ABŞ-da aralıq seçkilər ikihakimiyyətliliyə səbəb olub

ABŞ-da aralıq seçkilər ikihakimiyyətliliyə səbəb olub

07-11-2018 16:00 / Bu xəbər 207 dəfə oxundu

Respublikaçılar Senatda, Demokratlar isə Nümayəndələr Palatasında möhkəmləniblər

ABŞ-da 100 senatordan 35-nin və bütün 435 konqresmenin seçilməsi ilə müşaiyət olunan aralıq seçkilər baş tutub.

Səsvermənin nəticələrinə görə, respublikaçılar Senat üzərində nəzarəti saxlaya biliblər və hətta mövqelərini bir az da möhkəmlədiblər. Amma bununla bərabər, onlar Nümayəndələr Palatasında çoxluğu əldən veriblər.

Seçkiyə qədər Senatda 100 yerdən 51-i respublikaçıların, 49-u isə demokratların idi. Aralıq seçkilərin ilkin nəticələrinə görə, respublikaçılar Senatda daha üç yer qazanıb və hazırda nisbət 54-ün 46-a, onların xeyrinədir.

Belə vəziyyət prezident Trampa hökumətdə təyinetmələri rahatlaşdırır. Prezidentin bu və ya digər vəzifəyə namizədini Senat təsdiqləməlidir.

D.Tramp seçkilərin ilkin nəticələri məlum olduqdan sonra "Twitter” mikrobloqunda bunu "Böyük uğur” kimi qiymətləndirərək, hamıya təşəkkür edib.

Nümayəndələr Palatasında isə, demokratlar üstünlük əldə ediblər. Hazırda onların 238, respublikaçıların 197 mandatı var.

Amerika mətbuatı qeyd edir ki, nəticələrin rəsmi elan edilməsinə bir neçə gün qalsa da, artıq indidən demək olar

ki, demokratlar minimum vəzifənin öhdəsindən gəldilər və bundan sonra bu qələbədən bəhrələnə bilərlər.

"Fox News” telekanalı hesab edir ki, demokratların ilk addımlarından biri Trampın seçkiöncəsi qərargahının Rusiya ilə sövdələşməyə girməsinin araşdırmasını bərpa etmələri olacaq.

"KTLA” telekanalı isə düşünür ki, demokratlar Trampın zəif nöqtələrində biri, onun şəxsi maliyyə məsələlərini müzakirəyə çıxarıb, vergi bəyannamələrini tələb edəcəklər.

"BBC Azərbaycan” xidmətinin məlumatına görə bu il ABŞ-da qadınların seçkilərə qatılması rekord sayda olub. 

New York ştatında 29 yaşlı demokrat Alexandria Ocasio-Cortez-in ən gənc qadın konqres üzvü olacağı gözlənir.

Somali qaçqını olan 37 yaşlı İlhan Omar və Fələstin mühacirinin qızı Rashida Tlaib aralıq seçkilərində Nümayəndələr Palatasına seçilən ilk müsəlman qadın olacaqlar.

İlkin məlumatlara görə, Nümayəndələr Palatasına 60-a yaxın qadın seçilib.

Hələ nəticələri açıqlanmamış ştatlar olsa da, bu saatadək seçilən qadınların sayı bütövlükdə 1999-2001-ci illər ərzində seçilən qadın nümayəndələrin sayından daha çoxdur.