Abdin Fərzəliyev Əli Həsənova nələr bağışlayıb? — SİYAHI

Abdin Fərzəliyev Əli Həsənova nələr bağışlayıb? — SİYAHI

14-05-2020 10:04 / Bu xəbər 1331 dəfə oxundu

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin prezidentin keçmiş köməkçisi Əli Həsənova bahalı mülklər hədiyyə etdiyi bildirilir.

Bu barədə demokrat.az məlumat yayıb.

Məlumata görə, şəhid Samir Xasıyev adına parkda (keçmiş Montin parkı) 20 sot ərazidə 4 mərtəbəli villa Abdin Fərzəliyev tərəfindən tikilib tam təmir edilərək Ə.Həsənova bağışlanıb:
 
"Başçı rayonu öz malı kimi paylayıb. Məsələn, Nərimanov rayonunda Əhməd Rəcəbli 29 ünvanında 4 min kv metr sahəni əhatə edən 5 mərtəbəli bina (hansı ki iki mərtəbəsi "Mayomed medikal” tibb mərkəzinə icarəyə verilib, qalan 3 mərtəbəsində isə Həsənovların ailə şirkəti olan "Kaspi kids”, "Kaspi poliqlot” və "Kaspi abituriyent” yerləşir) da Fərzəliyev tərəfindən Həsənovlara hədiyyə edilib. Heydər Əliyev mərkəzinin yaxınlığında, Heydər Əliyev prospektində yerləşən və prezident İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına inşa edilən binalarda ümumi sahəsi 400 kvadratmetrdən artıq olan 3 mənzili də alaraq sabiq köməkçiyə hədiyyə edib. Onun Əli Həsənova bağışladığı daha bir obyekt elə həmin ünvanda 1-ci mərtəbədə yerləşən sahəsi 300 kv/metr olan qeyri-yaşayış sahəsidir”.

Nərimanov rayonunun, hətta paytaxtın ən elit və bahalı yerlərindən sayılan "Erməni qəbiristanlığı” adlanan ərazidə də A.Fərzəliyevin çox sayda obyektlərinin olduğu deyilir.

Bildirilir ki, həmin obyektlər özəl şirkətlərə icarəyə verilməklə başçının sərvətini artırır: "Eyni zamanda sözügedən ərazidə tikilən çoxsaylı binalar həddəna artıq baha qiymətə satılıb. 50 hektar ərazisi olan "Erməni qəbirsanlığı” adlanan ərazinin 5 hektarında park salınıb. Lakin böyük dövlət vəsaitləri hesabına salınan park hazırda baxımsızlıqdan məhv olmaq təhlükəsi ilə üz-üzədir. Qalan ərazi isə sotu 250-300 min olmaqla sahibkarlara satılıb. 15 il əzində 1200 sahibkara 500 obyektin torpağını satan icra başçısının təkcə "Erməni qəbirsanlığı”ndan qazandığı gəlir milyarddan artıqdır”.

"Nərimanov Rayon İcra Hakimiyyətində adi (?) vəzifədə işləyən Nurlan Həsənov bütün bu işlərində Abdin Fərzəliyevə kömək etməklə yanaşı, həm də başçının şərikidir”, - deyə məlumatda qeyd olunur: "Bu cütlüyün təkcə "Erməni qəbiristanlığı”nda onlarla obyektləri var”.

Nərimanov Rayon İcra Hakimiyyəti sorğuya cavab verməyib.