ABŞ-da prezident seçkiləri... - Kim qazanacaq? - Elman Fəttah

ABŞ-da prezident seçkiləri... - Kim qazanacaq? - Elman Fəttah

06-11-2016 23:02 / Bu xəbər 2942 dəfə oxundu

Müəllif: Elman Fəttah
 



(Winner takes all) - Qalib tamamını qazanır... 

ABŞ-da ştatların böyük əksəriyyətində ənənəvi olaraq Respublikaçıların və ya Demokratların üstün olduğu əvvəldən bilinir. Bu baxımdan ştatlarda kimin qalib gələcəyindən daha çox, hansı ştatın Seçici Heyətinə (Electoral College) neçə nümayəndə göndərəcəyi əhəmiyyətlidir. Ştatların əhali sayı zamanla dəyişdiyinə görə 10 ildən bir keçirilən siyahıyaalma nəticəsində Seçicilər Heyətindəki üzv sayı da dəyişikliyə məruz qalır...
2010-cu ildə keçirilən siyahıyaalma göstərir ki, 10 ştatın Seçicilər Heyəti üzvlərinin sayı azalıb, 8 ştatda isə artıb. Qalib gəlmək üçün namizədlərdən biri 50+1 ştatdan seçilən 538 nümayəndədən 270-ni qazanmalıdır.

Namizədlərin seçki kampaniyası loqoları

ABŞ-da növbəti prezident seçkiləri 8 noyabr 2016-cı il tarixdə keçiriləcək. Bu, ABŞ-da 58-ci prezident seçkiləridir. İndiki prezident Barak Obama bu vəzifəyə iki dəfə seçildiyi üçün növbəti dəfə namizədliyini irəli sürə bilməyəcək.

Prezident seçkilərinin ənənələrinə uyğun olaraq, keçirilmiş praymerizlə (ilkin seçkilər) Demokratilar Partiyasının namizədi Hillari Klinton, Respublikaçılar Partiyasının namizədi Donald Tramp, Liberallar Partiyasının namizədi Gari Conson və Yaşıllar Partiyasının namizədi Jill Stein olmaqla, 4 namizəd müəyyən edilib. Yarış isə əsasən Klinton və Tramp arasında gedir.

İlkin seçkilər

Prezident seçkilərinə qatılan hər siyasi partiya namizədini öz içindən müəyyən edir. ABŞ Konstitusiyasında bu namizədləri müəyyən etməyi tənzimləyən heç bir hökm yoxdur. Ancaq illər ərzində partiyalar tərəfindən bu prosesi tənzimləyən bəzi ənənələr ortaya çıxıb. Partiyalar namizədlərini ilkin seçkilər yolu ilə müəyyən edir. Bu ilkin seçkilər ştatlara görə "Primary" və ya "Caucus" üsulu ilə keçirilir. "Primary" metod partiyanın tərəfdarı olan hər bir ABŞ vətəndaşına açıqdır. "Caucus" metodundan isə ancaq partiyanın rəsmi üzvləri yararlana bilirlər.

Demokratlar Partiyasının namizədi olmaq üçün ən azı 1237 nümayəndə tələb olunurdu.
Legitim namizəd Hillari Klinton
Legitim namizəd Hillari Klinton

Respublikaçılar Partiyasının namizədi olmaq üçünən azı 1237 nümayəndə tələb olunurdu.

Legitim namizəd Donald Tramp
Legitim namizəd Donald Tramp.

Prezident seçkiləri sistemi

ABŞ seçkiləri haqda "sistem" kəlməsini söyləmək mümkünsüzdür. Sistemin əsasını məhz sistemsizlik təşkil edir. Bu da çox qarışıq və yalnız Amerikaya məxsus bir sistemdir. Bu səbəbdən də Amerikadan başqa heç bir ölkədə bu sistemi (sistemsizliyi) tətbiq etmək mümkün deyil. Qaydalar isə bəzən nəinki hansısa ştata görə, ilkin seçkilərdə, hətta məhəllələrə görə dəyişir.

ABŞ-da seçkilər prezidenti və vitse-prezidenti seçmək məqsədilə hər 4 ildən bir (1792-ci ildən başlayaraq) noyabr ayının ilk bazar ertəsindən sonrakı çərşənbə axşamı günündə keçirilir. Bu düsturla seçkilərin günü illərə görə - 2 və 8 noyabr arasında dəyişir. Son prezident seçkisi isə 6 noyabr 2012-ci il tarixində keçirilib. Prezident seçkisinin nəticələri yanvar ayında ABŞ Konqresi tərəfindən təsdiq edilir. Yeni seçilmiş prezident vəzifəsinin icrasına yeni ildə, yəni yanvar ayının 20-də başlayır.

Digər ölkələrdəki sistemlərdən fərqli olaraq, burada seçicilər, əslində, birbaşa prezidenti və vitse-prezidenti seçmirlər. Ştatlarını Seçicilər Heyətində (Electoral College) təmsil edən nümayəndələri seçirlər. Seçkilərdən sonra isə Seçicilər Heyəti Məclisi toplanaraq prezident və vitse-prezident seçkilərini həyata keçirir. Hər ştatın Seçicilər Heyətindəki nümayəndə sayı həmin ştatın Senat və Nümayəndələr Məclisi üzvlərinin cəminə bərabərdir. ABŞ-ın paytaxtı Vaşinqton da (Federal bölgə) Seçicilər Heyətinə ən az nümayəndə göndərən ştatla eyni sayda üzv təqdimetmə hüququna malikdir. Yalnız Puerto Riko, Quam, Amerika Samoası kimi ABŞ-a məxsus torpaqlarda yaşayan sakinlər prezident seçkilərində səs vermək hüququna malik deyillər.

ABŞ-da prezident ölkə səviyyəsində namizədlərin seçicilərdən aldığı səs nisbətinə görə deyil, Seçicilər Heyətinin seçkidən dərhal sonra toplanan məclisində nümayəndələr arasında qazandığı səs sayına görə müəyyən edilir. Bir sözlə, ABŞ-da prezident seçkiləri məhz Seçicilər Heyəti üzvlərinin təyin olunma əsası üzərində qurulmuş bir sistemdir. Yəni seçkidə iştirak edən seçicilər, əslində, dəstəklədiyi namizədi seçmir, namizədi təmsil edəcək Seçicilər Heyəti üzvünü (Electoral Vote) seçir.
 
Yuxarıda qeyd etdiyimiz kimi, bu qayda üzrə təkcə ABŞ-ın paytaxtı Vaşinqton istisnadır, çünki paytaxt xüsusi bir statusa malikdir. Onun senator və ya Nümayəndələr Məclisi üzvləri də yoxdur... 

"Winner takes all" (Qazanan tamamını qazanır.)

Əvvəldə qeyd etdiyimiz kimi, ümumi seçkidə ştatda ən çox səs qazanan namizəd Seçici Heyətinin hamısının səsini qazanmış olur. Yəni bir səs fərqi ilə seçkini qazanan namizəd bütün nümayəndələrin səsini qazanmış olur. Digər tərəfdən isə Seçicilər Heyətindən ibarət bu məclis tamamilə simvolik bir vəzifəni icra edir. Çünki seçilmiş nümayəndələr hansı namizəd üçün seçilmişlərsə, prezidenti seçərkən mütləq o namizədə səs vermək məcburiyyətindədir. Məhz tam əksəriyyətini (538 nümayəndədən 270-ni) qazanan namizəd prezident seçilir.

Burada digər bir məqam da diqqət çəkir. Belə ki, bu sistemə görə bəzən ümumi səsvermədə digər namizədlə müqayisədə az səs alan namizədin prezident seçilməsi də mümkündür. Məsələn, 2000-ci il prezident seçkilərində Demokratlar Partiyasının namizədi Albert Qor ölkə miqyasında Respublikaçılar Partiyasının namizədi Corc Buşdan çox səs qazansa da ( 500.000 çox səs almasına baxmayaraq), Florida da 500 səslə Buşa uduzdu və bu ştatın 27 nümayəndəsini itirdi. Nəticədə Corc Buş Seçicilər Heyətinin üzv sayına görə, yəni 271-266 fərqlə üstünlük qazanaraq, prezident seçildi.

Bu səbəbdən namizədlər kampaniyalarında seçici nümayəndə sayı yüksək olan əyalətlərə daha çox diqqət ayırırlar. Sistemə görə Nyu Gersi (14), Cənubi Carolina (15), Mikiqan (16), Georgia (16), Ohayo (20), İllinois (20), Pennsilvaniya (21), Nyu York (29), Florida (29) Texas (34 səs), Maryland (10), Vircinya (13) və Californiya (55) kimi 13 ştatı qazanan namizəd, geri qalan digər bütün ştatları (37ştat + Vaşinqton) itirsə belə, Amerika prezidenti seçilə bilər.

"Blue states" (mavi ştatlar), "red states" (qırmızı ştatlar)

İndi isə seçkilərdə favorit olan partiyaların siyasi və ictimai görüntüsünə diqqət edək:
 
Amerika siyasi ənənəsində Demokratlar Partiyasının rəngi mavi, Respublikaçılar Partiyasının rəngi isə qırmızıdır. Amerika mediası da seçki xəbərlərində Demokratların qazandığı ştatları xəritədə mavi, Respublikaçıların qazandıqları ştatları isə qırmızı rənglə təqdim edir. Uzun müddətdir ki, Demokratların qazandığı ştatlar, demokratların qalası mənasında - "blue states", Respublikaçılar Partiyasının qazandığı ştatlar isə - "red states" ifadəsi ilə xatırlanır. Bu iki partiya arasında tərəf dəyişdirən ştatlara isə "swing states - sürüşkən ştatlar" deyilir.

Hər seçkidə olduğu kimi Florida, Pennsilvaniya, Ohayo döyüşü isə əbədi davam edir... Bəs bu ştatları digərlərindən fərqləndirən nədir?

Bu üç ştat da, əslində,"sürüşkən ştatlar" kateqoriyasındandır. Yəni hər seçkidə iki partiyadan birinə tərəf olurlar. Ancaq bu üçünü digər sürüşkən ştatlardan əhəmiyyətli edən Seçici Heyətində nümayəndə sayının çox olmasıdır. Həmçinin bu üç ştat "key states (açar ştatlar)" adlandırılır. Məsələn, Seçici Heyətində Floridanın 29 səsi var. Yəni seçkilərdə yalnız Floridanı qazanmaq, Alyaska, Cənibu Dakota, Delaveyr, Şimali Dakota, Vermont, Vyominq, Montana və Nyu Hampşeyr kimi ştatlarının tamamını qazanmaqdan daha əhəmiyyətlidir.

Vircinya, Cənubi Carolina və Koloradonun xüsusiyyəti nədir?

Demək olar ki, bütün seçkilərdə bu 3 ştatın səsini Respublikaçılar qazanıb və xəritədə qırımızı rənglə təqdim olunmaları da məhz bununla bağlıdır. Yalnız 2008-ci ildə Barak Obama bu üç ştatda böyük sürprizlə qarşılandı, yəni hər üç ştatın səsini tam qazana bildi.
 
Çikaqo, Nyu York, Los Angeles kimi böyük şəhərlərə gəlincə isə namizədlər demək olar ki, burada kampaniya aparmırlar. Bu da "Electoral College" sistemindən qaynaqlanır. Bu böyük şəhərlərin bağlı olduğu ştatları kimin qazanacağı hardasa əvvəlcədən qəti olduğu üçün namizədlər burada kampaniyaya əlavə vaxt sərf etməməyi üstün tuturlar. 

Seçki 2016: Klinton, yoxsa Tramp?
 
ABŞ-da keçiriləcək seçkilərlə bağlı əksər ekspertləri düşündürən aktual suallardan biri də budur; Kim qazanacaq: Klinton, yoxsa Tramp?

Seçki kampaniyası dövründə Demokratların namizədi Hillari Klinton ilə Respublikaçı rəqibi Donald Tramp arasında gedən yarışın əks-sədası artıq pik nöqtəyə çatıb. Belə ki, namizədlərin canlı yayında, milyonlarla seçicinin qarşısında keçən tele-debatları bu yarışın əhəmiyyətli məhək daşlarındandır. Demokratlar və Respublikaçılar arasında keçirilən anket sorğusuna görə Klinton Tramp qarşında daha yaxşı performans göstərə bilib. Anketə qatılan demokratların 99%-i və Respublikaçıların 57%-i Klintonun qazandığını düşünür. Buna baxmayaraq, Respublikaçılar arasında Trampın performansını bəyənənlər 68%-dir. Demək olar ki, ştatlara görə üstünlüyün hansı namizəddə olduğu artıq bəllidir... 

Canlı müzakirənin isə əsas mövzuları miqrasiya, milli təhlükəsizlik, terrorizm, iqtisadiyyat, səhiyyə sistemi, ticarət, məşğulluq, cinayət nisbəti və irqçilik olub. Xarici siyasətdə "şahin" olaraq təqdim edilən Klinton, İraq işğalını və ABŞ-ın Liviyaya hava hücumlarını müdafiə edib. Klinton həmçinin düşünür ki, ABŞ İŞİD-lə mübarizədə daha geniş və böyük rol oynamalıdır. Eyni zamanda o, Əfqanıstanda ABŞ hərbi varlığının mövcudluğunun tərəfdarıdır.

Tramp isə başından bəri İraq müharibəsinə qarşı olduğunu söyləyir. Ancaq Trampın əvvəlki şərhləri bunun əksini göstərir. Tramp Rusiya lideri Vladimir Putinlə daha yaxın əlaqələr qurmağı düşündüyünü bəyan edir. Xarici siyasətdə Amerika maraqlarına üstünlük verilməsi lazım olduğunu müdafiə edən Tramp İŞİD-lə mübarizə üçün on minlərlə ABŞ əsgərinin döyüşməsi lazım olduğunu ifadə edərək bu məsələdə sistemsiz yanaşma sərgiləyir.

Namizədlərin zəif nöqtələri hansılardır?

Şərhçilər hesab edirlər ki, Klinton Trampı vergi bəyannaməsini açıqlamaması, həmçinin keçmişdə qadınlar, etnik və dini qruplar kimi mövzularda sərgilədiyi mövqeyinə görə tutarlı faktlarla küncə sıxışdırıb. Klintonun: "Niyə vergi bəyannaməsini açıqlamır? Bəlkə, söylədiyi qədər zəngin, iddia etdiyi qədər xeyriyyəçi deyil. Bəlkə, heç Amerika xalqına vergi ödəmədiyini də söyləmək istəmir", - zərbəsinə Tramp: "Ağıllıyam da ondan", - şəklində cavab verir.

Öz növbəsində Tramp Klintonu Dövlət Katibi olduğu müddətdə Amerikanın hərbi sirlərini şəxsi e-mail yazışmasına daşımaqla cinayət işləməkdə, eyni zamanda prezidentlik üçün qeyri-ciddi adam olmaqda ittiham edir. Analitiklər Klintonun Tramp qarşısında özünə əmin, üstün və yumor hissi qüvvətli bir namizəd olaraq çıxdığı mövzusunda həmfikirdir. Ancaq bəzi şərhçilər Klintonun özündən razı göründüyünü və ABŞ xalqına ölkəyə gətirəcəyi dəyişiklikləri yaxşı anlada bilmədiyi qənaətindədirlər.

Sorğu anketləri nə deyir?

Onu da qeyd edək ki, bəzi ştatlarda hələ də qərar verməyən seçicilər var və onlar kimə səs verəcəklərini müəyyənləşdirmədiklərini qeyd edirlər. ABŞ-dakı son sorğular Klintonun 46.7%, Trampın isə 44.3% nisbətdə səs qazanacağını göstərir. CNN televiziyasının anketinə görə demək olar ki, Klinton (44%) və Tramp (42%) başa-baş yarışırlar... 
 
Namizədlərin siyasi mövqeyi necədir? 

Donald Tramp – O, daxili siyasətində "emiqrantlar, meksikalılar və müsəlmanlara istiqamətli irqçi" üslubu ilə həddindən artıq "Qırmızı sağ" xətt qoyur. Xarici siyasətdə isə "Amerikanı ən böyük etməkdən" söz etsə də, amerikan elitasının tüklərini biz-biz edəcək tipdədir. Çünki Rusiya ilə yaxşı əlaqələr istəyir, NATO müqaviləsinin 5-ci maddəsi əleyhinə müttəfiqlərini "müftə müdafiə" etməyəcəyini bildirir. Bu səbəbdən hələ ki, təkcə "Rus agenti" elan edilmədiyi qalıb! O, eyni zamanda Dünya Ticarət Təşkilatından çıxmağı təklif edir. Seçilərsə, Amerikaya, hətta bütün dünayaya keçmiş olsun...

Hillari Klinton – Amerikanın ilk qadın prezidenti olma ehtimalı ilə xeyli cəlbedici görünür. Digər tərəfdən, Obamanın I prezidentlik dövründə Dövlət Katibi işləyib və elə də uğurlu siyasi gedişləri ilə yadda qalmayıb. Bəzi analitiklərə görə, Demokratların Obama dövründə ABŞ-ın xarici siyasətindəki "çəkingənliyi" Klintonun "şahinliyi" ilə əvəz olunacaq. Rusiyaya münasibətdə isə Trampdan fərqli olaraq, daha qətiyyətli siyasət yürüdüləcək. Demokratlara xas liberal siyasət sayəsində ABŞ ənənəvi olaraq iqtisadi baxımdan möhkəmlənir. Bu, Klinton zamanında daha da güclənəcək.

Ümumiyyətlə, əksər analitiklərin qənaəti belədir ki, Trampla müqayisədə xanım Klinton həm Amerika cəmiyyətinin gələcəyi, həm də dünya ictimaiyyəti üçün ideal namizəddir.

Əlbəttə, bu qənaətlərlə razılaşmamaq mümkün deyil. Çünki Tramp Amerika cəmiyyəti üçün ənənəvi namizəd tipi olmadığı kimi, ABŞ-ın xarici siyasəti və dünya təhlükəsizlik sistemi üçün də təhlükə vəd edən siyasi fiqurdur. Təsadüfi deyil ki, namizədi olduğu Respublikaçılar Partiyasının tanınmış liderləri belə onu müdafiə etməkdən imtina edirlər. Trampın Respublikaçıların namizədi ola bilməsi faktı isə eyni zamanda Amerikan cəmiyyətinin Vaşinqton istebilişmentinə qarşı protestidir. Bu baxımdan Tramp faktı həm də Amerika siyasi elitası üçün antibiotik rolu oynayır.

Onun Amerikanın xarici siyasətdə daha çevik olacağı ilə bağlı analizləri isə o qədər də qəti deyil. Mənim fikrimcə, yaxın gələcəyin Amerikasının xarici siyasəti dünyada baş verən problemlərin üstünə "balıqlama atlama"qdan çox uzaq müstəvidə gedəcək və Amerika daha çox "öz qınına" çəkilmə siyasəti yeridəcək. Ona görə də kimsə Amerikanın dünyanın hər tərəfinə yetişmək üçün xüsusi səy sərf etməsini bir müddət gözləməməlidir...
 
Meydan.Tv