ABŞ Rusiyanı FİFA-dan 5 milyona səs almaqda ittiham etdi

ABŞ Rusiyanı FİFA-dan 5 milyona səs almaqda ittiham etdi

07-04-2020 15:56 / Bu xəbər 336 dəfə oxundu

2018-ci ildə keçirilən və 2022-ci ildə olacaq futbkl üzrə Dünya Çempionatına ev sahibliyi edən ölkələrin seçkiləri 2010-cu ildə keçirilib.

Həmin ərəfədə bir sıra qalmaqallar, istefalar və FİFA-nın "təmizlənməsi” dünya mediasının gündəmi olub.

2018-ci ildə Dünya Çempionatı Rusiyada baş tutsa da, ABŞ Prokurorluğu FİFA-nın İcraiyyə komitəsinin üzvlərinə "rüşvət təklif etmə" hallarını araşdırır.

Ədliyyə Nazirliyi gözlənilmədən ilkin nəticələri elan edərək faktiki olaraq Rusiyaya qarşı ittiham irəli sürüb. 

İttihama görə Rusiya rəsmiləri o zaman İcraiyyə komitəsinin üzvü olan FİFA-nın keçmiş vitse-prezidenti Cek Uornerə rüşvət verib.

Çox səhifəlik sənəddə qeyd olunan rüşvət sxemi qısa şəkildə, bir neçə məqamda təsvir edilib (Uornerin bir çox başqa problemləri var – teleyayım, Cənubi Afrikada 2010-cu ildə Dünya Çempionatın keçirilməsi üçün rüşvət). 

Sənəddə ən vacib məqamlar isə bunlardır:

• Rusiya səsvermədən əvvəl Uornerə DÇ-2018-in ev sahibi olan ölkənin seçilməsində onların lehinə səs verməsi üçün 5 milyon dollar vəd edib. Həmçinin Rusiya Qvatemala İcraiyyə Komitəsinin üzvü Rafael Salqeroya 1 milyon rüşvət verməyə çalışıb.

• 2010-cu ilin noyabrın 1-də Uornerin katibi, №3 iştirakçıdan (cinayət sxemində olan iştirakçılar adları deyil, sıra nömrələ ilə qeyd olunub) sirli elektron məktub alıb. 

Məktubda belə yazılıb: "Ona bildirin ki, razılaşdırılanlar bu həftə baş tutacaq. Əsasən onun verdiyi vədləri yerinə yetirməməsindən narahatam. Əziz dostum verdiyi sözə əməl etməsə, mənim üçün böyük problemlər yaranacaq".

• 2010-cu ilin noyabr və 2011-ci ilin aprel ayı arasında Uornerin Trinidad və Tobaqo banklarındakı hesablarına ümumilikdə 5 milyon ABŞ dolları məbləğində 12 köçürmə həyata keçirilib. Pullar, offşorlarda (Kipr, Anqilya və Britaniya - Virgin adaları) qeydiyyata alınan 10 fərqli saxta (bir günlük) şirkətlərdən köçürülüb. 

Sənəddə qeyd olunur ki, bu hesablar Rusiyanın 2018-ci ildə Dünya Çempionatına ev sahibi seçilməsi məqsədilə rüşvət vermək üçün istifadə olunub. 

• 18 aprel 2011-ci il tarixinə bütün pul köçürmə əməliyyatları tamamlanıb.

"Əziz dost, əməliyyat razılaşdırılmış şəkildə tamamlandı (cəmi 5 milyon), bütün məbləğ çatıb (minimum bank xərcləri çıxılmaqla). Çox sağ olun, Cey", - elektron məktubda yazılıb.

Yəqin ki, bu epizod Uorner və hazırda istintaq altında olan digər keçmiş FİFA əməkdaşlarının işinin əsas hissəsi hesab olunmur. Ən böyük ittihamlar telekontraktlardan gələn pulların yuyulmasına aiddir.

Bəs Uorner kimdir?

2011-ci ildən bəri istintaq altında olan Trinidad və Tobaqodan olan bir adam. May ayında İngiltərədən olan nümayəndələr (İngiltərə də Dünya Çempionatına ev sahibliyə etməyə namizədlərdən biri idi) açıqlama verib ki, səsvermədən bir qədər əvvəl Uorner 2,5 milyon funt sterlinq müqabilində İngiltərənin lehinə səs verə biləcəyini bildirib, amma onlar bundan imtina ediblər. 

FİFA-nın İcraiyyə komitəsindəki korrupsiya qalmaqalı üzə çıxanda -  2011-ci ilin yayında Uorner istefa verib. Düzdür, o zaman tamamilə fərqli bir məsələyə görə istefa verdiyini açıqlamışdı. FİFA-nın prezident seçkilərində CONCACAF üzvlərinin səslərini rüşvətlə almaq cəhdinə və Cozef Blatterin yerinə Məhəmməd bin Hammamı seçdirməyə çalışdığına görə. Daha sonra Uorner Blatteri ittiham edərək 2018 və 2022-ci illərdə keçiriləcək Dünya Kubokunun Karib dənizi hövzəsi ərazisində teleyayım hüquqlarının verilməsi qarşılığında ona səs verməyi təklif etdiyini iddia edib.

2013-cü ildə CONCACAF komissiyası Uorneri ittiham edərək bildirib ki, sonuncu Konfederasiyanın prezidenti olduğu müddətdə vitse-prezident Çak Blazerlə əlbir olaraq ölkənin paytaxtı Port-of-Speyndə Joao Avelanjın adını daşıyan böyük Akademiyanın (25 milyon dollar dəyərində) inşasına razılıq verib, lakin akademiyanın tikiləcəyi torpaq sahəsinin özünə məxsus olduğunu gizlədib. Nəticədə Uorner FİFA tərəfindən ayrılan maliyyə vasitəsilə tikilən ən yeni akademiyanın faktiki sahibinə çevrilmişdi. Uornerin "qara əməl”ləri barədə mediada daha əvvəl də məlumatlar yayılıb. Məsələn, 2004-cü ildə Şotlandiya ilə Trinidad və Tobaqo arasında baş tutacaq yoldaşlıq oyunu üçün nəzərdə tutulan pulun onun şəxsi bank hesabına köçürülməsini istəmişdi.

2002-ci ildə (artıq FİFA əməkdaşı kimi) Uorner Dünya Kuboku oyunları üçün nəzərdə tutulan biletləri özəl bir şirkətə təhvil verərək qara bazarda satdırırmış. Biletlər FİFA-nın təyin etdiyi qiymətdən bir neçə dəfə baha qiymətə satılıb. Bunu üstü yalnız dörd il sonra açılıb. Bundan sonra FİFA Uornerin "qara bazar”da bilet satışından ən azı bir milyon dollar qazandığı qənaətinə gəlib və bu məbləğdə onu cərimələyib, lakin Uornet cəmi 250 min ödəyib. 

2006-cı ildə Uorner bonuslar səbəbiylə, Trinidad və Tobaqo milli komandasının oyunçuları ilə az qala əlbəyaxaya çıxmışdı. Əvvəlcə o, bütün komandaya hər birinə 5 min dollar (FİFA tərəfindən 18 milyon dolar ayrılmışdır) olmaqla bonus verəcəyəni açıqlamışdı, baxmayaraq ki, qaydalara görə bunun 50% -i verilməli idi. Nəticədə oyunçular məhkəmələr vasitəsilə pul uğrunda mübarizə apardılar.

2015-ci ildə Uorner ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə FİFA-nın illik konqresindən bir qədər əvvəl Sürixdə, bu işdə olan digər 8 məmurla birlikdə tutuldu. O, orada Trinidad və Tobaqo Futbol Federasiyasının nümayəndəsi kimi iştirak edirdi.

Nizami Bağırov