ABŞ-la "dava-dava" oyunu İrana sərf edirmi?

ABŞ-la

12-01-2020 17:57 / Bu xəbər 442 dəfə oxundu

Güney Azərbaycanda və İran İslam Respublikasının müxtəlif şəhərlərində baş verən sosial etiraz mahiyyətli iğtişaşlardan elə də çox keçməyib.

Minlərlə insan küçələrə çıxdı, yüzlərlə insan həbs olundu, onlarla insan öldürüldü və yaralandı… Rejim sırf ayaqda qalmaq naminə, insanların üzərinə cəza dəstələri sürdü. Və danılmazdır ki, bu "mübarizə”də SEPAH-ın qoluzorbaları, "inqilab keşikçiləri” də az fəallıq göstərmədilər.

Və buna görə də, Şimali Azərbaycanda SEPAH generalı Qasım Süleymaninin ölümünə sevinənlərin olması anlaşılandır – dini rejimə qarşı olanların sidq ürəkdən SEPAH düşməni də olması bu məqamlardan doğur. Mən İsrail və ABŞ tərəfdarlarını bu "sevinənlər siyahısı”ndan çıxıram, ancaq vətənpərvər cameədən danışıram.

Süleymaninin ölümünə üzülənlərin də olması qismən anlaşılandır, çünki ortada İslam faktoru və imperializmin Yaxın Şərqdəki əməllərinə dirəniş amili var. İnanclı insanlar üçün Süleymani kimi adamlar "Villiam Vollos” kimi mübarizə simvoludur.

Sırf şərqçilik məsələsinə görə, Süleymaninin ölümünə mən də üzüldüm, niyə gizlədim… Həm də, ona görə üzüldüm ki, Yaxın Şərqdə vəziyyət yenidən gərginləşəcək və qəlpələri bizim soydaşlarımıza da sıçrayacaq.

Rejimə isə Süleymaninin qətli yeni bir fürsət yaratdı – xalqı öz ətrafında birləşdirmək üçün. İntiqam çağırışları, "Amerika və İsrailə qarşı yumruq olmaq” ideyası cəmiyyətdə ərşə qalxdı. Lakin sonra nə oldu? İran kor-təbii şəkildə aqoniyaya girdi – Trampın məqsədi də bu idi: Tehranı çaşdırmaq!

Və Tehran çaşaraq, necə gəldi davranmağa başladı. Ukrayna təyyarəsini vuraraq, günahsız insanların həyatına son qoydu. İndi isə İran küçələrində tələbələr rejimin bu fərsiz əməllərinə etiraz edirlər… Şübhəsiz ki, bu etirazlar zor gücünə yatızdırılacaq.

Rejim bir yolunu axtarıb, yenə cəmiyyətdə birlik təmin etməyə çalışacaq.

Ayətullahlar yenə xalqa çağırış edərək, ABŞ-a qarşı bir olmağa, xarici düşmənlərə qarşı bərabər mübarizə aparmağa səsləyəcək… Və beləcə, xarici düşmən faktoru molla rejiminin yeganə xilası olacaq.

Göründüyü kimi, ABŞ-İRAN konfliki Trampa da, Xameneyiyə də sərf edir.

Mənə hərdən elə gəlir ki, onlar öz aralarında yazışır, "dünyanı barmağımıza babat dolamışıq ha!” deyərək gülüşürlər…

Əlavə qeyd (bitərəf və nisbi yanaşma): Amerika da o vaxtı bilməmişdi, çaşıb Yaponiyaya 2 atom bombası atmışdı… Və yaxud da, bir məsəli yada salaq: varlı içəndə "kefkom” deyirlər, kasıb içəndə "alkaş”. İranı hamı qınayır, Amerikanı az qala hər gün törətdiyi cinayətlərə görə qınayanlar elə çox deyil, çünki hamının gözü-qulağı öyrəşib.

Rüfət Əhmədzadə
Yazı müəllifin bloqundan götürülüb.