Akif Səmədə məktub... - Elnur Astanbəyli

Akif Səmədə məktub... - Elnur Astanbəyli

08-01-2018 01:11 / Bu xəbər 3707 dəfə oxundu

Arqument.Az şair Elnur Astanbəylinin yeni şeirini təqdim edir:

Akif Əmi, səndən sonra 
nələr oldu, bilirsənmi,
gözlərimiz görməz oldu, 
əllərimiz tutmaz oldu... 

Deyirdik, zülm ilən abad olan bərbad olar, 
– yanılmışıq, 
zalım "odda yanmaz” oldu, 
Əmi, "suda batmaz” oldu...

Köhnə dərdlər köksümüzü 
yara eylədikcə dözdük,
Naşı təbib yaramıza 
çara eylədikcə dözdük... 
Ağ yalanlar ömrümüzü 
qara eylədikcə dözdük 
dözdük, min yol dözdük, ancaq
iztirablar bitməz oldu...

Qara yellər üstümüzdən 
əsdikcə hey əsdi, Əmi,
"Yetər!” deyəmmədik, Əmi... 
deyəmmədik, "Bəsdi!”, Əmi...

Başımızda oturanlar 
başımızı kəsdi, Əmi, 
fəryadımız fələklərə 
yetməz oldu, çatmaz oldu...

Akif Əmi, səndən sonra 
nələr oldu bilirsənmi, 
Yaz günü otlar saraldı, 
güllər soldu, bilirsənmi, 
Ağlamaqdan peymanamız 
daşdı, doldu, bilirsənmi, 
Yerimədi yığvalımız... 
çolağıymış, getməz oldu...

dekabr, 2017