"3 milyon 100 min cərimələniblər" - STP Forum keçirdi

28-06-2016 21:40 / Bu xəbər 1401 dəfə oxundu

İyunun 28-də Sivil Toplum Platforması (STP) "Azərbaycanda QHT-lərin hazırkı vəziyyəti və problemlərdən çıxış yolları ” ilə bağlı Forun təşkil edib. 

STP-dən Arqument.Az-a daxil olan məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən ictimai müzakirələrə QHT, media, siyasi partiya təmsilçiləri, diplomatik korpus nümayəndələri qatılıblar. 

Müzakirələr İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, STP üzvü Azər Mehdiyevin moderatorluğu ilə keçirilib. A.Mehdiyev son illərdə ölkədə QHT mühitinin olduqca pisləşməsi haqda danışıb. 

Onun bildirdiyinə görə, QHT mühitinə müdaxilələr - qanunvericiləyə dəyişikliklər, QHT-lərlə bağlı cinayət işləri, vergi yoxlamaları olduqca gərgin durum yaradıb. Dövlət qeydiyyatına alınmış, özəlliklə gerçək fiunksiyalarını yerinə yetirən, toplumun ayrı-ayrı kəsimləri üçün faydalı olan QHT-lərin əksəriyyəti fəaliyyətini dayandırmaq zorunda qalıblar. A.Mehdiyev müzakirələrin məqsədinin problemləri ümuməşdirib araşdırmaq, çıxış yollarını göstərmək olduğunu bildirib. 

STP üzvü, hüquqşunas Xalid Ağaliyev STP-nin QHT-lərin durumu ilə bağlı hazırladığı hesabatı təqdim edib. O, qeyd edib ki, rəsmi bilgilərə görə, Azərbaycanda dörd mindən artıq QHT qeydiyyatdan keçib. "4 milyon civarında əhalisi olan Gürcüstandakı QHT-lərin sayı 20 mindən artıq, əhalisi 1.5 milyondan az olan Estoniyada isə 34 mindən çox QHT fəaliyyət göstərir. Təəəsüflər olsun ki, Azərbaycanda qeydiyyatı olan QHT-lər üçün belə iş mühiti son illərdə olduqca pisləşib”.

X.Ağaliyevin deməsinə görə, QHT sahəsini tənzimləyən qanunlara ciddi məhdudlaşdırıcı dəyişikliklər edilib. Əsas dəyişikliklərin 2013 və 2014-cü illərdə olduğunu, QHT qanununa üst-üstə 40-dək dəyişikliyin edildiyini bildirən hüquqşunas QHT-lərin qeydiyyatındakı problemlərə toxunub. "Kommersiya hüquqi şəxslərinin qeydiyyatı üçün maksimum 3 iş günü tələb edildiyi halda, QHT-lərin qeydiyyatına 40 gün, əlavə araşdırma zəruri olduqda daha 30 gün əlavə edilir. Qeydiyyat qurumu bütün proseduru qanun çərçivəsində idarə etdikdə bir QHT-nin qeydiyyatı proses ümumilkdə 140 təqvim günü apara bilir. Təcrübədə durum daha pisdir”.

Bundan əlavə, QHT-lərin məsuliyyəti ağırlaşdırılıb. QHT qanuna edilən dəyişikliklərə görə, QHT-yə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilərsə, QHT Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. İnzibati məsuliyyət də ağrılaşdırılıb, 2016-cı ildə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsi QHT-lər üçün olduqca ağır cərimələr nəzərdə tutur. Bu cərimələrin məbləği 25 min manatı ötür.

QHT-lərin qrantlara çatımı demək olar ki, mümkünsüz olub. Nazirlər Kabineti 2015-ci ilin iyununda "Qrant müqavilələrinin qeydə alınması" Qaydasını təsdiqləyib. Ardınca "Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydası”nı qəbul edib. Ədliyyə Nazirliyi Kollegiyası isə "Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi” qaydalarını təsdiqləyib.

Qeyd edilən aktların qrantlara çatımı mükünsüz etdiyini bildirən X.Ağaliyev qeyd edib ki, 2014-cü ilin mayında Baş Prokurorluğun Ədliyyə Nazirliyinin məlumatları əsasında QHT-lərlə bağlı cinayət işi açması ilə əsas QHT-lər tamamilə sıradan çıxarılıb. Həmin cinayət işinin ardınca əsas QHT-lərin, onların rəhbərlərinin, işçilərinin bank hesablarına həbs qoyulub, ölkədən çıxmaları yasaqlanıb, istintaqa cəlb ediliblər. Digər tərəfdən vergi yoxlamaları başlanıb, ağır vergi cəzaları tətbiq edilib.

"Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Azərbaycan Hüquqşunaslar Assosiasiyası, Media Hüququ İnstitutu, Sülh və Demokratiya İnstitutu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, İnsan Hüquqları Klubu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Demokratik Jurnalistika Mərkəzi, Reportyorların Azadlıq və Təhlüksəsizlik İnstitutu, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi və digər təşkilatlar vergi yoxlamasına məruz qalıb. Həmin təşkilatlara tətbiq ediən vergi cəzalarının məbləği 1 milyon manatdan artıqdır”, - X.Ağaliyev bildirib.

Təkcə yerli təşkilatlar deyil, Oxfam, İREX, Chamonix İnternational, Milli Demokratiya İnstitutu, World Vision, ABA CEELI, OSIAF, Fridrix Ebert Fondu, Fridrix Nauman Fondu kimi xarici QHT-lər də yoxlama və istintaqa məruz qalıb. Xarici QHT-lərin məruz qaldığı vergi cərimələrinin məbləği 3 milyon manatdan artıqdır.

Hüquq müdafiəçisi Bəşir Süleymanlı isə STP-nin hökumətə tövsiyyələrini təqdim edib. O qeyd edib ki, hökumət QHT-lərin ölkənin demokratik inkişafında əvəzedilməzi rolunu,mövcud əlverişsiz durumun Azərbaycanın əleyhinə olan beynəlxalq rəy formalaşdırdığını, belə rəylərin özəlliklə hökumətin iqtisadi məzmunlu planlarına ciddi əngəllər yaratdığını, ən başlıcası isə vətəndaşların Konstitusiyada təsbit olunmuş birləşmək azadlığını diqqətə almalıdır. B.Süleymanlının açıqladığı tövsiyyələrə görə, hökumət QHT-lərin qeydiyyat proseduraları sadələşdirməli, mətbu orqanlarda olduğu kimi bildiriş sistemini tətbiq etməlidir.

Bundan başqa QHT-lərin fəaliyyətinə mane olan bütün məhdudlaşdırıcı normalar aradan qaldıırılmalı, qrant və ianələrin qeydiyyat sistemi ləğv edilməli, alınan qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə hesabatında təqdim edilməli, donorların qeydiyyatını tələb edən sistemdən imtina edilməlidir. Habelə, inzibati, cinayət qanunvericliyinə, QHT qanuna edilmiş vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini məhudlaşdıran dəyişikliklər ləğv edilmlidir.

"Faəliyyətini dayandırmaq zorunda qalan QHT-lərə qarşı tətbiq olunan bütün məhdudiyyətlər - cinayət işləri, bank hesablarına həbslər, ölkədəın çıxış yasaqları, vergi cərimələri ləğv edilməli, məhkumluğu olan QHT təmsilçilərinin məhkumluqları aradan qaldırılmalıdır”, - B.Süleymalı bildirib. 

STP həmçinin, hökumətə vətəndaş cəmiyyəti nümayəndələrinin ATƏT-in DTİHB, Avropa Şurasının Venesiya Komissiyasının ekspertlərinin iştrakı ilə QHT qanunvericiliyinin islahat edilməsi ilə bağlı İşçi Qrup yaradılmalmasını, Avropa Məhkəməsinin presedent hüququ və beynəlxalq təcrübə də nəzərə alınmaqla qanunvericilik islahatı aparılmasını təklif edir.
Müzakirələr zamanı çxış edənlərdən AXCP sədri Əli Kərimli problemlərin ayrı-ayrılıqda həll edilməsinin mümkünsüzülüyünü qeyd edib. Onun qənaətincə, hökumət yalnız QHT-ləri hədəf almayıb, müxtəlif vaxtlarda müxəlif institutlar QHT-lərin üzləşdiyi çətinlikləri yaşayıb. "Hökumət "siyasi məhbus” məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətin yanlış bilgiləndirilməsi üçün lobbiçilik edirdi, QHT-lərin problemləri ilə bağlı yanlış rəy formalaşdırılması, hər şeyin yolunda olması görüntüsü yaradılması üçün də lobbiçilik edir, edəcək. Buna görə ölkənin demokratikləşməsini istəyən hər kəs həmrəy olmalıdır”, - Əli Kərimli deyib.

STP üzvü, hüquqşunas Ələsgər Məmmədli QHT mühitinin olduqca ağır olduğunu, beynəlxalq qurumların bunun fərqində olmasının vacibliyini ifadə edib. 

O deyib ki, hökumət QHT-lərlə bağlı imitasiya ilə məşğuldur: "Təəssüflər olsun ki, beynəlxalq qurumlar da bu imitasiyanın parçası olur. Beynəlxalq qurum hökumətin formalaşdırdığı şərtləri qəbul etməklə donor kimi qeydiyyatdan. Hökumət bununla göstərmək istəyir ki, tətbiq edilən hüququ mexanizmlər işləmək üçün uyğundur. Mən USAİD-i, Avropa Komissiyasını və digər donor qismində çıxış edən beynəlxalq qurumları hökumətin imitasiya siyasətinin parçası olmamağa çağırıram. Beynəlxalq qurumların belə davranması Azərbaycanda vətəndaş cəmiyyətinin son nəfəsini kəsmək olardı”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bütün cəmiyyətin ağır durumda olmasından danışıb. O qeyd edib ki, belə durumda bütün institutlara yönəlik fəaliyyət tövsiyyələrinin hazırlanmasına zərurət var. "QHT və siyasi partiyalar öz istiqamətləri üzrə daha effketiv çalışmalı, gərəkdiyində bir-birinə dəstək verməlidirlər”, - deyən İ.Qəmbər beynəlxalq təşkilatların qrant strategiyasına tənqidi yanaşıb.

"Azərbaycanla bağlı layihələrin daha çox müşahidə məzmunda olur. Monitorinqlər aparılır. Amma başqa postsovet ölkələrində icra olunan layihələrdə diqqət daha çox mövcud problemlərin həllinə yönəlir. Həm də Azərbaycan QHT-lərinə ayrılan vəsaitlər, eyni məzmunlu layihələrdə Ermənistana qat-qat artıq ayrılır”, - İ.Qəmbər qeyd edib.

Müstəqil jurnalist, STP üzvü Aynur İmranova Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların həyata keçirdiyi layihələrin məzmununu tənqid edib. Onun deməsinə görə, həmin qurumlar real fəaliyyəti olan təşkilatlara yox, hökumətin nəzarətində olan QHT-lərlə əməkdaşlıq edirlər.

STP-nin üzvü, IDI sədri Akif Qurbanov son vaxtlar rəsmi açıqlamalarda QHT-lərin durumunun düzəlməkdə olmasının vurğulandığını deyib. "Əslində isə araşdırmalarımız və təqdim etdiyimiz bu hesabat da göstərir ki, fundamental olaraq dəyişiklik yoxdur. Dəyişiklik olması üçün qanunvericilik dəyişməli, hökumətin VC-nə yanaşması fərqli olmalıdır. Ancaq bunların heç biri baş verməyib”, - A.Qurbanov bildirib. 

O həmçinin beynəlxalq qurumları diqqətli olmağa səsləyərək  onlar tərəfindən dəstəklənən, əslində isə gercək VC-nə xidmət etməyən projelərə STP-nin aydın mövqeyi həmin fəaliyyətin cəmiyyətdə müsbət qəbul olunmayacağına gətirib çıxaracağı mesajını verib. 

Turan Agentliyinin rəhbəri, STP üzvü Mehman Əliyev deyib ki, "hazırkı durum böhran durumudur”. "Hamı, o cümlədən hökumət də çıxış yolu axtarır. Ancaq hökumət yenə də imitasiya etmək istəyir. Hökumət minimal islahatlarla cəmiyyəti razı salmaq istəyir. Bütün donor təşkilatları ölkəyə qaytarmağa çalışır. Ancaq eyni zamanda onları kontrol altında tutmaq istəyir”, - deyən M.Əliyev hökumətin yaxın vaxtlarda cəmiyyətə islahat planı təqdim edəcəyinin gözlənildiyini ifadə edib.

Müzakirələr zamanı Müsavat Partiyası başqanının müavini Elamn Fəttah, Milli Şuradan Gültəkin Hacıbəyli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, hüquq müdafiəçisi Elşən Həsənov və digərləri çıxış edərək istər QHT-lərin, istərsə də digər sahələrdəki fundamental problemlərin çözümü üçün həmrəyliyin vacibliyini qeyd ediblər.

Əlaqədar dövlət qurumları nümayəndələri dəvətli olsalar da, onlardan yalnız parlamentin hüquq siyasəti komitəsinin təmsilçisi tədbirə qatılıb.

Arqument.Az