Adil Qeybulla: “Türkiyə təcrübəsini kor-koranə götürüb tətbiq etmək düzgün deyil”

Adil Qeybulla: “Türkiyə təcrübəsini kor-koranə götürüb tətbiq etmək düzgün deyil”

06-06-2020 18:50 / Bu xəbər 1994 dəfə oxundu

Son günlər ölkə ərazisində koronavirus infeksiyasına yoluxma və ölüm hallarının rekord göstəriciləri müşahidə olunur. Bu səbəbdən  hökumət karantin rejiminin sərtləşdirilməsinə qərar verib.
 
Xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bir sıra məhdudiyyətlər tətbiq ediləcək.
 
Toplum tv bu tədbirləri ekspertlərlə müzakirə edib.
 
Professor Adil Qeybula Toplum tv-yə açıqlamasında bildirib ki, həftəsonu sərtləşdirilmələrin tətbiqi müəyyən qədər effektiv olacaq: "Əsas odur ki, insanlarda karantin davranışlarını formalaşdıraq. Maskalardan istifadə edilməsi, sosial məsafənin saxlanılması, əllərin dezinfeksiya edilməsi məsələsinə diqqət etməsək, biz buna nail ola bilməyəcəyik. Biz öncə buna səfərbər olmalıyıq”.

Daha çox insanların nəqliyyatda, müəssisələrdə, parklarda məsafə gözlənilməsinə diqqət etməli olduğunu xüsusilə vurğulayan ekspert maskasız hərəkətin məhdudlaşdırılmasını doğru sayıb: "Enerji belə işlərə səfərbər olunmalı, bu məsələ üzərində ciddi işlər görülməlidir. Türkiyə təcrübəsini kor-koranə götürüb tətbiq etmək düzgün deyil”.

Ekspert yoluxma və ölüm hallarının artmasının reinfeksiya halı olduğunu bildirib.
 
Elgün Adıgözəlov: "Kimdəsə hərarət və ya öskürəyin olmaması hələ koronavirusa yoluxmadığı anlamına gəlməməlidir” 
 
Türkiyədə çalışan həkim Elgün Adıgözəlov da Toplum tv-yə açıqlamasında Türkiyə təcrübəsinin nə dərəcədə effektiv olması ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu tədbirlər müəyyən qədər effektiv ola bilər: "Tam olaraq, təbii ki, nəticələr olmayacaq. Müəyyən qədər azalmalar əldə oluna bilər. Amma bu, bir həftəsonuyla başa gələcək iş deyil”.
 
Türkiyədə bunun müəyyən müsbət nəticələr verdiyini və yoluxma hallarının dördrəqəmli həddən üçrəqəmliyə endirildiyini bildirən E.Adıgözəlov məsələnin həm də hansı şəkildə tətbiq ediləcəyindən də asılı olduğunu vurğulayıb: "Burda iki vəzifə var: biri dövlətin üzərinə düşən vəzifə, biri də vətəndaşların vəzifəsi. Dövlətin karantin elan etməsi ilə iş bitmir. Vətəndaşlar da şəxsi gigiyena qaydalarına riayət etməlidirlər.Əsas kilid nöqtəsi vətəndaşların üzərindədir”.
 
E. Adıgözəlov görüləcək tədbirlər arasında insanların məlumatlandırılmasını vacib hesab edir: "Biz əvvəlcə xalqımızı inandırmalıyıq. İnsanları düzgün məlumatlandırmalıyıq. Bəzən heç bir koronavirus göstəricələri olmayan xəstələrdə belə infeksiya aşkarlamış oluruq. Sadəcə halsızlıqla şikayət edən və ya bir neçə dəfə Covid -19 testi edilməsinə baxmayaraq təkrar test zamanı xəstənin yoluxduğunu aşkar etdiyimiz hallar da olur. Kimdəsə hərarət və ya öskürəyin olmaması hələ koronavirusa yoluxmadığı anlamına gəlməməlidir. Buna görə mütləqdir ki, sosial məsafələr gözlənilsin və maskalardan istifadə edilsin. Özəlliklə, ictimai nəqliyyatda sıxlıqların azaldılması üçün avtobus və metrolarda intervalların artırılması vacibdir”.

İnsanların hər zaman diqqətli olmasını qeyd edən ekspert vətəndaşlara həm özlərini, həm də qarşısındakı insanları qorumağı tövsiyə edir: "Xahiş edirəm, hər kəs şəxsi təmizlik qaydalarına, sosial məsafə və karantin rejiminə əməl etsin”. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə hazırkı dövrədək ölkədə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 3871 nəfər müalicə olunaraq sağalsa da, 82 nəfər vəfat edib. Hazırda 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digər xəstələrin isə səhhəti stabildir.

Vüsalə Mikayıl