Aksiyanın Bakının mərkəzində keçirilməsi qərarlaşdırılıb

Aksiyanın Bakının mərkəzində keçirilməsi qərarlaşdırılıb

13-02-2020 20:31 / Bu xəbər 981 dəfə oxundu

Təşkilatçılar icra hakimiyyətinin təklifi ilə razı deyil

Müsavat, ReAL partiyaları, "D18” Hərəkatı və müstəqil namizədlər fevralın 16-da Bakının mərkəzində, "28 May” metrostansiyası qarşısında aksiya keçirəcəklər.

Bu barədə Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli açıqlama yayıb.

Fərəc Kərimli Bakı Şəhər İcra Hakimiyyətinin onlara Lökbatan qəsəbəsində aksiyanı keçirmək təklifindən imtina etdiklərini qeyd edib:

"Təşkilatçılarla müzakirə etdik və aksiyanın Bakı şəhərində keçirilməsini məqsədəuyğun hesab etdik, aksiya saat 15.00-dən 17.00-ə qədər davam edəcək”.

Fevralın 11-də Müsavat, ReAL partiyaları, "D18” təşkilatı və müstəqil namizədlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müraciətdə qeyd olunub ki, 9 fevral növbədənkənar parlament seçkilərində baş verən qanun pozuntuları və seçki saxtakarlıqlarına qarşı etiraz olaraq fevralın 16-da saat 15:00-da metronun "28 May” stansiyasının qarşısında aksiya keçirmək niyyətindədirlər.

Ancaq icra hakimiyyəti müraciət edən partiyalara və namizədlərə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 may küçəsindəki "Neftçi" idman klubunun təlim bazasını göstərmişdi.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

Aksiya qərarı verən Müsavat Partiyası seçkilərdə 59, ReAL 31, "Hərəkət" Seçki Bloku 16 namizədlə seçkilərdə iştirak edib. Onlar seçkilərin saxtakarlıq və qayda pozuntuları ilə müşahidə olunduğunu deyirlər və buna etiraz üçün aksiya keçirmək niyyətindədirlər.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Meydan.tv