9 ayda 500 intihar hadisəsi: səbəblər və şərhlər

9 ayda 500 intihar hadisəsi: səbəblər və şərhlər

22-11-2016 15:46 / Bu xəbər 2673 dəfə oxundu

Azərbaycanda bu ilin 9 ayı ərzində intihar edənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov  bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Nazirlik intiharların səbəblərini açıqlamasa da, əksər müşahidəçilər hesab edirlər ki, son vaxtlar intihara daha çox maddi və sosial çətinliklər, o cümlədən, kredit borclarını ödəyə bilməmək kimi hallar səbəb olub. 
 
Qubad İbadoğlu: "Yalnız dolanışıq və sosial məsələlərlə əlaqəli deyil"
Картинки по запросу Qubad arqument.az
İqtisadçı ekspert Qubad İbadoğlu mövzu ilə bağlı Toplum.Tv-yə açıqlamasında bildirib ki, intihar hadisələri əsasən insanların psixoloji durumu ilə bağlı olur: "İntiharların əsas səbəbi təbii ki, insanların psixikasında baş verən dəyişikliklərdir. Onun da yaranmasında əsasən insanların özünün fiziki mənəvi durumu və eyni zamanda ətraf, sosial problemlər, sağlamlıq durumu və digər belə faktorlar ola bilər. İntiharların bəziləri borclu olanlar tərəfindən həyata keçirilir. Onlar öz borclarını qaytarma iqtidarında olmurlar və həyatdan vidalaşmaq qərarını verirlər. Bu halda da təbii ki, intiharların sayı getdikcə artır. Yəni əsas motiv sosial motivdir. Hesab edirəm ki, ölkədə sosial baxımdan təminatlı bir cəmiyyət olarsa, insanlar intiharlara yol verməzlər. Yəni belə kütləvi şəkildə intiharlara müraciət etməzlər. Digər tərəfdən hesab edirəm ki, yalnız bu dolanışıqla və sosial məsələlərlə əlaqəli deyil. İnsanlar öz haqlarını, öz hüquqlarını əldə edə bilmirlər, şikayətlər edirlər. Müxtəlif istiqamətlərdə problemlərin həlli üçün çalışırlar, amma təəssüflər olsun ki, onların şikayətlərinə aylarla, illərlə baxılmır. Onların müraciətlərinə diqqət yetirilmir. Onlar da bu halda daha çox intiharlara üstünlük verirlər. Vəziyyətdən çıxmaq üçün alternativ tanımır. Təbii ki, hamı bu yolu seçmir. Bayaq da qeyd etdiyim kimi kimlərin ki, fiziki durumunda, sağlamlıq durumunda, psixi vəziyyətində hansısa dəyişiklik baş verirsə, daha çox onlar belə hallara əl atırlar”.

Əhməd Qəşəmoğlu: "Cəmiyyətdə humanitar siyasətdə dəyişiklik olmalıdır”
 
Sosioloq Əhməd Qəşəmoğlu Toplum.Tv-yə açıqlamasında qeyd edib ki, intiharlar hadisələri  maddi dəyərlərin mənəvi dəyərləri üstələməsindən qaynaqlanır: "Bu intiharlar bir davranış hadisəsidir. Statistika onu göstərir ki, bədbəxt hadisələrin sayı çoxalıb. Bu hadisələrə üç güclü amilin təsiri var:
1. İnsanların yaşadığı şərait.
2. Aldığı informasiyanın xüsusiyyətləri.
3. İnsanların üstünlük verdiyi dəyərlər.
Çox təəssüf ki, cəmiyyətimizdə get-gedə maddi dəyərlər mənəvi dəyərləri təzyiq altına salmağa başlayır. Min illərdir, hər kəsə aydındır ki, bir cəmiyyətdə, bir toplumda maddi dəyərlərin təsiri güclənəndə, orada gərginlik artır. Biz çalışmalıyıq ki, bizim cəmiyyətimizdə maddi dəyərlər daha çox həlledici rol oynamasın. Mənəvi dəyərləri daha çox təbliğ etməliyik ki, insanlar bir-birilə mənəvi dəyərlərə görə yarışsınlar. Sovet dövründə də çox kasıbçılıq, iqtisadi cəhətdən pis vəziyyət idi. Lakin mənəvi dəyərlər ilə həmişə elə təsir ediblər ki, insanlarda indiki qədər özünü öldürmə, suisid hadisələri olmayıb. Bu məsələlərdə indi uşaqla arasında da ölüm hadisələri çoxalıb. Deməli, orta məktəblərə çox ciddi diqqət etmək lazımdır. Yeni nəslin artmasında problemlər var. 20-30 il bundan qabaq yeni nəslin böyüməsində həm ailə, həm cəmiyyət, həm də məktəb-üçü birlikdə ciddi rol oynayırdılar. Üçü də müsbət təsir edirdi. İndi təəssüf ki, həm ailədə, həm də cəmiyyətdə gərginlik xeyli artıb. Birbaşa ailədəki, cəmiyyətdəki gərginlikləri aradan götürməliyik". 
Картинки по запросу əhməd qəşəmoğlu
"Təhsil sisteminə, məktəblərə daha çox diqqət verilməlidir. Məktəb körpə uşaqların ev şəraiti, maddi-mənəvi sıxıntıları, hansı informasiyanı aldıqları, bu informasiyalarln onlarda hansı psixoloji təsirləri buraxdığı, uşaqların üstünlük verdiyi dəyərlərin hansı olması ilə maraqlanmalıdır. Bu sahədə Təhsil Nazirliyi ciddi tədbirlər görməlidir. Təhsil siyasətimizdə dəyişikliklər olunmalıdır. Bunları eyni zamanda bütün cəmiyyət üçün də demək olar. Burada televiziyalarımızda daha çox pozitiv yüklü verilişlər verməyə ehtiyac var. İnsanları həmişə neqativ informasiyalarla yükləmək düzgün deyil. Ümumən, cəmiyyətdə humanitar siyasətdə dəyişiklik olmalıdır. Bu sahədə ciddi elmi əsaslarla elmi fəaliyyət proqramları olmalıdır", - deyə sosioloq vurğulayıb. 

Şəhla İsmayıl: "Çox ağrılı vəziyyətdir!” 

Image result for Şəhla İsmayıl
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri, hüquqşünas Şəhla İsmayıl da hesab edir ki, bu hadisələrin baş verməsində sosial-iqtisadi amil dominantlıq təşkil edir:"Əslində, böyük bir araşdırma mövzusudur və təşkilatımız ailə-məişət zorakılığı zəminində olan qətləri araşdırır. Araşdırma zamanı çoxsaylı intiharlara da rast gəlirik. Bu fenomenin bir neçə səbəbi var, amma sosial problemlər və iqtisadi vəziyyət dominant fon təşkil edir. Elə bu fonda da baş verən ailə-məişət zorakılığından qaynaqlanan intiharlar var. Çox ağrılı vəziyyətdir!". 

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev isə mövzu ilə bağlı açıqlama verməyib. O, Toplum.Tv-nin sorğusuna: ”Mən tanımadığım sayta açıqlama vermirəm", - deyə cavab verib.
Картинки по запросу Musa Quliyev
Musa Quliyev
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Sadiq Gözəlov Toplum.Tv-yə bildirib: "Mən o suala cavab verməyə hazır deyiləm. Bunu hazırlaşmaq, dəqiqləşdirmək, analiz etmək sonra isə cavab vermək lazımdır”.
Похожее изображение
Sadiq Gözəlov

Dəyanət Rzayev: "İnsanlar, təəssüf ki, gələcəklərini görmürlər”

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, bu faciələr əsasən yaşam problemləri və kreditlərlə bağlıdır: "Ümumiyyətlə dünyada qəbul olunub ki, əsasən 40-dan yuxarı yaşı olan  kişilər, sağalmayan xəstəliyə tutulan, narkomaniya, alkoqolizmdən əziyyət çəkən insanlar özlərini öldürür. Son zamanlar devalvasiya, bankların təzyiqi, kreditlər, yaşam problemləri intiharlara səbəb olur. Görürsən ki, uşağın yanında belə söhbətlər edilir. Uşaq özü də ümidsiz böyüməyə başlayır. İnsanlar özləri üçün, təəssüf ki, gələcək görmürlər”.
Картинки по запросу Dəyanət Rzayev
Xatırladaq ki, Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report”un sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

Ancaq intiharın səbəbləri barədə nazirlik açıqlama verməyib.

Sevinc Paşa