42 beynəlxalq təşkilat Azərbaycanda vəkillərin təqibinə son qoyulmasını tələb edir

42 beynəlxalq təşkilat Azərbaycanda vəkillərin təqibinə son qoyulmasını tələb edir

10-12-2019 18:34 / Bu xəbər 817 dəfə oxundu

İnsan hüquqları sahəsində qırx beynəlxalq QHT birgə bəyanat yayaraq, Azərbaycanda müstəqil vəkillərə təzyiqin dayandırılmasını tələb edib.

"Biz, İnsan Hüquqları Evi təşkilatının 42 üzvü və tərəfdaşı insan hüquqları sahəsində vəkillərə, o cümlədən Şəhla Hümbətova və Elçin Sadıqova qarşı prosedurlara dərhal son qoyulmasını tələb edirik", - deyə Azərbaycan Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırovun adına ünvanlanmış müraciətdə bildirilir.

Hümbətova geniş spektr insan hüquqları pozuntuları ilə bağlı işlər üzrə böyük təcrübəyə malik məşhur Azərbaycan hüquqşünasıdır. 

O, bir çox Azərbaycanlı hüquq müdafiəçisinin, o cümlədən İntiqam Əliyevin, Mehman Hüseynovun, habelə "Gəncə işi" üzrə fiqurantların maraqlarını təmsil edib.

Hümbətovanın təqibi 2018-ci ilin dekabrında Mehman Hüseynov aclıq edərkən onun hüquqlarını müdafiə etməsindən sonra güclənib.

Sadıqov da siyasi motivli işlərdə bir neçə şəxsin hüquqlarını müdafiə etmiş insan hüquqları üzrə məşhur vəkildir.

Təşkilatlarımız Vəkillər Kollegiyasının bu vəkillərin işdən kənarlaşdırılması məqsədilə bu yaxınlarda gördüyü tədbirlərdən narahatdır. Bu daimi kampaniya vəkillərin insan hüquqlarını müdafiə etməsinə mane olmağa yönəlib".

"Təşkilatınızın işləri beynəlxalq qurumlara təqdim edən, siyasi cəhətdən fəal şəxsləri müdafiə edən hüquqşünaslara qarşı repressiyalarını artan narahatlıqla qeyd edirik. Son bir neçə il ərzində Azərbaycanlı vəkillərin-hüquq müdafiəçilərinin töhmət alması, işə buraxılmalarından imtina edilməsi, lisenziyalarının dayandırılması və ya tamamilə əllərindən alınması ilə bağlı çoxsaylı hallar sənədləşdirilib.

Onlar arasında Nemət Kərimli, Elçin Namazov, Xalid Bağırov, Əlaif Həsənov, Yalçın İmanov, Əsabəli Mustafayev, Aqil Layıc, Fəxrəddin Mehdiyev, İradə Cavadova, Fuad Ağayev, İntiqam Əliyev və Ənnağı Hacıbəyli var.

Bu vəkillər fikri ifadə azadlığını müdafiə etməyə, müştərilərinə qarşı işgəncələr haqqında məlumat verməyə və siyasi məhbusları müdafiə etməyə hazır olduqlarına görə təzyiqə məruz qalıblar.

Vəkillər Kollegiyasının Hümbətovanı və Sadıqovu artıq repressiyalara məruz qalmış vəkillər siyahısına salmağa çalışmasından narahatıq.

Azərbaycan Vəkillər Kollegiyasının əməlləri hüquqşünaslıq mənəviyyatına, standartlarına, prinsiplərinə və ittifaqına ziddir. Sizi bu əməllərə dərhal son qoymağa və Hümbətovanın və Sadıqovun Kollegiyaya tamhüquqlu üzvlüyünü təmin etməyə çağırırıq", - deyə bəyanatda qeyd edilir.

Turan