AAYDA: "Saleh Məmmədovun oğlu deyil"

AAYDA:

27-06-2019 14:12 / Bu xəbər 1427 dəfə oxundu

"İspaniyanın İbiza şəhərində saatı oğrulanmış 22 yaşlı azərbaycanlı turist Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu deyil".

Bu barədə "Report”a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ötən gün bəzi xarici media resurslarında İspaniyanın İbiza şəhərində 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt sterlinq dəyərində saatının oğurlanması barədə məlumat yayılıb.

"Bu məlumatdan dərhal sonra ölkənin daxili və xarici siyasətinə, aparılan sosialyönümlü islahatlara kölgə salmaq məqsədi ilə mütamadi olaraq iqtidara, iqtidarın vəzifəli şəxslərinə və ailələrinə qarşı sifarişli, yalan və böhtan dolu məlumatlar yayan müxalifyönlü qüvvələr bu gəncin guya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin olduğu barədə yalan məlumatlar yaymışlar. Bu yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Belə ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmamış, Londondakı King’s College-də təhsil almayıb. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür”, - məlumatda qeyd edilib.

Vurğulanır ki, göründüyü kimi, bu, müxalifyönlü qüvvələrin iqtidarı təmsil edən vəzifəli şəxslərlə bağlı şər və böhtan dolu məlumatlar yaymaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi çirkin oyunlardan növbətisidir.