ABŞ səfiri XİN-ə çağrılıb

ABŞ səfiri XİN-ə çağrılıb

12-03-2018 19:00 / Bu xəbər 850 dəfə oxundu

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb. 

Ona Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan separatçı rejimin prezidenti Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında tədbir keçirməsi ilə əlaqədar etiraz notası təqdim edilib.

Bu haqda XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Xarici İşlər Nazirliyinin notası ABŞ Dövlət Departamentinə ünvanlanıb. Notada vurğulanır ki, B.Saakyanın Azərbaycan ərazilərinin işğalını dəstəkləməkdən ötrü ABŞ-da maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsi beynəlxalq hüquqa, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə ziddir.

Sənəddə ABŞ-ın bu addımı ikili standartların təzahürü kimi qiymətləndirilib.

«Bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın obyektivliyi barədə ciddi suallar yaradır», - H.Hacıyev bildirib.

Onun fikrincə, bu addım danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi hələlik XİN sözçüsünün bu açıqlaması ilə bağlı münasibət yaymayıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Azərbaycan və dünyanın heç bir ölkəsi Dağlıq Qarabağda yaranan separatçı rejimi rəsmən tanımır.