300 itlə bağlı məsələyə Ramil Usubov da qoşulub

300 itlə bağlı məsələyə Ramil Usubov da qoşulub

18-10-2018 14:46 / Bu xəbər 1274 dəfə oxundu

Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi 2 ünvanında keçmiş polis mayoru Eldar Mansurova məxsus bağ evində 300 itin saxlanmasıyla bağlı məhkəmə prosesi oktyabrın 17-də davam etdirilib.

Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmədə bildirib ki, sahibsiz itlərə yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub: "Biz müraciətimizdə Qala qəsəbəsində sahibsiz itlər üçün 30 sot torpaq sahəsi ayrılmasını xahiş etmişik".

İcra hakimiyyətinin nümayəndəsi bildirib ki, müraciət oktyabrın 17-də göndərilib.

Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi müraciətlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Bağ evində itləri saxlayan cavabdeh Eldar Mansurov isə deyib ki, ayrılacaq torpaq sahəsi ilə tanış olandan sonra məsələyə münasibət bildirə bilər: "O ərazinin işıq, qaz və su təchizatının olub-olmadığı bizə məlum deyil. Mütləq ora yol olmalıdır".

E.Mansurov əlavə edib ki, daxili işlər naziri Ramil Usubov da bu məsələnin həllinə çalışır. Cavabdehin sözlərinə görə, nazirlikdən ona bununla əlaqədar zəng gəlib: "Dedilər ki, cənab nazir Ramil Usubov da məsələdən xəbərdardır. Yer ayrılması üçün o da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib".

Hakim Əkrəm Qəhrəmanov tərəflərə itlər üçün torpaq sahəsiylə bağlı məsələyə münasibət bildirmək üçün noyabrın 7-nə qədər vaxt verib.

E.Mansurov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun iddiası əsasında məhkəməyə cəlb olunub.

"Xahiş edirik, araşdırma aparılıb, qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsi barədə qərar qəbul edəsiniz”, - deyə icra başçısı iddia ərizəsində yazır.

G.İslamov ərizəsində göstərib ki, Mərdəkan sakini olan bir qrup şəxs icra hakimiyyətinə E.Mansurovun qəsəbədə, R. Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxlaması haqda məlumat verib. 

İcra başçısının sözlərinə görə, sakinlərin şikayəti araşdırılıb, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Mərdəkan bələdiyyəsi və s. 10-a qədər orqanın əməkdaşları E.Mansurovun həyətinə baxış keçirib. G.İslamov iddia edir ki, baxış zamanı həmin ərazidə kəskin qoxu və səs-küy gəldiyi məlum olub. Araşdırmalardan sonra E. Mansurova barəsində inzibati xəta protokolu tərtib olunub, ondan sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub.

E.Mansurov isə bildirir ki, qonşular inzibati orqanların təzyiqilə şikayət məktublarına imza atıblar. O, xəstə heyvanların qayğısına qaldığını bildirir. Qeyd edir ki, itləri sığınacaqla təmin etmə əslində, dövlət orqanlarının işidir. Ancaq onlar bu işi yerinə yetirmədiyindən məcbur qalıb özü bir neçə könüllü ilə birlikdə onların qayğısına qalır.///meydan.tv