AKP-yə yeni sədr, Türkiyəyə baş nazir: Bu gün qurultay keçirilir

AKP-yə yeni sədr, Türkiyəyə baş nazir: Bu gün qurultay keçirilir

22-05-2016 09:52 / Bu xəbər 1352 dəfə oxundu

Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiyanın yeni sədri seçiləcək.

APA-nın məlumatına görə, qurultay Türkiyə vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Ankara Arena İdman Salonunda başlayacaq.

Sədr postuna yeganə namizəd Binali Yıldırımdır. B.Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olacaq. Ə.Davudoğlu qurultayda sonuncu dəfə partiya sədri və baş nazir kimi çıxış edərək vidalaşacaq.

Qurultayda prezident R.T.Ərdoğan, B.Yıldırım və Ə.Davudoğlunun həyatı barədə qısa sənədli filmlər nümayiş etdiriləcək. Bu qurultaya ötən qurultaylardan fərqli olaraq xarici dövlət başçıları dəvət edilməyib. Qurultaya xarici ölkələrin Türkiyədəki səfirləri dəvət edilsə də, Misir, Banqladeş və Rusiya səfirləri dəvət olunmayıb. Terrorla mübarizə məsələsində ortaya qoyduğu mövqe səbəbindən Xalqların Demokratik Partiyası (HDP) də qurultaya dəvətli deyil. Qurultay "Uğurlu yürüşə davam" şüarı altında keçiriləcək.

B.Yıldırıma bu gün prezident R.T.Ərdoğan tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcəyi və B.Yıldırımın çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir.