7 il sonra hüquq müdafiəçisinin "stop"u götürüldü

7 il sonra hüquq müdafiəçisinin

20-08-2018 15:52 / Bu xəbər 1732 dəfə oxundu

Avqustun 20-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölkədən çıxışına icazə verilib.

Bu haqda hüquq müdafiəçisi özü deyib.

O. Gülalıyevin sözlərinə görə, sərhəd buraxılış məntəqəsində onun Gürcüstana keçməsinə maneə yaratmayıblar.

"7 il idi Azərbaycandan çıxışıma «stop» qoyulmuşdu. Nəhayət, 7 ildən sonra ölkədən çıxışıma imkan verdilər", - deyən hüquq müdafiəçisi hazırda Gürcüstanda olduğunu bildirib.

O, uzun zamandır ölkədən buraxılmamasını qanunsuz addım kimi dəyərləndirib: "Haqqımda illərdir ki, qondarma cinayət işi açmışdılar. Buna görə xeyli vaxt idi xarici pasport ala bilmirdim. Ölkədən çıxışıma qanunsuz qadağa qoyulmuşdu".

O.Gülalıyev "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansının koordinatorudur.

O, 2012-ci ilin aprelində Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların ədalətli bölünməsi tələbi ilə keçirilən etirazlardan sonra həbs edilmişdi.

Hüquq müdafiəçisinə qarşı 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülmüşdü. Ancaq bir neçə aydan sonra o, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə azad edilmişdi.

O. Gülalıyev azadlığa buraxılsa da, haqqındakı cinayət işinin indiyədək bağlanmadığı bildirilirdi.///azadliq.org