ADP sədrinin müavini işdən çıxarılıb

ADP sədrinin müavini işdən çıxarılıb

06-10-2017 16:30 / Bu xəbər 1218 dəfə oxundu

Həsrət Rüstəmov: ''Mənə təzyiqlər mitinqdən sonra başladı''

Bakı Şəhər Təcili Yardım Stansiyasında həkim işləyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri müavini Həsrət Rüstəmov oktyabrın 6-da işdən uzaqlaşdırılıb.

Bu barədə Meydan TV-yə Həsrət Rüstəmov özü məlumat verib.

Həsrət Rüstəmov deyib ki, dekabrda onun stansiyada işləməyinin 5 ili tamam olacaqdı:

"Mən imtahanla Bakı Şəhər Təcili Yardım Stansiyasına qəbul olunmuşam".

Partiya sədrinin müavini bildirib kİ, ona təzyiqlər Milli Şuranın 23 sentyabr  mitinqindən sonra başlayıb:

"Doğrusu, təzyiqlərin bu səviyyədə olacağını gözləmirdim. Çünki ona qədər ictimai-siyasi fəaliyyətim və mətbuatda çıxışlarım açıq olub, ötən illərdə belə təzyiq olmayıb. Görünür, stansiyanın baş həkiminə yuxarıdan çox ciddi şəkildə tapşırıq olub. Əvvəlcə işimdə qüsur tapmağa cəhd edib cəza vermək istədilər, amma alınmadı. Sonra məlumat aldım ki, işdən çıxarılmağımla bağlı ciddi tapşırıq var. Mən stansiyanın 3 saylı bölməsində çalışıram, oktyabrın 6-da işə getdim, müdir məni işə buraxmamaq əmrini aldığını dedi".

H.Rüstəmov hələ əmri almadığını, amma alan kimi hüquqi addımlar atacağını söyləyib:

"Hansı əsas yazsalar belə, Əmək Məcəlləsinə ziddi və uydurulmuş olacaq.  Çünki iş yoldaşlarım rəhbərliyin çətin duruma düşdüyünü dedilər".

Bakı Şəhər Təcili Yardım Stansiyasının baş həkimi Meydan TV-nin sualını cavablandırmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə məsələdən xəbərsiz olduqlarını, araşdırıb gələn həftə məlumat verəcəklərini bildiriblər.