Aleksandra Kollontay - feminist, yoxsa nimfoman?

Aleksandra Kollontay - feminist, yoxsa nimfoman?

07-10-2018 11:13 / Bu xəbər 528 dəfə oxundu

Alya Yaqublu

Sovet dövrünün rəsmi təbliğatı bu qadını ancaq bacarıqlı diplomat kimi tanıdıb. Amma sonrakı illərdə yazılanlar ortaya fərqli portret çıxarıb. "8 mart iblisi”, "seks inqilabçısı”, "diplomat qiyafəli Eros” – bunlar zəmanəsinin ən məhşur qadınlarından birinə hələ sağlığında verilən ləqəblərdir. Onun haqqında lətifələrin, ona qoşulan lağlağı mahnıların mətnləri də əsasən erotik məzmunda olub.

Bəs faktlar nə deyir? Tarix onu daha çox hansı kimliyi ilə xatırlayacaq?

"Biz uduzduq, ideyalarımız məhv oldu, dostlarımız düşmənə çevrildilər, həyatımız yaxşılaşmaq əvəzinə pisləşdi. Dünya inqilabı yoxdur və olmayacaq. Əgər olsaydı, bütün insanlığa saysız-hesabsız bəlalar gətirərdi”. 

Sonuncudan əvvəlki sevgilisinə - fransalı kommunist Marsel Bodiyə məktubunda sovet Rusiyasının ilk feministi Aleksandra Kollontay belə yazmışdı.

Ömrünün son gününədək SSRİ Xarici İşlər Nazirliyinin məsləhətçisi vəzifəsində qalsa da, o, artıq inqilabçı-filan deyildi. Üstəlik, xəstəydi də, 20 illik aradan sonra yenidən vətənə qayıtsa da (1945), siyasi fəaliyyətə qayıtmamışdı.

Ətrafla əlaqələrini minimuma endirən, ara-sıra Stalinə mədhiyyə məktubları yazan eks-feminist Kollontay 80 yaşına günlər qala (1952) ürək tutmasından vəfat edəcəkdi.

O dövrdə daha çox sevgi macəralarıyla, tez sevib tez də tərk etdiyi kişilərə qarşı qəddarlığıyla məhşur olan Kollontay siyasət meydanında da az qələbə qazanmamışdı. Həm Xalq Komissarları Sovetinin ilk tərkibinə düşən (sosial məsələlər üzrə komissar statusunda), həm də RSDFP-nin (Rusiya Sosial Demokrat Fəhlə Partiyası) VI-cı qurultayı zamanı Lenin, Stalin, Trotski, Dzerjinski, Sverdlov, Zinovyev, Kamenev, Buxarin və digərlərilə birlikdə Mərkəzi Komitəyə seçilən yeganə qadın Aleksandra olmuşdu. Şəxsi həyatında olduğu kimi, o, siyasətdə də sərt, ölçüsüz hərəkətlərdən çəkinmirdi. Məsələn, yeni hakimiyyət kilsəylə hələ ehtiyatla davranmaqdaykən Kollontay Aleksandr Nevski Monastırını əlillər evinə çevirmək fikrinə düşmüş və sevgilisi Dıbenko vasitəsilə ora silahlı matroslar göndərmişdi. Əhalinin və monastır rəhbərliyinin ciddi etirazlarına onlar pulemyot atəşiylə cavab vermiş, rahiblərdən birini ölümcül yaralamışdılar. Bir neçə gün sonra kilsənin onun haqqında lənətlənmə hökmü çıxardığını eşidən inqilabçı xanım bu xəbərə ucadan qəhqəhə çəkməklə reaksiya vermişdi. Və ya uğursuz Narva əməliyyatına görə həmin o Dıbenkonun cəzalandırılmasını tələb etmiş Lenindən heyif çıxmaq üçün Brest sülh müqalivəsinə etiraz etmiş və protest olaraq hökumətin tərkibindən çıxmışdı.

Əvvəl Norveçdə, ardınca Meksikada, sonra yenidən Norveçdə (1922-1930-cu illər) və nəhayət, İsveçdə səfir olduğu illərdə Aleksandranın ölkəyə daha çox xeyri dəymişdi - SSRİ-nin Norveç və Meksikayla ticarət əlaqələri qurmasına nail olmuş; İsveçdə çalışdığı dönəmdə (1930-1945) bu ölkənin SSRİ ərazisinə qoşun yeritməsini əngəlləyə bilmiş və beləliklə, fin kampaniyasında (1939) SSRİ-nin qələbə şansını artırmışdı; 1944-cü ildə Finlandiyanı İkinci dünya müharibəsindən çıxmağa inandırmış, bununla da sovet qoşunlarının Avropa ərazisinə daha tez daxil olmasına şərait yaratmışdı.

Kənardan xeyli uğurlu görünən bu bioqrafiya əslində bir məğlubiyyət hekayəsidir – fəailiyyətinin ana xətti qadın haqlarının təbliğatı və təminatı olan, bunu özünün əsas missiyası hesab edən Kollontay vəfasız Dıbenkonun xəyanətindən sarsılaraq ondan mümkün qədər uzağa getmək üçün Stalinə məktub yazıb "partiya tapşırığıyla” xaricə göndərilməsini xahiş etmiş, əvvəlini azad və əyləncəli yaşadığı ömrünün ikinci hissəsində siyasi diskussiyaların, ədəbiyyatın, hətta artıq "f”-sini belə tələffüz etmədiyi feminizmin də daşını atmışdı. Hərçənd Aleksandra diplomatiya sahəsində də parlaya bilmiş, Avropada sayılan, seçilən səfirlərdən biri olmuş və diplomat kimliyilə ölkə üçün önəmli fiqura çevrilmişdi. Bunun nəticəsiydi ki, özünə rəqib gördüyü silahdaşlarının hamısını bircə-bircə məhv edən Stalin RSDFP MK-nın əvvəlki tərkibindən ancaq onu sağ saxlamaq məcburiyyətində qalmışdı.

"Mən azad olmaq istəyirdim..."

Qadınların məişət zəminində istismarına qarşı çıxan, tez-tez sevgili dəyişən Aleksandranın zamanla azad sevgi carçısına və çılğın bir feministə çevrilməsi təbii idi. Üstəlik, buna siyasi tələb də vardı: inqilabdan sonrakı ilk onillikdə Sovet Rusiyasında yaşanan siyasi və mənəvi emansipasiya o dövrün hegemon zümrəsinə çevrilmiş proletariatda təkcə istehsal vasitələrinin bölgüsü haqda deyil, cinslərarası münasibətlər barədə də açıq danışmaq həvəsi yaratmışdı. "Proletarların cinsi əxlaqı” mövzusu hətta partiya mətbuatında da geniş müzakirə olunurdu, ölkədə azad qadın obrazına ehtiyac yaranmışdı. Ovaxtkı "birinci ledi” Nadejda Krupskaya dövrün seks-simvolu roluna uyğun gəlmirdi, o ərəfədə özünün ailə, əxlaq və mənəviyyat haqda baxışlarını sistemləşdirməklə məşğul olan Kollontaysa tam da bu qəlibdəydi. 

31 mart 1872-ci ildə general Mixail Domontoviçin ailəsində dünyaya gələn, səhhətinə görə məktəbə gedə bilməyib müəllimlərdən evdə dərs alan Aleksandra 19 yaşında imtahan verib gimnaziya diplomu alanda bir neçə dil (ingilis, fransız, alman, norveç və fin dillərini) bilirdi. Amma anası onun universitetə girmək niyyətinə qəti şəkildə "yox” demişdi, ailənin fikri bu ərköyün qızı tezliklə dövlətli birinə ərə verməkdi.

Onların planı baş tutmadı, 1893-cü ildə Aleksandra kasıb birinə – ruslaşmış polyak ailəsinin zabit oğlu, uzaq qohumları (sonradan general rütbəsinə qədər yüksəlmiş) Vladimir Kollontaya ərə getdi . Bir ildən sonra o, dünyaya bir oğlan uşağı gətirdi, amma sakit həyat böyük işlər və macəralar həvəskarı Aleksandranı tezliklə darıxdırmağa başladı, ailə ocağının qoruyucusu və ana rolu onun heç ürəyincə deyildi: "Mən azad olmaq istəyirdim. Kiçik təsərrüfat işləri və məişət qayğıları bütün günümü alırdı, povest və romanlarımı yaza bilmirdim.. Oğlum yuxuya gedən kimi yan otağa keçib Leninin kitabını oxumağa davam edirdim”.

Bir müddət sonra Aleksandra ərinin yaxın dostu, onların evində qalan Aleksandr Satkeviçlə alovlu eşq yaşamağa başlayır (Bu sevgi üçbucağını o, sonralar belə xatırlayacaqdı: "Onlara deyirdim ki, mən sizin ikinizi də sevirəm, ikinizi eyni vaxtda sevirəm”).

Kollontayın növbəti sevgilisi məhşur iqtisadçı Pyotr Maslov evliydi, arvadından möhkəm qorxurdu və hər görüşdən sonra tələsik evə qaçırdı. Aleksandra buna çox əsəbləşsə də, yeni macərasını heç kimdən gizlətmirdi. Günlərin birində yaşadığı həyat onu bezdirdi və evliliyinin 5-ci ilində (1898-də) ərini və sevgililərini tərk edib universitetdə təhsil almaq bəhanəsiylə Avropaya getdi – oğlunu ərinin himayəsində buraxaraq.

O ərəfədə Aleksandra təkcə azadlığa yox, artıq həm də inqilabi ideyalara meyil salmışdı - Leninin nüfuzlu tanışlarından biri olan Yelena Stasovanın vasitəçiliyilə üzv olduğu gizli dərnəyin yığıncaqlarına qatılmış, qadağan olunmuş ədəbiyyatın dərnək üzvlərinə çatdırılması işində iştirak etmişdi.

Avropada Kollontay yerli sosial-demokratlarla tanış olur və bir il sonra Rusiyaya qayıdanda RSDFP-yə yazılır. Avropaya ikinci gedişində isə dünya inqilab hərəkatının məşhur nümayəndələrini, o cümlədən Plexanovu, Roza Lüksemburqu, Klara Setkini, Karl Libkxneti tanıyır. Hətta ABŞ-a da gedib çıxır - RSDFP üzvü kimi beynəlxalq sosialist konqreslərə qatılır.

Sonrakı illərdə Aleksandra partiyada iki ən nüfuzlu qadından birinə çevrilir (Krupskaya dünya proletariatının liderinin xanımıydı və müstəqil siyasətçi kimi qəbul olunmurdu): onun kimi varlı ailədən çıxan, amma inqilabdan başqa heç kimi sevməyən, əsas işi düşmənləri (elə dostları da) cəzalandırmaqdan ibarət olan qaraqabaq və zəhmli Rozaliya Zemlyaçkadan fərqli olaraq az qala bütün Avropa dillərində danışan, xəz geyib brilyantlar taxan, müxtəlif tədbirlərdə rəqs edib əylənən, az qala gündə bir sevgili dəyişən Kollontay nəzəriyyəçi kimi tanınırdı. Feminizmin sovet verisyasının müəllifi də məhz o idi.

RSDFP bolşeviklərə və menşeviklərə parçalananda Aleksandra orta mövqe tutur, daha çox menşeviklərə simpatiya bəsləsə də, fəliyyət sahəsi olaraq hər iki fraksiya üçün ikinci dərəcəli, özü üçünsə çox önəmli olan, müstəqilliyini qismən də olsa qoruya biləcəyi bir sahəni – qadın hərəkatını seçir.

Həmin illərdə aparıcı dünya ölkələrində qadınlara seçki hüququ tələb edən sufrajist qadınlar hərəkatı güclənməkdəydi. Kollontay da bu ideyanı dəstəkləyirdi, amma o, kişilərlə qadınlar arasında bərabərlik tələbilə kifayətlənmir, yeni prinsiplər üzərində qurulacaq yeni cəmiyyət arzulayırdı. Onu klassik feministlərdən fərqləndirən əsas cəhət qadın hüquqları və inqilab mövzularını bir arada görməsi idi, burjua təmayüllü feminizmin hədəfi isə qadınların cəmiyyətdəki statusunu yüksəltməkdi. Amma Kollantay marksist feministlərlə də ortaq məxrəcə gələ bilməyib "doğmalar arasında özgə”yə çevrilmiş və beləliklə də, birincilərdən "radikal bolşevik” damğası "qazanması” azmış kimi, ikincilərin "proletar feminizmi qadın feminizminə yuvarlatmaq” ittihamına məruz qalmışdı.

"Rədd olsun ailə!"

Kollontaya görə, ailə kapital yığımı üçün düşünülmüş təsisat olduğu üçün kommunizmdə ona yer olmamalıydı. O, ərin arvadı (və ya əksinə) öz mülkiyyəti olaraq gördüyü bu qurumu atavizm sayır və hesab edirdi ki, ailə institutu qadınları proletariatın maraqlarından uzaqlaşdırır, ailə qoruyucusu-uşaq tərbiyəçisi roluyla onların şəxsiyyətini təhqir edir. Min illərin ənənəsinə belə radikal baxış heç də hamının xoşuna gəlmirdi və hətta buna görə Aleksandra bir neçə sevgilisindən ayrılmalı olmuşdu.

Məsələn, dəfn mərasimində tanış olduğu Aleksandr Şlyapnikov (Leninin yaxın silahdaşı olan Şlyapnikovun 26, Kollontayın 39 yaşı vardı və bu, ilk belə hal deyildi – həmişə yaşından gənc görünən Kollontay, adətən, özündən xeyli cavan kişilərə vurulurdu, bu haqda söz düşəndə "Nə qədər ki, bizi sevirlər, biz gəncik” deyirdi) münasibətlərini ciddiləşdirmək istəyib ondan evdə inqilabçı-feminist kimi yox, normal qadın və həyat yoldaşı olaraq davranmağı xahiş edəndə Kollontayın "üzü dönmüş”, ona olan sevgisi bitmişdi. Amma buna təəssüflənmişdi də:

"Fiziki yaxınlıq fikri məni qorxudur. Qocalıram yoxsa? Yox, sadəcə həyat yoldaşı olmağın məsuliyyətini daşımaq istəmirəm. Mən öz yatağımı, tənhalığımı, rahatlığımı çox sevirəm... Kaş ki, o, burda bir yoldaş kimi yaşaya bilsəydi! Evlilik istəmirəm! Bu, ağır işdir...”

Aleksandra inqilabdan sonra yazdığı (1922) utopik hekayədə xəyalındakı gələcəyi təsvir etmişdi. "Tezliklə” adlanan bu hekayədə hadisələr 1970-ci ildə cərəyan edir: "Həyat elə təşkil olunub ki, insanlar ailələrdə yox, özlərinə uyğun yaş qruplarında yaşayırlar. Balacalar – "Uşaq sarayı”nda, gənc oğlan və qızlar – bağçalarla əhatə olunmuş şən evciklərdə, böyüklər – müxtəlif zövqlərə uyğun yataqxanalarda, qocalar – "İstirahət evi”ndə. Kommunlarda nə varlı var, nə də kasıb. Bunlar unudulmuş sözlərdir və artıq heç bir anlam daşımırlar. Kommuna üzvlərinin bütün ehtiyacları ödənir. Yemək, geyim, kitab, əyləncə - hamısını kommuna təmin edir. Əvəzində kommuna üzvü öz əllərini gündə iki saatlığa kommunaya verir”. Gələcəyi Kollontay belə təsəvvür edirdi.

"Qısqanclıq keçmişin qalığıdır"

Özünün "Yeni qadın” məqaləsində (1913) Aleksandra qadınlar üçün formalaşdırdığı yeni prinsiplərindən yazırdı:

- emosiyalar üzərində qələbə çalmaq, özünütərbiyə vərdişləri yaratmaq;
- qısqanclıqdan imtina etmək, kişilərin azadlığına hörmətlə yanaşmaq;
- kişilərdən maddi təminat yox, qadın şəxsiyyətinə hörmət tələb etmək;
- yeni qadın müstəqil şəxsiyyətdir, onun maraqları ev, ailə və sevgilə məhdudlaşmır;
- sevgi iztirablarını ağıla tabe etmək;
- sevgi münasibətlərində ikili burjua əxlaqından imtina etmək, öz seksuallığını gizlətməmək.

Kollontayın xəyalındakı "ideal qadın” obrazı beləydi. Burjua cəmiyyətinin sözəbaxan, dözümlü və ancaq ailə təsərrüfatı çərçivəsində, ərindən asılı vəziyyətdə gördüyü qadını güclü, müstəqil, kişi despotizminə qarşı çıxa bilən, hisslərini və emosiyalarını ağlına tabe etməyi bacaran qadın əvəz etməliydi.

Aleksandra hesab edirdi ki, qısqanclıq köhnəlmiş hissdir və "Yeni qadının daxilindəki "qısqanc dişi” getdikcə daha tez-tez "qadın-insan”a məğlub olur”.

Amma bir çox təbliğatçı kimi, o da öz ideyalarına heç də həmişə sadiq qala bilmirdi. Məsələn, ömrü boyu xüsusiyyətçiliyə və partnyorların bir-birini qısqanmasına qarşı çıxan, məqalələrində "Bu adət birdəfəlik yox olmalıdır, mülkiyyətə ən yüksək dəyər kimi baxmaq burjua düşüncəsinin qalığıdır. Yaxşı bir dostuna "mənimki” deyə bilməzsən” yazan Kollontay Leninin və rəhbərlikdəki digər şəxslərin tələbilə uzun illərdən sonra ikinci dəfə ərə getməyə (bunu şifahi də olsa, bəyan etməyə) məcbur olduğu adamın – savadı və intellektiylə onun əlinə su tökməyə belə yaramayan keçmiş motros Pavel Dıbenkonun başqasıyla görüşdüyünü biləndə möhkəm qəzəblənmişdi.

Gündəliyindəki qeyd bu hadisənin Kollontaya necə ağır təsir etdiyini göstərir: "Doğrudanmı, Pavel daha məni bir qadın olaraq sevmir? Niyə ona "göyərçinim” deyir, axı, bu, mənim adımdır. Məni ən çox bu ağrıdır. Nə qədər ki, bir-birimizi sevirik, Pavel bu adı heç kimə verə bilməz”. Yeri gəlmişkən, sevgilisi ondan 17 yaş (Pavelin 28, Aleksandranın 45 yaşı vardı) kiçik idi. Dıbenkodan sonra - Norveçdə səfir işlədiyi müddətdə sevdiyi Marsel Bodiylə arasındakı yaş fərqi 21, sonuncu sevgilisi Semyon Mirnı iləsə 26 il olacaqdı (səfirliyin katibi olan bu gənclə münasibət quranda Kollontayın 58 yaşı vardı). 

"Bir stəkan su" 

O illərdə geniş yayılmış "bir stəkan su” nəzəriyyəsini də Kollontaya aid edirlər. Bu nəzəriyyəyə görə, insanların sekslə məşğul olmaq istəyi bir stəkan su içmək qədər asan təmin olunmalıdır. Amma Aleksandranın nə məqalələrində, nə də bədii yazılarında seksə belə yanaşma var. Çox güman, müəllifliyi ona məlum imicinə görə yaraşdırırlar . Maraqlıdır ki, dövrün məşhur sosioloqu Pitirim Sorokin "Rus gündəliyindən səhifələr” kitabında ailə institutuna münasibəti hətta bolşeviklərin də baxışlarından radikal olan bu qadının əslində nimfoman olduğunu, çoxsaylı partnyorları olmasına rəğmən seksdən doymadığını yazıb.

İnsaf naminə qeyd edək ki, əslində Kollontay tam olaraq nizamsız cinsi əlaqə azadlığını yox, cinsi münasibətlər məsələsində yeni proletar əxlaqını təbliğ edib. İnqilabçı əsgər və matroslara müraciətində (1917) "Cinsi istəklərinizi boğmayın, instinktlərinizi azad edin və sevgi həzlərinə meydan açın!” şüarını irəli sürsə də, özünün məşhur "Qanadlı Erosa yol verin!” məqaləsində (1923) "yeni proletar əxlaqı” dediyi şeyə tərif verməyə çalışıb:

"Fəhlə sinfinin "qanadlı Eros”a haqq tanıyan ideologiyası eyni zamanda ona nail olacaq ki, əmək kollektivi üzvlərinin bir-birinə olan sevgisi daha böyük hissə - kollektivə olan sevgi-borc hissinə uduzacaq. İki cinsi birləşdirən sevgi nə qədər böyük olur-olsun, onları bir-birinə bağlayan ürək və mənəviyyat bağları nə qədər çox olur-olsun, fərdi kollektivə bağlayan bağlar daha çox və daha möhkəm olmalıdır. Burjua əxlaqı hər şeyi sevdiyin adama verməyi tələb edir, proletar əxlaqı isə hər şeyi kollektivə verməyi tələb edir ”.

Amma cəmi bir neçə il sonra Kollontayın yazdıqları heç kimə lazım olmayacaqdı - Stalin SSRİ-də "qadın məsələsi”nin tam həll olunduğunu bəyan edəcək, Kollontayın fikirlərini "marksizmə yad” adlandırıb arxivə göndərəcəkdi. Cəmiyyətə təlqin olunacaqdı ki, yeni cəmiyyət qurucuları öz enerjilərini seksual əyləncələrə sərf etməməlidirlər. Az sonra da bolşeviklər bütün dünyaya car çəkəcəkdilər: "Bizim ölkəmizdə seks yoxdur!”

Meydan.Tv