957) idi. "Sonuncu Osmanlı paşası" adı ilə məşhur olan diviziya generalı Xəlil Kut Ənvər və Nuru paşaların əmisi idi. Üstəlik, Qafqaz İslam Ordusunun tabe olduğu Şərq Ordularının qrup komandanı kimi 1918-ci ilin sentyabrında Bakının erməni-bolşevik istilasından azad olunmasında tarixi rol oynamışdı. 

İngilislər tərəfindən Maltaya sürgün olunmaq üçün saxlanıldığı Bəkirağa Bölüyündən həbsdən qaçmağı bacaran Xəlil Paşa xatirələrində yazır ki, Sivasda Türkiyə İstiqlal Savaşının lideri Mustafa Kamal Atatürklə görüşdükdən sonra yenidən Azərbaycana qayıdır: "Qərara aldıq ki, mən şərqə gedim. Ermənistan yolunu bağlamaqla bərabər bir yol tapıb Azərbaycana keçəcəkdim. Orada həm Azərbaycan məsələləri ilə məşğul olacaq, həm də əsl bolşeviklərlə təmas imkanları arayacaqdım. Onların durumunu və Anadolu hərəkatına nə kimi yardımlar edə, faydalar toxundura biləcəyini araşdıracaqdım".

Xəlil Paşanın İttihad və Tərəqqi Cəmiyyətinə mənsub olması, ittihadçıların liderlərindən olan Ənvər Paşanın əmisi olması səbəbindən Mustafa Kamal ona məsləhət görür ki, Anadolu hərəkatının rəhbərliyində təmsil olunmağa can atmasın, çünki bu, Anadolu hərəkatını "bir ittihadçı hərəkatı" kimi damğalamaq istəyənlərin əlinə bəhanə verə bilər. Bu üzdən Xəlil Paşa Azərbaycana "minbaşı Kamil bəy” adına verilmiş vəsiqə ilə göndərilir.

Məhəmməd Şərif Əfəndizadə yazır ki, Xəlil Paşa Azərbaycana gələn kimi Azərbaycan parlamentində təmsil olunan İttihad Partiyasına üzv olur: "Xəlil Paşa bir müddət kəndisini hökumətə məzahir göstərib Azərbaycan üçün Qarabağa hərb etməyə belə getmişdisə də, sonraları açıqdan-açığa bolşevik olduğunu elan edib, Azərbaycan ordusunun hökumətə qarşı itaətini rədd etdiyi kimi, yanında bərabər götürmüş olduğu Kiçik Tələt bəyi Azərbaycan şəhər və qəsəbələrinə göndərib oralarda əhalini hökumətləri əleyhinə təşviq və təhrikatda bulunurdu. Ötə tərəfdən kəndilərini Ankara hökumətinin təmsilçisi elan edən Doktor Fuad, Saleh Zəki, Yaqub, Əczaçı Nədim Agah və sair bəylər rus bolşeviklərini evlərinə toplayıb hökuməti devirmək üçün bomba və metralyozlar düzəldirdilər. Xəlil Paşanın tövsiyəsi üzərinə Bakıda bulunan könüllü ordu komandanlığına Baha Səid bəy təyin edilmiş və bu zat dəxi Azərbaycanın kəndi ordusunu kəndisi əleyhinə istifadə edib Azərbaycanı yıxmaqda heç bir qüsur göstərmirdi. Kazım Qarabəkir Paşa ordusundan axın-axın göndərilən zabitlər bolşeviklərlə dil tapmaq üçün yalnız Bakıda qalmayıb Dağıstana da gedir və oralarda çalışırdılar".

Türkiyə İstiqlal Savaşının öndə gələn isimlərindən Şərq Cəbhəsinin komandanı, sonralar Türkiyə Böyük Millət Məclisinin sədri olmuş Kazım Qarabəkir Paşanın (1882-1948) "İstiqlal Hərbimiz" adlı memuarında yer alan sənədlərdən belə anlaşılır ki, Xəlil Paşa Qarabağda olarkən yazdığı məktublarında belə Müsavat hökumətinə qarşı təxribatçı fəaliyyətini davam etdirib: "Azərbaycan hökuməti ingilis tərəfdarı və hətta ingilislərin oyuncağı olan bir hökumətdir. Naxçıvanla ətrafını, Zəngəzur və Qarabağı ermənilərə verməyə hazırdır. Buna müqabil guya Dağıstanı Azərbaycana ilhaq edəcəklərmiş. Bolşeviklərə tamamilə müxalif hökumətdir. İctimai rəy və ordu da hər xüsusda hökumətə müxalif, tamamilə bolşeviklərin lehindədir". 

Kazım Qarabəkirin Xəlil Paşaya cavabı belə olur: "Bolşevik hücumu qarşısında Müsavat hökuməti nə yapa biləcək? Onlar bizi ölmüş sayırlar, bizə heç yardım etməyə də yanaşmırlar. İstanbuldan sərbəstcə zabitlərimizi təşkilatlarına almaları, Nuru Paşanın sizinlə eyni gecədə Batum həbsxanasından Azərbaycana qaçırılması göstərir ki, ingilislər Azərbaycan Ordusunu bolşeviklərlə müharibəyə hazırlayırlar". 

Nağı bəy Şeyxzamanlı isə xatirələrində Xəlil Paşaya qarşı daha ciddi ittiham irəli sürür: "Hökumətimizin içərisində çox məşum rol oynamış Məhəmmədhəsən Hacınski gizli olaraq Moskva casusları ilə görüşərək milli hökumətimizin və xalqımızın əleyhinə çalışmışdır. İkinci bağışlanmaz şəxs hərbi nazir general Əliağa Şıxlinskidir. Birinci Dünya müharibəsində rus ordusunun baş topçu müfəttişi olaraq şöhrət qazanmış general yalançı nümayəndə olan Xəlil Paşa tərəfindən aldadılaraq saflığının və sadəlövhlüyünün qurbanı olmuşdur. Qızıl Ordu sərhədimizdə dayandığı zaman hökumətimiz Quba valisinə sərhəddəki dəmiryolu relslərinin bir kilometrə qədər sökülməsi əmrini verir. Vali ertəsi gün əmri yerinə yetirir. Ancaq bu dəfə yalançı nümayəndə olan Xəlil bəy general Şıxlinski ilə görüşərək təlaşla "Paşam, hökumət sərhəddəki dəmiryolu relslərini sökdürmüşdür. Qızıl Ordu Anadoluya gedə bilməyəcəkdir və nəticədə kömək gecikəcəkdir. Xahiş edirəm, təcili tədbir görün" deyir. General onun sözünə aldanaraq əmr edir və relslər təzədən yerinə taxılır".

Mirzə Bala Məhəmmədzadə "Azərbaycan Milli Hərəkatı" əsərində yazır ki, Xəlil Paşa Müsavat hökumətini yola gətirmək üçün Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli ilə də görüşübmüş. Rəsulzadənin ona cavabı isə belə olub: "Etməyin, bizi öz halımıza buraxın. Yüz ildən bəri əsarətində olduğumuz rusları biz daha yaxşı tanıyırıq. Onlar hiylə ilə gələr, sonra bizi əzərlər". 

Xəlil Paşa iki il əvvəl erməni-bolşevik işğalından azad etdiyi Bakını sanki yenidən bolşeviklərə təslim etməyə tələsirdi. Bəs bunun səbəbi nə ola bilərdi? Bu suala birmənalı cavab vermək çətindir. Cavab ilk növbədə Atatürklə Xəlil Paşa arasında Sivasda baş tutan görüşdə axtarılmalıdır. Macərapərəst İttihad və Tərəqqi hökumətinin hərb naziri Ənvər Paşanın əmisi olması səbəbindən Atatürkdə Xəlil Paşaya qarşı bir inamsızlıq vardı. Eyni zamanda Atatürkün tapşırığı ilə bolşeviklərlə çoxsaylı təmaslara girməsi Xəlil Paşada Lenin və silahdaşlarına qarşı simpatiya duyğusu yarada bilərdi. Bundan başqa, Xəlil Paşa sidq-ürəkdən XI Qızıl Ordunun Anadolunun yardımına getməsinə inana da bilərdi. Çünki ona Atatürkün etimadını qazanmaq hava-su kimi lazım idi.

Xəlil Paşa Atatürkün tapşırıqlarını artıqlaması ilə yerinə yetirdi: bolşeviklərin İstiqlal Savaşı üçün silah-sursat yardımı göndərməsini təmin etdi, həmçinin ruslardan aldığı 8 tonluq qızıl külçə yardımını Kazım Qarabəkir Paşaya təslim etdi. Amma bütün bu əməllərinə rəğmən, 12 mart 1921-ci ildə hökumət üzvləri və TBMM başqanı Mustafa Kamal Atatürkün imzaladığı qərarnamə ilə Ənvər, Xəlil paşalar və onların yaxınlarının Anadoluya girişi qadağan edildi. Moskvaya yollanan Xəlil Paşa qardaşı oğlu Ənvər Paşa Türküstanda sovet rejiminə qarşı müharibə başlatdığı üçün SSRİ-ni tərk edib Almaniya, Macarıstan və Avstriyaya getdi. 1 avqust 1922-ci ildə Ankara hökuməti onun Türkiyəyə girişinə icazə verdi, lakin Atatürk bir daha siyasətə qarışmayacağına dair ondan təminat aldı. O vaxtdan ömrünün sonuna - 1957-ci ilədək Xəlil Paşa təqaüdçü ömrü yaşadı. Vəsiyyəti isə məzarına bir şüşə rakı tökülməsi oldu.

27 aprel işğalı

1920-ci il aprel ayının 27-də bolşeviklərin XI Qırmızı Ordusu Azərbaycan sərhədlərini keçdi, Quba və Qusar işğal edildi. Cümhuriyyətin hərbi qüvvələri əsasən qərb cəbhəsində - Qarabağda erməni qiyamçılarına qarşı savaşdığı üçün Samur sərhəd qoşunlarının Yalamada XI Qırmızı Orduya müqaviməti ciddi itki ilə nəticələndi.

 Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində 27 aprel günündən bəhs edərkən "o gün axşama doğru şəhərin mühafizəsinə məxsus könüllü əhalidən təşkil olunan və zabitləri sırf türklərdən təşəkkül edən "Yardım alayı”nın, yenə türk zabitlər tərəfindən idarə olunan zirehli avtomobillərin və donanmada xidmət edən Osmanlı zabitlərindən bir qisminin bolşevik lehində olduqları"ndan söz açır: "Eyni zamanda müsafirətən Bakıda bulunan Osmanlı türklərindən bir qisim məsul zatın ağzından işarə olunuyordu ki, "gələn Qızıl Ordu komandanı Necati bəy namında bir türkdür. Bu ordu ölüm-qalım mübarizəsi içində bulunan Anadolunun müavinətinə qoşuyor. Bu qüvvətə qarşı göstəriləcək müqavimət Türkiyənin xilasını əngəl edəcək bir hadisə ola bilər ki, böyük türklük və islamlıq nöqteyi-nəzərindən bir xəyanətdir”.

Aprelin 27-də Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verdi. Ultimatumu özünü "Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı, mühəndis" kimi təqdim edən Çingiz İldırım imzalamışdı: "Tələb edirik ki, hakimiyyəti dərhal yoldaş Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-Kəndli Hökumətinə təhvil verəsiniz. Bu halda Qırmızı Donanma milliyyətindən asılı olmayaraq, Bakı şəhərinin bütün əhalisinə sülh və sakitlik təminatı verir. Cavab iki saat ərzində göndərilməlidir. Əks halda, atəş açılacaq".

Halbuki Çingiz İldırımı heç kim belə bir vəzifəyə təyin etməmişdi - aprelin sonunda bu vəzifə, ümumiyyətlə, təsis olunmamışdı. May ayında isə onun iddia etdiyi vəzifəni Fyodor Raskolnikov tutmuşdu.

Ultimatumla əlaqədar Cümhuriyyət parlamentinin sonuncu iclası çağırıldı. Saat 20:45-də başlayan iclasa M.Ə.Rəsulzadə sədrlik edirdi. Kəskin diskussiyaların gedişində sosialistlər və onlara yaxın olan fraksiyalar hakimiyyəti bolşeviklərə vermək tələbini müdafiə etdilər. Həmin axşam M.Ə.Rəsulzadə parlamentdə tarixi çıxışını etdi: "Qardaşlar! Qarşımızda bir ultimatum durur. Burada təslimdən bəhs edilir. Fəqət qardaşlar, təslim nə deməkdir? Kimə görə mövqeyimizi tərk edirik? Bizə deyirlər ki, hüdudlarımızdan keçən ordunun başında Necati adında bir türk komandanı var. Rusiyadan gələn bu təcavüzkar ordu, deyilənə görə, həyat və ölüm mübarizəsi aparan Türkiyəni xilas etmək üçün gedir. Qardaşlar! Türkiyə Azərbaycanın xilaskarıdır, millətimizin amalını uca eyləyən müqəddəs bir məmləkətdir. Onun xilasına gedən bir qüvvəni biz məmnuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı, müstəqilliyimizi çeynəməsin. Halbuki, qardaşlar, bizdən soruşmadan torpağımıza keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Duyduğumuz bu təbliğat düşmən təbliğatıdır. Bizi aldadırlar. Yalandır, gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarını almaqdır. Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etməyə, ultimatumu qəbul etməyə ehtiyac yoxdur. Bu ultimatumu kəmali-nifrətlə rədd edirik. İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisin dinlədiyi bir ultimatumu qəbul etməsi hökuməti öz əliylə dost cildinə girmiş bir düşmənə təslim etməsi deməkdir. Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır".

Çox maraqlıdır ki, Rəsulzadənin bu çıxışı parlamentdə alqışlarla qarşılandı. Alqışlayanlar isə parlament üzvləri deyil, sıravi Bakı sakinləri idi. Mirzə Bala Məhəmmədzadə yazır ki, məhz Müsavat liderinin israrı ilə parlamentin sonuncu iclası qapalı keçirilməmiş, toplantı zalının qapıları xalqın üzünə açılmışdı: "Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək".

Rəsulzadə və tərəfdarlarının kəskin etirazlarına baxmayaraq, iclas axşam aprelin 28-də gecə saat 2-də hakimiyyəti dinc yolla bolşeviklərə vermək haqqında qərar qəbul etdi. Hökumət öz fəaliyyətini dayandırdı. Məhəmməd Əmin deyirdi: "...Yazıqlar olsun ki, biz "Bir kərə yüksələn bayraq bir daha enməz!" idealına etdiyimiz afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayrağını qırmızı bir bezə dəyişdik".

Bununla da Quzey Azərbaycanın 23 aylıq istiqlalına son qoyuldu və ölkəmiz yenidən Rusiya tərəfindən işğal olundu.

İşğaldan sonrakı ilk günlər 

Rəsulzadə yazır ki, aprelin 28-dən etibarən üçrəngli Azərbaycan bayrağı qismən Sovet və Osmanlı bayraqları ilə əvəz edildi. Milis dəstələrində, yardım alayında, şəhər komandanlığında və digər məsul məqamlarda bulunan türk (Osmanlı) ad və imzası ilə çıxan əmrlər, bəyannamə və elanlar gözə çarpırdı: "Öylə bir təsir hasil oluyordu ki, ixtilalı yapan təcavüzkar rus ordusu deyil, Osmanlı türkləridir. Müsavat hökuməti devrilmiş, yerinə Türkiyə hökuməti qurulmuşdur". 

Ancaq bu yalanın ömrü heç bir həftə də çəkmədi. İşğal faktı başa çatdıqdan sonra yeni hakimiyyət aprel ayının 29-da gündüz saat 14-də Sovet hakimiyyətinə ordu göndərilməsi haqqında rəsmi müraciət etdi. Müraciətdə deyilirdi: "Xarici və daxili əksinqilabın birləşmiş quldur dəstələrinin təzyiqinə öz qüvvəsi ilə müqavimət göstərməyə imkanı olmayan Azərbaycan Müvəqqəti İnqilab Komitəsi dünya imperializminə qarşı birgə mübarizə aparmaq üçün qardaşlıq ittifaqı bağlamağı Rusiya Sovet Respublikası hökumətinə təklif edir və Qızıl Ordu dəstələri göndərmək yolu ilə dərhal həqiqi yardım göstərməyi xahiş edir". Halbuki istənilən ordu artıq Bakıda idi və Anadoluya getmək də yaddan çıxmışdı. Qızıl Ordu mayın 1-də Bakıya daxil oldu. Üstəlik, Anadoluya yardıma getmək əvəzinə, Azərbaycanın bölgələrini tutmağa başladı.

Məhəmməd Əmin bəy qeyd edir ki, Bakının Qızıl Ordu tərəfindən işğalından iki gün sonra türk komandanlar rus yoldaşlarla əvəz edildi: "Fəqət iş bununla da qalmadı. Nə qədər Osmanlı zabiti varsa, həpsini ya həbs və yaxud qapı dışarı etdilər. Artıq hər kəs aldandığını görüyordu. Bu xüsusda aldananlar yalnız Osmanlı müsafirlərimiz deyildi".

Nağı bəy Şeyxzamanlı yazır ki, işğaldan iki gün sonra, yəni üçüncü günü Qızıl Ordu türkiyəli əsgər və zabitlərdən ibarət "Yardım alayı"nı mühasirəyə aldı: "Sıravilərin əllərindən silahlarını alaraq özlərinə də "Marş, marş evinizə" deyərək qovdular. Alayın ələ keçən zabitləri güllələndilər. Ələ keçməyənlər isə bir müddət gizləndikdən sonra canlarını qurtararaq hərəsi bir tərəfə dağıldılar. Artıq bolşeviklərə görə bu avantüristlərin vəzifələri bitmiş hesab olunurdu. Bunlardan Xəlil Paşa, Baba Səid, Nail və digər bir neçə nəfər canlarını qurtararaq Gürcüstana çata bilmişdilər". 

Eyni qeydlərə Məhəmməd Şərif Əfəndizadənin əsərində də rast gəlirik: "Ankaranın göndərmiş olduğu rəsmi [və] qeyri-rəsmi məmurlar bolşeviklərlə anlaşaraq bir qurşun atmadan Azərbaycanı ruslara təslim etdikləri halda, ruslar nə Anadoluya rus ordusu göndərdilər və nə də hətta Azərbaycandakı türkləri orada buraxdılar, biləks, həpsini oralardan çıxartdılar".

Nağı bəy işğalın ikinci gününü belə təsvir edir: "İşğalın ikinci günü idi. "İttihadı İslam" Partiyasının sədri doktor Qara bəy Qarabəyov ilə sadəlövh general Şıxlinski Bakıdakı kazarmaları gəzərək azəri əsgərlərinə nitq söyləyirdilər. Qarabəyov dindən, islamçılıqdan bəhs etdiyi halda, qoca general Şıxlinski "Övladlarım, Türk Ordusu paşalarının komandanlığı altında gələrək Bakımızı düşməndən təmizlədilər. İndi isə kömək etmək növbəsi bizə çatıb. Türklərin İstanbulunu düşmənlər işğal etmişlər. İstanbulu düşməndən təmizləmək lazımdır. Mən də siz əsgərlərimi götürüb yardım edəcəyəm. Siz də gedəcəyinizə və savaşacağınıza söz verirsinizmi?" deyə soruşur. Əsgərlər sevinc göz yaşları içində "Gedəcəyik və öləcəyik" deyə bağırırlar. Şıxlinski "övladlarım, yardıma gedən yalnız biz olmayacağıq. Ənvər Paşa vaxtilə Rusiyaya əsir düşmüş türk əsgər və zabitlərini və bir milyona yaxın tatar könüllüsünü toplayaraq gəlir. Onlar gəlib buradan keçəcək. Biz də onlarla gedəcəyik" deyir. Safdil Şıxlinski bu sözləri inanaraq söyləyirmiş. O, bolşeviklərə satılmamışdı, ancaq xainlərin təbliğatına sadəlövhcəsinə inanaraq qoşulmuşdu. O günlərdə bolşeviklər "Ənvər Paşa ordusu ilə gəlir" deyə bir şayiə buraxırlar və nəticədə bütün şəhər əhalisi vağzala tərəf yürüş edir. Sonra "Ənvər Paşa bir gün gecikir" deyə ikinci bir şayiə buraxırlar və xalq evlərinə qayıdır".

Son söz yerinə

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı 71 il davam edəcəkdi. Və bu azmış kimi, işğal gününü bizə bayram günü kimi qeyd etdirəcəkdilər. Metro stansiyası, küçələr, meydanlar, prospektlər o mənhus günün şərəfinə adlandırılacaqdı. Lakin gec də olsa, İlahi Ədalət öz yerini tapacaq, bizə zorla sırınan o qırmızı bezi nəhayət ki, üçrəngli bayrağımızla əvəzləyə biləcəkdik. Bu isə yüz minlərlə azərbaycanlının qanı bahasına başa gələcəkdi...

Lent.az