"Adamları görəndə qorxurdum..." - Əkrəm Əylisli

08-02-2016 15:52 / Bu xəbər 2843 dəfə oxundu

Adətən yerli mətbuatda müsahibələrə giriş yazılır. Bu girişdə müsahibə alınan şəxsə müxtəlif qiymətlər verilir. Müsahibə alınan şəxsin ovqatı təsvir olunur. Necə, harda görüşdükləri, görüş yerinə kimin gecikdiyi, kimin tez gəldiyi bildirilir. Biz oxucucunu yönləndirməmək üçün bu qərara gəldik ki, müsahibəni girişsiz təqdim edək. Qoy hər kəs öz istədiyi nəticəni çıxarsın. 

- Əkrəm müəllim, hər dəfə  sizi görəndə məndə bir sual yaranır. Siz bu yaşda xatirə yükünü necə çəkirsiz? Minlərlə məclislər, minlərlə sifətlər, minlərlə mənzillər… O sifətlərin, mənzillərin çoxu artıq yoxdu. Siz bu yaşda bu yüklə necə davranırsız? 

- Bu o qədər maraqlı sualdı ki, günlərlə danışmaq olar. Başıma gələn hadisələrdən sonra mən uşağlığımı daha yaxından gördüm.  Həmin uşaqlıq dünyasının üstündən uzun illər keçsə də, mən elə bildim 77 yaşlı Əkrəm Əylisi deyiləm, balaca uşağam. Elə bil heç zaman keçməyib və mən həmin uşaqlıq illərində qorxduğum şeylərdən qorxuram. Uşaq vaxtı açığı insanlardan qorxurdum. Həmişə təkliyə çəkilirdim. Bir dəfə gözümün qabağında göreşən deyilən bir heyvanı döyüb, yandırdılar. İllər keçməsinə baxmayaraq, o yanğının iyi hələ də burnuma gəlir. 

Mən o vaxt  insanların qəddarlığını, dünyanın zalım sifətini gördüm. Bu hadisələrdən sonra insanlarla ünsiyyət qura bilmirdim. Evimizin yanında bir qarışqa yuvası vardı, gedib oturub qarışqalara tamaşa edirdim, insanlardan uzaq olmaq istəyirdim. Son illər başıma gələn müsibətlər məni həmin ö dövrə qaytardı. O, adamları təzədən gördüm. 

O  heyvanı yandırıb ləzzətlə baxırdılar. Onu yandıranda sanki hərə ürəyində öz düşmənini yandırırdı. Ancaq ortada yanan günahsız bir heyvan idi. Bax son zamanlar belə hisslər keçirdim. 

Sonra yuxularımda xatirələrim canlı şəkildə yenidən peyda oldu. Bu dəfə özümdə qəribə bir şey kəşf elədim. Məsələn, uşaq vaxtı hansısa qaranlıq küçədən keçəndə adamda müəyyən qorxular olurdu. Bakının indiki mühiti mənə uşaq vaxtı qaranlıq küçədən keçərkən yaşadığım qorxunu xatırladır. Məni az-çox oxuyan insan bilir ki, ömrüm boyu əsasən xatirələr yazıçısı olmuşam. Gördüklərimin, müşahidələrimin yükünü yazmışam. Təəssəvür edin, özümü hələ peşəkar yazıçı hesab etmirəm. Peşəkar yazıçı ifadəsinə də yaxşı baxmıram. Sadəcə urəyim dolub və görmüşəm ki, bu xatirə yükünu yazmasam, özümü boşaltmasam ölərəm. Çox vaxt isə darıxdığımdan yazmışam. Mən ömrümün bir yarısını darıxmışam, bir yarısını isə yazmışam. 

Diqqətlə oxusaq görərik ki, dunyanın bir çox müxtəlif yazıçıları öz uşaqlıq xatirələrini necə maraqlı canlandırıblar. Uşaqlıqda gördüyün və böyüdüyün yer sənin vətənindi. Kimin uşaqlığı harda keçibsə, ora onun vətənidi. Vətən məvhumu geniş götürəndə ölkə mənasında başqa şeydi. Məsələn, bir yerdə yazmışam ki, mənim ölkəmin paytaxtı Bakıdırsa, ürəyimin paytaxtı Əylisdir. İndi təssəvvür et, Naxçıvandan bir torba teleqram göndərirdilər ki, sən vətənini satmısan, sənin yerin yoxdu burada. Bunu görmək çox ağırdı. 

Sənin sualın o qədər genişdir ki, mən nə qədər danışsam bitməz. Mən uşaqlığımı cox yazmışam. Yazdıqlarım, bütün bunlar mənim ağrılarımdı.

İnsan öz həssaslığına sadiq qalırsa, öz ağrıları, hissiyatı ilə alver etmirsə, insanın 7 yaşı ilə, 77 yaşı arasında böyük fərq, dəyişiklik olmur. 

- Aramızda böyük yaş fərqi var. Yaş artdıqca insanın xatirələr yükü hədsiz artır, ağırlaşır. Əgər insan yazıçıdırsa və hər şeyi mənalandırırsa, hər şeyə rəng verməyə çalışırsa, bu yük başqa adamlara nisbətən daha da ağır olur. O mənada mən sizdən soruşmaq istərdim: Bu ağır yükü çəkməyə ürəyiniz necə tab gətirir? Əgər bu gündən uşaqlığa doğru getsək, yaddaş səyahətinə çıxsaq, ilk xatirəniz nədi? 

- Mən sənə "Əylisdən Əylisəcən” kitabını vermişdim, amma harda itirdin bilmirəm. O kitabda dərdimi yazmışam. İlk yadıma düşən xatirə budur ki, bizdə bir böyük otaq varı idi, bir də balaca otaq. Qışda balaca otağı qızdırmaq asan idi. Birinci yadıma gələn budur ki,  bu otaqda uzanmışdım. Birdən mənə elə gəldi ki, ulduzları görürəm. Təbii ki, evin üstü tavandı, ulduzu görmək olmaz. Amma mən ulduzlu böyük bir dünyanı gördüm. Bu mənim üçün sirr olaraq qalır. Birinci xatirimə gələn budur...

- Amma dəqiq görmüsüz?

- Dəqiq! Dəqiq! Çox qəribə bir şey idi. Bilirsiniz, fərqli olmayan insan yazıçı ola bilməz. İkinci xatirə yadıma gəlir. Qar yağmışdı, asta-asta əriyirdi. Onda qarın altından sap-sarı novruzgülü çıxırdı. Sən təsəvvür et ki, mən dua edəndə novruzgülünə edirəm. O günü, o səhəri, o işığı, qarın altından çıxan sap-sarı Novruzgülünü gətirirəm gözümün qabağına. Duanı bu cür edirəm. 

- Bəs sizə ən çox əziyyət verən xatirə nədir?

- Ağrı verən xatirələr məncə bir olmur. Elə xatirələr çox olur. Onu yada salanda ovqatın dəyişir. Məsələn, bu bir az uzun əhvalatdı, bir az da qəribə əhvalat. Ovqatım pis olanda yadıma bu düşür. O vaxt olimpiyadalar olurdu. Uşaqlar şeir oxuyurdular. Bu olimpiadalar  Naxçıvanda keçrilirdi. Kənd uşaqlarından bircə mən idim orda. Qalanları Ordubad uşaqlarıydı. O vaxtacan bilmirdim mineral su necə olur. Gətirdilər mineral su verdilər mənə. Sən demə Ordubad lotuları suya araq qatıblar. Arağı içirdiblər mənə, sərxoş olmuşam. Heç başa düşmürəm sərxoş olmaq nədir. Gətirdilər çıxardılar səhnəyə şeir deməyə. Mən də heç bilmirəm nə demişəm. Bir də gördüm orta yaşlı bir kişi əlimdən tutub, məni səhnədən aşağı endirdi. Kəndə qayıdanda hamı deyirdi ki, getdi kəndimizi biabır etdi gəldi. İndi kimi başa sala bilərsən ki, rayonun lotu uşaqları mənim başıma bu oyunu açıb. O vaxt mən dünyanın sərt sifətini gördüm. Məktəbin direktoru məni çağırdı. Dedi ki, səni göndərmişdik gedib başımızı uca edəsən, sən də getdin bizi utandırdın. Günahı bilmədən, günahkar olmadan günahkar elan olunmaq adamı çox incidir. Bu hadisədən sonra inanın kənddə ağaclar da, təbiət də məni sevindirmirdi. Hətta kəndin arvadları da məni görəndə deyirdilər ki, buna bax e, bu boyda uşaq gedib rayonda araq içib. 

- Əkrəm müəllim, onda demək olar siz əvvəldən qalmaqallı olmusuz.

- Nənəm həmişə deyərdi ki, sən çox başı bəlalı uşaqsan. Seymur, bəlkə də insanlardan qorxduğuma görə, özümü cəsarətli göstərmək istəyirdim. İnsanlarda zalımlıq sifəti görəndən sonra, günahım olmaya-olmaya məni günahkar elan edəndən sonra, insanlardan ehtiyyatlanıram. Qorxduğumu büruzə verməmək üçün qeyri-ciddi hərəkətlər edirdim.  Ağacdan tullanırdım və s. Adamlara göstərmək istəyirdim ki, mən qorxaq deyiləm. Amma mən onların hamsından qorxurdum. Çox qəribə uşaqlıq idi.

- Əkrəm müəllim, Tomas Vulf deyib ki, yaddaş yazıçının ən böyük sərvətidir. Siz əvvəldə dediz ki, mənim yazdığım yaddaşımdı. Elə hadisələr olub ki, çox istəmisiniz yazasız, amma yaza bilməmisiz? Yəni siyasi mənada yox, yaradıcılıq mənasında, sənət baxımından özünüzü nə qədər cəsarətli hesab edirsiz?

- Maraqlı sualdı. İnsanın mənəvi yaddaşı deyilən bir yaddaş da var. Mənəvi yaddaşda qalanlar doğrudan yazıçının sərvətidi. Mənim əksər faciələrim də mənəvi yaddaşa sədaqətimdən başıma gəlib. Məsələn 30-40 il bundan qabaq dost olduğum adamların vəzifədə dəyişdiyini görəndə dəhşətə gəlmişəm. Mən yaddaşımı dəyişmədiyimə görə, əzablar da çəkmişəm...

(Ardı var)

Seymur Baycan
Elkin Xəlilov
Qaynar.info