Aleksandr Lapşin əfv edildi

Aleksandr Lapşin əfv edildi

11-09-2017 15:24 / Bu xəbər 1121 dəfə oxundu

Prezident İlham Əiyev bloger Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Məlumatı AZƏRTAC yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin. Sərəncam imzalandığı gündən qüvvəyə minir".

A.Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə həbs edilib və Bakıya verilib. Ona qarşı dövlət sərhəddini qanunsuz keçmək və dövlət əleyhinə çağırışlar ittihamı üzrə cinayət işi qaldırılıb. Martda onun həbs müddəti uzadılıb.

Lapşinin həbsinə onun Dağlıq Qarabağa səfərləri və Qarabağın müstəqilliyinin tanınmasına çağırışlar edərək  erməni separatçıların xeyrinə təbliğat aparması səbəb olub.

Qanunsuz Azərbaycan ərazisinə daxil olan Lapşin Ukrayna pasportundan istifadə edərək ölkənin sərhəd xidmətini aldatması ilə öyünüb.