ABŞ-da qəbul olunan qanuna Azərbaycandan reaksiya

ABŞ-da qəbul olunan qanuna Azərbaycandan reaksiya

09-12-2016 18:51 / Bu xəbər 1625 dəfə oxundu

Elman Nəsirov: "Bu təzyiqlər Azərbaycanı qorxuda bilməz"

"ABŞ Maqnitski qanununu qəbul etməklə ayrı-ayrı dövlətlərdə insan hüquqlarının tapdalanması, korrupsiya halları və digər məsələlərlə bağlı təzyiq və təsir mexanizmlərini özündə ehtiva edir. Və bu nöqteyi nəzərdən Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir və ABŞ-ın müxtəlif QHT-ləri, Dövlət Departamenti və digər qurumların timsalında Azərbaycanla bağlı qeyri-obyektiv və qərəzli yanaşmaların şahidi olmuşuq". 
Картинки по запросу elman nəsirov
Bunu Toplum.Tv-yə siyasi şərhçi, deputat Elman Nəsirov ABŞ-da qəbul edilmiş qanunu şərh edərkən deyib. 

Onun sözlərinə görə, bu təzyiqlər Azərbaycanı qorxuda bilməz: "Azərbaycanın belə təzyiqlərdən qorxacağı bir şey yoxdur. Çünki bu bir çox hallarda subyektiv amillərdən çıxış edərək Azərbaycandakı inkişaf proseslərini, demokratik inkişaf yollarını gözügötürməyən qüvvələr bir çox hallarda belə təzyiq üsullarına əl atıblar. Hesab edirəm ki, belə qanunların qəbulu Azərbaycanı hədəf götürə bilməz. Azərbaycan öz yolu ilə gedərək, ümumbəşəri dəyərlərə və demokratik prinsiplərə hörmətlə yanaşır. Ona görə də, belə qanunların qəbulu Azərbaycana münasibətdə deyil, digər ölkələrə münasibətdə təzyiq elementlərini özündə ehtiva edə bilər. Azərbaycanla yalnız  bərabərhüquqlu, qarşılıqlı münasibətləri ola bilər. Bundan kənarda münasibətləri Azərbaycan qəbul etmir, qarşı tərəflərdən də Azərbaycanla münasibətdə hörmətli davranışı tələb edir. Bizim başqa dövlətlərlə münasibətimiz yalnız bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri şəklində ola bilər. Azərbaycan da dünyada məhz belə tanınır və qəbul edilir”.
 
Əsabəli Mustafayev: "Yaxın zamanlarda qanunun nəticəsini görəcəyik”

Hüquq müdafiəçisi Əsabəli Mustafayev hesab edir ki, ABŞ Konqresinin qəbul etdiyi qanunun Azərbaycanda işləkliyi sınaqdan keçdikdən sonra bəlli olacaq: ”Hər halda bu qanunun qəbulu gələcəkdə ediləcək hərəkətlərdən xəbər verir. Düşünürəm ki, hər halda bu qanun geniş şəkildə olmasa da, adları qanunsuz həbslərlə bağlı çəkilən şəxslərə qarşı tətbiq ediləcək. Bu aktın qəbul olunması Beynəlxalq Hüquq Müdafiə təşkilatlərinin təzyiqi və səyləri ilə bağlıdır. Həmin təşkilatlar bu qanunun işlək olmasına cəhd edəcəklər. Güman ki, yaxın zamanlarda qanunun nəticəsini görəcəyik”.
Картинки по запросу Əshabəli
Xatırladaq ki, ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (Global Magnitsky Human Rights Accountability Act) qəbul edib.

Yeni qanuna görə, 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanununun təsir dairəsi qloballaşır. Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir. 

Habelə kimlərə sanksiyalar qoyulması barədə qərar qəbul edərkən prezidenti QHT-lərin rəylərini nəzərə almağa yönəldir. Bu halda prezident sanksiyalarla hədəflənmiş fərdlərin adlarını açıqlamağa borcludur.

Ofelya Ramilqızı