70 milyonluq əmlak və 7 milyonluq tələb: Alışanov hüdudsuz sərvəti necə əldə edib?

70 milyonluq əmlak və 7 milyonluq tələb: Alışanov hüdudsuz sərvəti necə əldə edib?

27-07-2019 13:46 / Bu xəbər 403 dəfə oxundu

"AzTV” QSC İdarə Heyətinin sabiq sədri Arif Alışanov vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə etməklə tabeliyində olan işçiləri Nəbiyev Camal Qədim oğlu, sürücüsü Hacı Babayev və digərləri ilə əlbir olaraq korrupsiya yolu ilə əldə etdiyi külli məbləğdə pulla özünə daşınar və daşınmaz əmlaklar alıb, habelə bizə qarşı cinayət əməlləri törədərək bütün əmlakımızı ələ keçirib”.

Bu barədə A.Alışanovun şikayəti əsasında həbs edilərək 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şücayət Əsgərovun qızı Cəmilə Tağıyevanın media vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətində söhbət açılır.

Müraciətdə qeyd olunur ki, yüzdən çox daşınmaz əmlakı Arif Alışanovun həyat yoldaşının, qızının, bacısı qızının, kürəkəninin, sürücüsünün adlarına almasını təsdiq edən rəsmi dövlət sənədləri var. Və bu var-dövləti əldə etmək üçün 70 milyon manatdan çox vəsait xərclənib.

70 milyonluq əmlak və 7 milyonluq tələb

"Bu əmlakların sənədlərinin surətlərini də təqdim edə bilərəm. A.Alışanovun əməkhaqqı 1800-2000 manat olduğu halda, bu qədər var-dövləti hansı yolla əldə edib? O, çəkinmədən və utanmadan mənim atam Şücayət Əkbərovdan 7.000.000 manat zərər tələb edir. Bu qədər vəsaitin iddiasında olan Alışanovla bağlı aidiyyatı dövlət qurumları araşdırma aparmalı deyillərmi?

Alışanova gələndə "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun işləmir, prokurorluq üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir. Bu şəxslər dövlət büdcəsini talan edib, özlərinə var-dövlət yığıb, vəzəfədən çıxandan sonra isə əldə etdikləri nəhəng sərvəti sağa-sola xərcləyib, harın həyat tərzi sürürlər. Bəs biz nə etməliyik? Bəs biz yoxsulları və kimsəsizləri kim müdafiə etməlidir? Axı biz də Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşlarıyıq!”, – deyə C.Tağıyeva qeyd edir.

Qanunlar və onunla tərs mütənasib olan Alışanov iddiaları

Müraciətdə daha sonra bildirilir ki, Ş.Əkbərov heç bir cinayət törətmədiyi halda, Arif Alışanovun sifarişi ilə 16 il müddətinə azadlıqdan məhrum edilib: "Atamın həbsindən bir həftə sonra anamın bütün əmlakı müstəntiqin iştirakı ilə polisin təzyiqi altında məcburi qaydada notariusa aparılaraq A.Alışanovun mülkiyyətinə keçirildi. İstintaq yekunlaşmadan, həmin əmlakların ehtimal edilən cinayət yolu ilə əldə edilib-edilməməsini müəyyən etmədən həbsdə olan şəxsin yanına notariusu gətirərək ona və anama məxsus əmlakların A.Alışanovun mülkiyyətinə keçirilməsi dəhşətli qanun pozuntusudur.

"Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2-ci maddəsinin 2.1.4.-cü bəndinə görə "Dövlət orqanlarının müvafiq struktur vahidlərindən dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət-səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, həmin Qanun 2.1-ci maddəsinə əsasən "korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər.

Həmin qanunun 9.2.1-ci maddəsinə görə "vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi…” bu qanununn 9.2-ci maddəsinə əsasən koorupsiya ilə əlaqədar hüquqi pozmalarıdır.

Daha sonra Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-nin 248-ci maddəsinin, CM-nin 99-1-ci maddəsinin və "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyul tarixli 89 saylı qərarının tələblərinə tam zidd olaraq, qərəzli şəkildə cinayət törətməmiş bir şəxsi 18 il müddətinə azadlıqdan məhrum etməklə kifayətlənməyib, onun, keçmiş arvadının, qızının və yaxın qohumlarının bütün əmlaklarını, hətta qadının gündəlik istifadə etdiyi zinət əşyalarını, azuqə pullarını belə zərərin ödənilməsinə yönəldiblər”.

Keçmiş SSRİ dövründə belə olmayan qanunsuzluq faktı

Bu qanunsuzluğu hətta keçmiş SSRİ-nin 30-cu illər dönəmində məhkəməni əvəz edən "troyka"ların da etmədiyini xatırladan Cəmilə Tağıyeva, birinci instansiya məhkəməsinin anasının zinət əşyalarının və azuqə pullarının, son yaşayış yerinin də keçmiş ərinin zərərinin ödənilməsi üçün müsadirə etdiyini yazır: "Belə ki, hökmə görə "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2002-ci il 5 iyul tarixli 89 saylı qərarına zidd olaraq S.Sadıqovanın yaşadığı, lakin qudası Fazilin mülkiyyətində olan Bakı Şəhəri Şərifzadə küçəsində yerləşən, 37 "a” saylı binanın 19-cu mənzili, mənim mülkiyyətimdə olan "Toyoto Prado” markalı 99-GR- 991 dövlət nömrə nişanlı avtomaşın və digər 2 ədəd "Niva” markalı avtomobillər müsadirə olunub. Habelə, Ş.Əkbərovun qudasının evində axtarış aparılan zaman Əkbərovun 4 il əvvəl boşanmış keçmiş arvadı Səlimə Sadıqovaya məxsus qadın zinət əşyaları olan bir ədəd qızıl boyunbağı, 2 ədəd qolbaq, 1 ədəd üzük, 1 cüt sırğa və əl çantasından 1600 manat və 700 ABŞ dolları məbləğində pull vəsaiti müsadirə edilərək zərərin hesabına Arif Alışanova verilməsi qərara alınıb”.

Dövlətin texnikaları zorla şəxsi mülkiyyətə keçirilib

Cəmilə Tağıyeva qeyd edib ki, anası Səlimə Sadıqova Şamaxı rayonunda sahibkarlıq statusu olmayan fiziki şəxs kimi kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olub: "Mənimlə fiziki şəxs kimi "Aqrolizinq” Açıq Səhimdar Cəmiyyəti arasında bağlanmış 31.10.2016-cı il tarixli lizinq müqavilələrinə əsasən anamın istifadəsinə və sahibliyinə 52.000 manat dəyərində otbiçən (rotorlu) AGS165, kotan 5 gövdəli asma təkəri P5, yemqıran qoşuları LKS- FGWS, gübrəsəpən asılan LKS-FS 800, yemqarışdıran stasionar elektrik lukas, kotan 4 gövdəli təkərli p4, traktor Belarus-892 markalı texnikalar verilib. Həmin texnikalar atam Şücaət Əkbərov Arif Alışanov tərəfindən saxta, qurama ittihamlarla həbs edildikdən bir gün sonra, yəni 15 yanvar 2017-ci il tarixində zorla ələ keçirilib. Camal Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən, çəkinmədən etiraf etdi ki, qeyd olunan əmlakları mülkiyyətçinin razılığı olmadan əllərindən alıblar”.

"Aqroliznq” ASC müsadirə olunmuş texnikaları Arif Alışanovdan niyə tələb etmir?

Cəmilə Tağıyeva bundan sonra "Aqrolizinq ” Açıq Səhimdar Cəmiyyətinin atdığı addımlara diqqət çəkir: "Bu təşkilat faktiki istifadəçələri olan şəxslərdən tələb etmək əvəzinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində həmin texnikaların məndən alınıb onlara qaytarılması və dəyərinin ödənilməsi barədə iddia qaldırıb. Halbuki, onlar iddia tələbim üzrə Nərimanov Rayon Məhkəməsində iştirak ediblər və texnikaların Arif Alışanovdan alınıb mənə qaytartılmasında maraqlı olublar. Eyni zamanda onlara gün kimi aydındır ki, bu texnikalar Arif Alışanovun Sabirabad, Quba, Zərdab, və Şamaxı rayonlarındakı təsərrüfatlarında istifadə olunmaqdadır. Lakin iddia mənə qarşı qaldırılır. Baxmayaraq, "Aqrolizinq” Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi də həmin məhkəmə prosesində iştirtak edib və anama verilən texnikaların Camal Nəbiyev və Arif Alışanov tərəfindən qanunsuz olaraq ələ keçirilməsini təsdiq ediblər”.

Cəmilə Tağıyeva müraciətinin sonunda ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın onların səsinə səs verərək ailəsinə qarşı həyata keçirilən misli görünməmiş qanunsuzluqların ardan qaldırılacağını, Arif Alışanov və onununla birgə hərəkət edən yaxınlarının cəzalandırılacağına ümid etdiklərini bildirib.

"AzPolitika”