“ABŞ-la Azərbaycan arasında yeganə problem Qarabağ münaqişəsidir” – Elxan Şahinoğlu

“ABŞ-la Azərbaycan arasında yeganə problem Qarabağ münaqişəsidir” – Elxan Şahinoğlu

14-03-2019 17:32 / Bu xəbər 1634 dəfə oxundu

Prezident İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib.

İlham Əliyev görüşdə bildirib ki, Örl Litzenberqerin səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə əmindir.

Daha sonra  həm İlham Əliyev, həm də Örl Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və inkişafından məmnunluq ifadə ediblər. 

Bəs yeni səfirdən gözləntilər nələrdir?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yeni səfirdən gözləntiləri və ABŞ-Azərbaycan münasibətlərini şərh edib.

Politoloq ABŞ-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini sadalayıb: "ABŞ Azərbaycanla əsas 4 istiqamətdə əməkdaşlıq edir: İqtisadiyyat, enerji, təhlükəsizlik və demokratik institutların inkişafı. Son illər Vaşinqton Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik sahəsinə daha çox önəm verir”.

O qeyd edib ki, ABŞ Əfqanıstanda apardığı terrorla mübarizədə müsəlman ölkələrini də yanında görmək istəyir: "Azərbaycanın ABŞ-a Əfqanıstanda verdiyi dəstək Vaşinqton üçün önəmlidir. Vaşinqton Əfqanıstanda terrorla mübarizə aparır və müttəfiqlər içərisində müsəlman dövlətləri də görmək istəyir. Azərbaycan azsaylı müsəlman ölkələrdəndir ki, Əfqanıstanda ABŞ-ın yanında yer alıb”.

Azərbaycan Ordusunun  22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixdən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlayıb. 

Növbəti illərdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılıb.

Məlumat Müdafiə Nazirliyinin rəsmi saytında da yerləşdirilib.

Elxan Şahinoğlu açıqlamasında bildirib ki, iki ölkə arasında münasibətlər əsasən neft-qaz kontraktları ilə bağlıdır: "ABŞ Azərbaycan qazının Avropaya nəqlində də vacib rol oynayır. ABŞ faktiki bu məsələdə Azərbaycana lobbiçilik edir. ABŞ Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq istəyir. Azərbaycan qazı Avropa üçün önəmli alternativlərdən biridir. Buna görə də Vaşinqton Avropanı Azərbaycan qazını almağa təşviq edir. Bu Azərbaycanın maraqları ilə də üst-üstə düşür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev açıqlamalarında bir neçə dəfə ABŞ-a xüsusi minnətdarlığını bildirib ki, Vaşinqton 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə siyasi dəstək verdi. İlham Əliyev bunu ona görə hər dəfə xatırlayır ki, bu boru xəttinin və Azərbaycan nefitinin dünya bazarlarına Türkiyə üzərindən nəqlinə mane olmaq istəyən xarici güclər var idi və Vaşinqton həmin xarici güclərlə mübarizədə Azərbaycana dəstək verib. Vaşinqton 1994-cü ildə Bakıda "neft kontraktı”nın imzalanmasına da dəstək verdi. Halbuki Moskva bu kontraktın imzalanmasının əleyhinə idi”.

"ABŞ-la Azərbaycan arasındakı əməkdaşlıqda yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk Qrupunun 3 həmsədrindən biri olmasına baxmayaraq, son 19 ildə münaqişənin həlli üçün səy göstərmir. Rusiya əsas vasitəçiyə çevrilib. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Moskva münaqişənin ədalətli həllində maraqlı deyil. Azərbaycan ABŞ-ın münaqişənin həllindəki səylərini artırmasını istəyir. Yeni səfir, əlbəttə ki, Qarabağ mövzusunda müxtəlif açıqlamalar verəcək, ancaq münaqişənin həlli prosesi səfirdən və onun fəallığından asılı deyil. Münaqişənin həlli prosesində Dövlət Departamenti fəal rol oynamalıdır”, –  Elxan Şahinoğlu qeyd edib.

Bakıda 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalanıb.

Müqavilə ABŞ da daxil olmaqla səkkiz ölkə və 13 neft şirkəti ilə  imzalanıb. Daha sonra həmin müqavilə  Azərbaycanda "Əsrin müqaviləsi” adlandırılıb. 

Yeni səfirə gəlincə, o, daha əvvəl ABŞ Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsində çalışıb. Bundan əlavə, Əfqanıstan, Serbiya, Qırğızıstan, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdə diplomatik xidmətdə olub.

Uğur Fərzəlisoy
Toplum Tv