ABŞ Konqresi Trampa İrana qarşı ordudan istifadəyə icazə vermədi

ABŞ Konqresi Trampa İrana qarşı ordudan istifadəyə icazə vermədi

10-01-2020 12:36 / Bu xəbər 450 dəfə oxundu

ABŞ Nümayəndələr Palatası qanunvericilərin müvafiq icazəsi olmadan prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə etmək imkanlarını məhdudlaşdıran qətnaməni təsdiqləyib.

"TASS” xəbər verir ki, iclas qanunverici orqanın aşağı palatasının saytında yayımlanıb.

Qətnamə "ABŞ-a silahlı hücum” baş vermədiyi müddətcə və ya ABŞ administrasiyası Konqresdən icazə alana qədər İrana qarşı və ya onun ərazisində hərbi əməliyyatlara başlamağa icazə vermir.

Bənzər qətnamə respublikaçıların nəzarətində olan Senata təqdim edilib. Qətnamənin yuxarı palata tərəfindən də qəbul ediləcəyi istisna olunmur.

ABŞ Nümayəndələr Palatasının prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən icazəsiz istifadə etməsini qadağan edən qətnaməsi Ağ Ev tərəfindən müsbət qiymətləndirilməyib.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli bildirib.

O, Trampın prezident olaraq ölkəni və amerikalıları terror fəaliyyətindən qorumaq hüququna sahib olduğunu vurğulayıb. Onun fikrincə, "ABŞ Prezidentinin addımları dünyanı daha təhlükəsiz bir yerə çevirir”.

Qidli qətnaməni ölkənin hərbi qüvvələrinin İranın terror fəaliyyətlərinin qarşısını almaq qabiliyyətinə xələl gətirəcək bir səhv adlandırıb.