Adsız yazı

Adsız yazı

10-04-2020 02:51 / Bu xəbər 2247 dəfə oxundu

Elkin Xəlilov
 
Onlar ümidin düşmanıdır, sevgilim,
akar suyun
meyve çağında ağacın,
serip gelişen hayatın düşmanı.
Çünkü ölüm vurdu damgasını alınlarına:
- çürüyen diş, dökülen et -,
bir daha geri dönmemek üzere yıkılıp gidecekler,
Ve elbette ki, sevgilim, elbet,
dolaşacaktır elini kolunu sallaya sallaya,
dolaşacaktır en şanlı elbisesiyle: işçi tulumuyla
bu güzelim memlekette hürriyet.
Bursa da havlucu Recebe,
Karabük fabrikasında tesviyeci Hasana düşman,
fakir köylü Hatçe kadına,
ırgat Süleymana düşman,
sana düşman, bana düşman,
düşünen insana düşman,
vatan ki bu insanların evidir,
sevgilim, onlar vatana düşman...

(Nazim Hikmət)

Nəzmlə aram bir o qədər yaxşı hesab edilməz, hələ Türkiyə nəzmi ilə heç yola gedə bilmirəm. Amma ara-sıra özümüzünki olan bir neçə şairin şeirlərini oxuyuram. Bu, adətən, meloxonik vaxtlarıma təsadüf edir. Xatırlamıram ki, halımın yaxşı bir vaxtında hansısa şeiri yadıma düşsün. Elə Nazim Hikmətin bu şeiri də onlardandır.

Bu karantin günlərində hər gün də olmasa, iki gündən bir xatırlayası oluram. Əsasən də "sevgilim onlar vətənə düşmən" hissəsini. 
Sosial mediada yayğın olan məşhur zarafatdakı kimi: "Özümü filan şeiri deyən yerdə tutdum".

Qısası, son olanlar barədə düşünəndə öz-özümə bu sualı dəfələrlə verirəm: "Bunlar niyə olur?", "Bunlar olmaya bilərdi?" və s.

Bu yaxınlarda Sumqayıtla bağlı bir videorolik qarşıma çıxdı. 1990-ın sonu, 2000-ci illərin əvvəlindən bəhs edirdi: köhnə binalar, yamaqlı yollar, səyyar bazar, nimdaş trolleybuslar. 

Şəhərin bir başından digərinə gedir. Sumqayıt bu ölkədə planlı formada salınmış ilk şəhərdi. Geniş yolları, enli səkiləri, böyük və həmşəyaşıl olan parklar. Sumqayıtda olan adamlar heç vaxt fəsilləri hiss etmir. Təbiət dinc dayanmayıb, yanvar ayında havanın temperaturu 35 dərəcə olsa, Sumqayıtda sanki yaydır deyə fikirləşərsən. Sovet və müstəqilliyin ilk illərində burada o qədər yaşıl ağac əkildi ki, ən sərt havada belə ətrafı yaşıl görürsən: payızda, qışda, yazda, yayda. 

Və bu şəhərdə bir az yaşlı adamla danışan kimi köks ötürərək yada saldığı bir şey var: trolleybus. Onun yolları, səs küyü, nimda görkəmi şəhər insanlarının xatirəsində işıqlı bir iz qoyub. Qeyd etdiyim kimi Sumqayıtın yolları enlidir. Hətta Praqa, Varşava yollarından belə enli. Burada nəinki trolleybusu, hətta əlavə velosiped yolu da çəkmək olar. Amma bu yollar dağıdıldı. Əvəzində isə şəhərin küçələrində bir-birininin yolunu davam edən onlarla marşrut işləyir. İnsanların xatirəsi olan, şəhərə ruh gətirən, ekoloji cəhətdən daha təmiz olan trolleybuslar isə şəhərin küçələrindən yığışdırıldı. 

Hətta Sumqayıtlılar üçün ən əziz yerlərdən biri olan icra hakimiyyətinin binasının üzünə yaşıl pərdə çəkən sarmaşıq da kəsildi. Bu bina dünyada 2 binadan biri idi. Gözəlliyi, xatirəsi ilə şəhərin ruhuna oxşayırdı. Amma indi Bakının meri olan Eldar Əzizov bir günün içində bu yaşıllığı dağıtdı. İndiki icra başçısı bunu bərpa etmək istəyir, alınacaqmı? Orasını bilmirəm. Yaşayıb görərik. 

Xəzərin sahilində yerləşən, narın qumlu şəhərin yeni bulvarı var. İnsafən, çox yaxşı düzəldiblər. Mən bu bulvarın bundan öncə olan halını da görümüşəm. Amma indiki dəfələrlə yaxşıdır. Amma bu gözəllik belə qısıtlıdır. Bulvar və çimərlik birdir. Insanlara narın qumun üstündə gəzməyə icazəsi var, çimərlik kimi istifadəsi isə olmaz. Səbəb isə çox qəribədir. Bulvarda insanlar gəzir, onlar çimərilik geyimində ola insanları görmək istəməzlər. Amma bu özünəməxsusuqla Sumqayıt bulvarı Batumidən belə gözəl ola bilərdi…

***

Bir də "Central park" var, öz dilimizdə desək, mərkəzi park. Azərbaycan Dövlət Akademik Milli Tetarının arxasından başlayıb, İsmayıl bəy Qurtaqışınlı küçəsinə qədər uzanan bir ərazi - "Sovetiski" kimi tanıdığımız yer... 

Bu park salınarkən yüzlərlə insanın konustitusion hüquqları pozuldu. Bir xeyli tarixi bina söküldü. Hüqo demiş, lələk belə acizdir bu haqsızlığın miqyasını göstərmək üçün. Amma bir şey vardı: bu yerlərdə yaşayış massivi deyil, park salınacaqdı. Paytaxtın ağ ciyər funksiyasını yerinə yetirəcək bir park. Ən azı mən belə düşünürdüm. Şəhərin mərkəzində, lap elə Parisdə, Milanda, Münhendə olan kimi. Ayağını bir addım atacaqdın, sakit, hər şeydən uzaq bir yerdə özünü təsəvvür edəcəkdin. Amma nə etdilər? 137 mindən çox gül və kol bitkiləri əkdilər. Əkilən ağaclar isə bunların içində barmaqla sayılacaq qədər idi.

Bu isə əksinə də ola bilərdi. Şəhərin mərkəzində daha sıx ağacları olan bir park. Sadə, bəzəksiz-düzəksiz. Amma edilmədi. Hərdən bunu niyə etmədilər deyə düşünürəm? Nə mane olurdu? Beynəlxalq təşkilatlarmı, müxalifətmi, sivil toplummu, bir neçə jurnalistmi? Nə mane olurdu? Bunu ki etmək çox rahat idi. Öz əllərində idi. Məsələn, indi çəkilən bu qədər xərci büdcədən silib, əvəzində daha sadə, insanı daha rahat edən bir park salmaq olardı. Amma etmədilər. Niyəsini isə anlamaq olmur. 

***

Və ya bu epidemiyanın baş qaldırdığı bir zamanda. Bütün dünyanın çıxılmaz bir duruma düşdüyü, iqtisadiyyatın çökdüyü, ölkələrin təcrid olunduğu vaxtda siyasi baxışına görə insanları həbs etmək, onları ailələri ilə sınağa çəkmək, fotolarını pullu reklama qoymağa nə gərək var? Ümumiyyətlə, buna gərək varmı? İran kimi bir ölkə cənubi azərbaycanlı bir neçə fəalı azad edib. Bizdə isə tam əksi. Həmişə mənə bu qərarlar çox maraqlı gəlib. Bunlar necə  qərar verirlər? Məsələn, gənc bir aktivistin xanımın fotoları eskot saytda yayılmasını necə qərara alırlar? Nə deyirlər? Hansı müzakirələrdən bu keçir? Kimsə etiraz edirmir? Yoxsa "bunu pullu reklama qoyun” dedikdə biri qayıdır ki, 10 dollar azdır, gülük 50 dollarlıq reklama qoyaq? 

İnsanlardan bu qədər ayrı düşmək, onlarla arada olan və ya çoxdan keçilmiş qırmızı xəttləri yenidən daha amansızca keçməyə vadar edən nədir? Axı tamam fərqli ola bilərdi. Bu böhranı belə fürsətə çevirmək olardı...

Bəlkə də, bu suallar axmaqcasınadır, bəlkə də, sadəlövlükdür və ya başqa hər nəsə. Amma mən, həqiqətən, bu olanları başa düşə bilmirəm. Ən azı bu qərarlar necə verilir onu başa düşə bilmirəm. Və elə bu başa düşməməzliyimdən yazıya da bir ad tapa bilmədim. Əgər kimsə oxuyacaqsa, qoy başlığı özü versin. Mən isə bu yazıya "Adsız yazı" deyirəm. Bu baş verənlərə bir ad tapa bilmədiyim kimi…

Amma beynimdə yenə də bu iki misra dolaşır: 

- vatan ki bu insanların evidir,
  sevgilim, onlar vatana düşman...