Aksiyada saxlanan müsavatçının durumunun ağır olduğu bildirilir (Yenilənib)

Aksiyada saxlanan müsavatçının durumunun ağır olduğu bildirilir (Yenilənib)

12-02-2020 00:55 / Bu xəbər 480 dəfə oxundu

00.08. 

Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli az öncə Arzulla Buludlunun xəstəxanadan buraxıldığını deyib:

"Ağrıkəsici iynə vurublar. Ağrıları bir az sakitləşib, amma səhər yenidən həkim yoxlamasından keçəcək".

Jurnalist Sevinc Vaqifqızı isə deyir ki, xəstəxanada Arzulla Buludlunu görüb. 

Vəziyyəti yaxşı deyilmiş: "Dedi, döş qəfəsi, başı, sol gicgahı və qabırğaları ağrıyır. Bütün otaqlarda polis əməkdaşları var idi. İmkan vermirlərdilər həkimlər düzgün diaqnoz qoysun. Kənarda həkim polisə dedi ki, onun qabırğasında qırıq var. Amma otağa keçib, Arzulla bəyə dedilər ki, heç nəyin yoxdur, ağrıkəsici vuracağıq, çıxıb gedəcəksən".

***

DİN: "Xəsarət alanların olması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil"

Mərkəzi Seçki Komissiyası (MSK) önündə aksiya zamanı saxlanılan Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Arzulla Buludlunun vəziyyətinin ağır olduğu deyilir. 

O, 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) travmatologiya şöbəsinə yerləşdirilib.

Meydan TV-yə danışan Müsavat Partiyası Seçki qərargahının sədri Gülağa Aslanlı Arzulla Buludlunun rentgendən keçiriləndən sonra durumunun bəlli olacağını deyib: "Arzulla Buludlu ürək əməliyyatı keçirməsə də, ürəyində problem vardı.

O, fevralın 11-də bir qrup namizədin, fəalın keçirdiyi aksiyada saxlanılaraq polis zorakılığına məruz qalıb. Ağır şəkildə xəstəxanaya çatdırılıb".

Gülağa Aslanlı əlavə edib ki, hazırda xəstəxananın dörd bir yanında polislər var. Heç kimi içəri buraxmırlar.

Hadisə yerində olanlar Meydan TV-yə bildiriblər ki, namizəd Rəbiyyə Məmmədovanın qolunda iki sınıq qeydə alınıb, amma onu xəstəxanaya buraxmayıblar. Ona başqa xəstəxanaya getməsini söyləyiblər.

Jurnalist Sevinc Vaqifqızının da əli əzilib, gözünün altında qızartı var.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə açıqlama verərək bildirib ki, sosial şəbəkələrdə aksiya dağıdılarkən xəsarət alanların olması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil.

"Bu gün saat 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Təxminən 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər. Daha sonra MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib".

Ehsan Zahidov əlavə edir ki, əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək, dağılışmalarını tələb edib. Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb:

"Bu zaman polisə müqavimət göstərən bir nəfər şəxs saxlanılıb".

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Ötən gün seçki ilə bağlı danışan Prezident İlham Əliyev "əgər namizədlər seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar", - demişdi.

Prezident seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirdiyini də söyləmişdi.

Fevralın 10-da ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.

Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. 

Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.