Ali Məhkəmə jurnalistin cəzasını azaldıb

Ali Məhkəmə jurnalistin cəzasını azaldıb

26-09-2018 12:10 / Bu xəbər 1927 dəfə oxundu

Bu gün, sentyabrın 26-da Ali Məhkəmədə "Jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Fərəməzoğlunun cəzası azaldılıb.

Belə ki, onun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.

Fikrət Fərəməzoğlu 2017-ci il Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır.

Amma jurnalist ittihamı qəbul etmir, iddia edir ki, "restoran", "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunub. Onun sözlərinə görə, həmin yerləri vəzifəli şəxslər himayə edirlər.