4 il öncə: söyüş söyüldü, əhali ayağa qalxdı, "Çıraq" otel yandırıldı və...

4 il öncə: söyüş söyüldü, əhali ayağa qalxdı,

24-01-2017 20:31 / Bu xəbər 3777 dəfə oxundu

"İsmayıllı hadisələri zamanı həbs olunan şəxslərin heç bir günahı yoxdur”, - bunu Toplum.Tv-yə hazırda həbsdə olan ReAL Hərəkatının lideri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova 2013-cü il yanvarın 23-də İsmayıllıda baş verən hadisələrə  münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, İlqar Məmmədov və Tofiq Yaqublu hadisə vaxtı İsmayıllıda olmayıblar, amma şərlənərək həbs ediliblər:
 Картинки по запросу İlqar Məmmədov Vəfa Məmmədova
"İsmayıllı hadisələrində nə İlqar Məmmədovun, nə Tofiq Yaqublunun, nə də digər həbs olunan insanların günahı var idi. Bunu hamımız bilirik. İlqar Məmmədovun və Tofiq Yaqublunun İsmayıllıya getməsi həbs olunmasına  bəhanə idi. İlqar Məmmədovu İsmayıllı hadisələrindən əvvəl də həbs etmək istəyirdilər. Sadəcə olaraq, bəhanə tapa bilmirdilər. İlqar Məmmədovun İsmayıllıda əhalinin qalxmasından  xəbəri yox idi. Hadisədən xəbərdar olduqdan bir gün sonra nə baş verdiyini öyrənmək və siyasi anlam vermək üçün İsmayıllıya gedib. İlqar Məmmədov və Tofiq Yaqublu  İsmayıllıda olanda heç bir üsyan baş vermədi, sabitlik var idi. Hakimiyyət bəhanə olaraq bu haldan istifadə etdi, olayın Tofiq Yaqublu və İlqar Məmmədovun təşəbbüsü ilə baş verdiyini bildirirdi və onları həbs etdi. Amma orada həbs olunan heç bir şəxsin günahı yoxdur”.

Hüquqşünas Xalid Bağırov Toplum.Tv-yə  açıqlamasında hakimiyyətin İsmayıllı hadisələrindən heç bir dərs çıxarmadığını qeyd edib:
 Konstitusiya günü və ya Azərbaycan sillogizmi
"Çox təəssüf ki, İsmayıllı hadisələrindən 4 ilə yaxın müddət keçsə də, bu hadisələr nə hüquqi, nə də siyasi kriteriyalar ilə öz qiymətini aldı. Hakimiyyət əsl həqiqətdə İsmayıllı hadisələrinin niyə baş verdiyini, bu səbəbləri aradan qaldırmaq üçün hansı hərəkətlərə yol verməli olduğunu araşdırmadı. Hüquqi baxımdan isə İsmayıllı hadisələri məhkəmələri adı altında qurulan şou bu hadisələrə hüquqi qiymətin verilməsinə heç bir aidiyyatı yox idi. Həbs olunan insanlar təsadüfən həbs olunmuşdu. Çünki bir hadisə baş vermişdi. İnsanlar tərəfindən icra başçısına aid olan bir otel yandırılmışdı. Buna görə də kimsə cəzalandırılmalı idi. Təsadüfən 16 nəfər İsmayıllı vətəndaşı həbs edildi. 2 nəfər isə bir gün sonra Bakıdan  İsmayıllıya getmiş insanlar - Tofiq Yaqublu və İlqar Məmmədov həbs olundu. Bununla da guya hakimiyyət İsmayıllıda baş verən hadisələrə hüquqi qiymət vermiş oldu. Amma həbs olunan şəxslərin  heç birinin günahı bu məhkəmələr tərəfindən təsdiq olunmadı. Bu günə kimin İlqar Məmmədov və 2 İsmayıllı sakini hələ də həbsdə qalmaqdadırlar. Hesab edirəm ki, bu şəxslər dərhal azad olunmalıdır. Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı da var. Məsələ artıq siyasi kontekstini alıb. Düşünürəm ki, hakimiyyət İsmayıllı hadisələrindən nə dərs çıxara bildi, nə də o hadisələrə hüquqi qiymət verə bildi”. 

Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, İsmayıllı hadisələrində həbs olunan şəxslər ictimai asayişi pozduğuna görə həbs olunublar:
"Həmin dövrdə ictimai asayişi pozduğuna görə bir qrup şəxs saxlanıldı. Onların bir qrupunun əməlində cinayət tərkibi olmadığı üçün həmin qrup buraxıldı, bir neçəsi isə məhkəmə qərarı ilə müxtəlif müddətlərə həbsə məhkum olundular. Bəziləri sonradan azadlığa buraxıldı, bir qismi əfv edildi, bir neçəsi  isə həbs müddəti bitdikdən sonra azadlıqda ola biləcəklər". 

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə İlqar Məmmədovun hələ də həbsdə saxlanmasını hakimiyyətin ədalətsiz dirənişi adlandırıb:
 Картинки по запросу Tofiq Yaqublu
"Heç bir günahı olmayan İlqar Məmmədov hələ də həbsdədir. Bu, mənə bir az ağır gəlir. Mən azadlıqdayam, o isə yox. Halbuki ikimiz də eyni maddələrlə ittiham olunmuşduq. Hökumətin  mənasız, yersiz və ədalətsiz dirənişi məni çox üzür. İsmayıllıda o hadisə sosial bir partlayış, İlham Əliyev rejiminə etiraz idi. Bu hadisəni çox amansızlıqla boğdular. Həmin icra başçısının otelini və maşınını yandırmışdılar. Bu otel oğurluq pullarla tikilmişdi və əlavə gəlir yeri idi. Camaatın etirazı buna idi. Zaman-zaman Azərbaycanda bu tip aksiyalar baş verir. İsmayıllıda digər həbs olunan İsmayıllı vətəndaşlarının da heç bir günahı yox idi. Biz mübarizə etməyə davam edirik. Haqlı olanın haqqı uğrunda mübarizə aparmaq lazımdır. Cəmiyyət bilməlidir ki, ayrı-ayrı lokal hadisələr hamının problemidir və haqqı uğrunda mübarizə aparmalıdır”.

Jurnalist Elçin İsmayıl açıqlamasında qeyd edib ki, aksiyadan öncə İsmayıllıda insanların şikayəti eşidilmirdi:
 Картинки по запросу Elçin İsmayıllı
"İsmayıllı hadisələri həmin dönəmdə İsmayıllı rayonundakı rəhbərlikdə olan məmurların özbaşınalıqları ucbatından baş vermişdi. Sosial ədalətsizlik və digər səbəblər insanlarda qıcıq yaratdı. İnsanların şikayətləri qulaqardına vurulurdu. İnsanların haqqının, hüququnun qorunması istiqamətində heç bir tədbir görülmürdü. Hadisələrin şişirdilərək məcrasından çıxmasında həmən dönəmdə rayon polis şöbəsinə rəhbərlik edən şəxslərin böyük rolu oldu. Çünki vaxtlnda hadisələrin qarşısı alınmadı. Sanki bu, qəsdən planlaşdırılmışdı. Çünki hər hansı bir etiraz aksiyası keçiriləndə polis dərhal qarşısını alır. Bu hadisə zamanı isə polis camaatdan çəkilməyi xahiş edir. Halbuki bizim ölkədə polis vətəndaşdan xahiş etmir.  Tofiq Yaqublu və İlqar Məmmədovun həbsinə gəldikdə isə onlar tamamilə qanunsuz olaraq həbs olunmuşdular. Onların bu hadisələrə bu və ya digər formada təsir imkanı ola bilməzdi. Onlar sadəcə bir gün sonra nə baş verdiyini öyrənmək üçün getmişdilər.  Mənim qardaşım da hadisə baş verən gecə İsmayıllıda olmamışdı. Məndən bu hadisəni işıqlandırmamağı xahiş edirdilər. Mən isə həmin hadisələri gecə çəkərək "Azadlıq” radiosu, "Azadlıq” qəzeti və digər informasiya istəyən kütləvi informasiya vasitələrinə ötürməyim hakimiyyətdə qıcıq yaratdı və səhər qardaşımı həbs etdilər. Bu, məndən alınan qisas idi. Düzdür, indi qardaşım azadlıqdadır. Amma o, günahsız olaraq  2 il azadlıqdan məhrum edilmişdi. Bu hadisələr məmur özbaşınalıqları ucbatından yaranmışdı”.
Картинки по запросу Tofiq Yaqublu ilqar məmmədov
2013-cü il 23 yanvarda  İsmayıllıda yerli əhalinin bir qismi etiraz aksiyasına çıxıb. Həm vaxt məlumatlarda deyilirdi ki, xalqın qəzəblənərək, ayağa qalxmasına səbəb keçmiş nazir Füzuli Ələkbərova yaxın şəxslərdən birinin İsmayıllı camaatını söyərək, təhqir etməsi olub. 

İsmayıllı hadisələrindən dərhal sonra icra başçısı Nizami Ələkbərov vəzifəsindən azad edildi, 10 ay sonra isə qardaşı Füzuli Ələkbərov nazir postundan uzaqlaşdırıldı. 

REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu baş verən olaydan bir gün sonra rayona gediblər. 

Onlar məhkəmələrdində dəfələrlə bildiriblər ki, İsmayıllıda olduqları müddətdə heç bir aksiya olmasa da, iğtişaşların məsuliyyəti onların üzərinə qoyularaq həbs ediliblər. 

Tofiq Yaqublu 2016-cı ilin martında azadlığa çıxsa da, İlqar Məmmədov hələ də həbsdədir. Beynəlxalq təşkilatlar onu "vicdan məhbusu" kimi tanıyıblar.

Alya A.