ADU tələbələri istəklərinə nail oldular

ADU tələbələri istəklərinə nail oldular

31-05-2017 20:56 / Bu xəbər 1054 dəfə oxundu

Elmi Şura dövlət imtahanı ilə bağlı qərarına dəyişiklik edib

Azərbaycan Dillər Universiteti rəhbərliyi (ADU) tələbələrin etiraz etdiyi dövlət imtahanlarının keçirilməsi qərarına yenidən baxıb.

Mayın 31-i Universitetin Elmi Şurası bununla bağlı yekun qərar qəbul edib. Şura dövlət imtahanı ilə bağlı qərarını dəyişdirib. 

ADU-nun informasiya departamentinin müdiri Araz Ağayev jurnalistlərə açıqlamasında deyib ki, bundan sonra imtahanlarla bağlı tələbələrə iki seçim imkanı veriləcək.

"Əvvəlki qərarda 8 imtahan nəzərdə tutulurdu. İndi tələbələrin iki seçimi olacaq. Birinci seçim bir mövzu üzrə 5 səhifə həcmində diplom işinin götürülüb müdafiə edilməsidir. Digər seçimsə iki fənn üzrə imtahandır. Fakültələrin bəzisi 3 imtahan verəcək. Həmin imtahanlar 100 test sualından ibarət olacaq. Hansı fənndən imtahan vermək istədiyinə də tələbə özü qərar verəcək”. 

Tələbələr rəhbərliyin bu qərarı ilə razılaşıblar. Universitetin həyətinə toplanmış 200-ə yaxın tələbə yeni qərarı alqışla qarşılayıb. 

Araz Ağayev yeni qərarın bu təhsil ocağının kadr hazırlığı üzrə ixtisasların xüsusiyyətləri və tələbələrin istəyi nəzərə alınaraq qəbul edildiyini bildirib. Qərara görə, bakalavriatda yekun attestasiyası ixtisas fənni üzrə tərtib olunmuş suallar əsasında imtahan və buraxılış işinin müdafiəsi formasında keçiriləcək.

Universitetin Elmi Şurası həmçinin, yay imtahan sessiyasının müddətini də uzadıb. Mövzular iyulun 1-dək təhvil verilməlidir. Rəhbərlik lazım gələrsə bu müddətin də uzadıla biləcəyini söyləyib. 

Mayın 30-da Azərbaycan Dillər Universitetinin tələbələri etiraz aksiyasına başlamışdılar. Onlar dövlət imtahanının keçirilməsinə qarşı çıxıblar. Bildirirdilər ki, universitetə qəbul olunarkən onlara dövlət imtahanı haqqında heç nə deyilməyib. İndi, universiteti bitirməyə 4 ay qalmış dövlət imtahanının olacağı bildirilir.

Onların əsas narazılığı 8, bəzi fakültələrdə isə 9 fənn üzrə imtahanın keçirilməsinə qərar verilməsi ilə bağlı idi.

ADU rəhbərliyi isə imtahanlarla bağlı yenilikləri Nazirlər Kabinetinin "Bakalavr təhsilinin təşkili qaydaları” ilə bağlı qərarı ilə əsaslandırmağa çalışırdı.