ABŞ öz vətəndaşlarını koronavirusla əlaqədar Azərbaycana səfərdən imtinaya çağırır

ABŞ öz vətəndaşlarını koronavirusla əlaqədar Azərbaycana səfərdən imtinaya çağırır

09-03-2020 13:53 / Bu xəbər 800 dəfə oxundu

Dövlət Departamentinin siyahısında digər ölkələrin də adı var

ABŞ Dövlət Departamenti vətəndaşlara koronavirusun aşkarlandığı ölkələrə səfərlərdən yayınmaqla bağlı çağırış edib. Dövlət Departamentinin təqdim etdiyi siyahıda Azərbaycanın da adı yer alıb.

Məlumatı "Turan” İA yayıb.

Dövlət Departamentinin çağırışında xüsusən, "İranla sərhəddən gələn COVİD-19 hallarının sayının xeyli artması ilə əlaqədar Azərbaycana səfərlərdən imtina etmək" tövsiyə olunur.

"Azərbaycan hökuməti beynəlxalq səyahətçilərdə COVİD-19 simptomlarının olub-olmadığını yoxlayır və şübhəli hallar üçün xüsusi karantin müəssisələrində icbari karantin tətbiq edib. Azərbaycanda tibbi xidmət ABŞ standartlarına uyğun deyil və bəzi bölgələrdə əsas tibbi ləvazimatlar əlçatan olmaya bilər", - deyə tövsiyədə qeyd edilib.

Buna baxmayaraq amerikalılar Azərbaycana getməyə qərar veriblərsə, bütün mümkün riskləri nəzərə almaları və ABŞ hökumətinin köməyi olmadan qayıtmaq planı hazırlamaları tövsiyə olunur.

Bu gün Azərbaycanda 9 nəfərdə koronavirus aşkar edilib, onların 7-si ölkə vətəndaşı, biri Rusiya, biri isə Almaniya vətəndaşıdır. Bütün bu şəxslərin İranda xəstəliyə yoluxduğu bildirilir.