"27 il ərzində məhkəməyə verilməmişik" - Mehman Əliyev

18-08-2017 17:58 / Bu xəbər 1292 dəfə oxundu

"Mətbuat Şurasına "Turan”ın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır”.

Bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov öz "Facebook" hesabında yazıb. 

Vergilər Nazirliyinin "Turan” İnformasiya Agentliyində axtarış aparmasına münasibət bildirən millət vəkili hesab edir ki, bu, peşə fəaliyyəti ilə bağlı deyil: "Doğrudan da, "Turan” İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir. Buna müxtəlif amillər səbəb ola bilər: Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir.

Bu günün media reallığından uzaq kimi görünən "Turan”ın materiallarına çox az hallarda istinad var. Xəbərlərinə demək olar, rast gəlinmir. Ümumən, yaradıcılıq dəst-xətti nəzərə çarpmır. Halbuki əvvəllər belə olmayıb.

Onu da deyim ki, nəinki son aylar, hətta son illər belə hec bir rəsmi qurumun, vəzifəli şəxsin "Turan”ın hansısa yazısından narahatlığına, etirazına rast gəlməmişəm. Mətbuat Şurasına da "Turan”ın materialından heç bir şikayət daxil olmayıb".

Əflatun Amaşov deyib ki, Vergilər Nazirliyi dövlət orqanıdır və qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır: "Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və kütləvi informasiya vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub.

Mətbuat Şurası olaraq biz "Turan” İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq. Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcəkdir".

Məsələyə münasibət bildirən  Mehman Əliyev Toplum TV-yə deyib ki, "Turan” fəaliyyət göstərdiyi müddət ərzində yazılara görə məhkəməyə verilməyib: "Əsas məsələ Mətbuat Şurası deyil. Fakt odur ki, 27 il ərzində biz məhkəməyə verilməmişik. Bizə qarşı böhtan, şərəf və ləyaqətin pozulması ilə bağlı, ümumiyyətlə, məhkəmə işi olmayıb. Bu da onu göstərir ki, biz standartlara uyğun çalışmışıq.  Azərbaycan hakimiyyəti getdikcə müstəqilliyin sıradan çıxarılması prosesini aparır. "Turan”ın sıradan çıxarılması həmin prosesin davamıdır. Burada başqa bir şey yoxdur”.

Avqustun 16-da Vergilər Nazirliyi "Turan” İnformasiya Agentliyinin ofisində yoxlama aparıb. Agentliyin direktoru Mehman Əliyev yoxlamanın Nəsimi Rayon Məhkəməsinin qərarıyla aparıldığını bildirib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti "Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. 

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Vergi yoxlaması qərarı Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. 

Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.