Ali Məhkəmə satirik şairin şikayətini rədd edib

Ali Məhkəmə satirik şairin şikayətini rədd edib

26-07-2017 01:50 / Bu xəbər 1162 dəfə oxundu

"Həbs edilməzdən əvvəl mənə tənqidi şerlərimlə bağlı xəbərdarlıqlar edirdilər. Yoxsa, yaxşı olmayacağını deyirdilər. Elə buna görə də şərləyib həbs elədilər”.

Bu gün, iyulun 25-də Ali Məhkəmədə keçirilən məhkəməsində həbsdəki satirik şair Tofiq Həsənli belə deyib. Ali Məhkəmə narkotik ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən satirikin kassasiya şikayətinə baxıb. Proseslə bağlı AzadlıqRadiosu-na onun vəkilləri məlumat verib.

Vəkillərinin deməsinə görə, açıq keçirilən məhkəmə prosesində T. Həsənli aşağı məhkəmələrin barəsində çıxardığı qərarların hamısının qanunsuz olduğunu deyib.

"Mənim vəkillərimin məhkəmələrdəki xahişlərinin, vəsatətlərinin heç biri təmin edilmədi. İşimi ədalətlə araşdırmadılar. Mən şair adamam, narkotiklə şərlədilər. Narkotiki kimə satmışam, kimdən əldə etmişəm, heç birini tapmadılar. Elə istintaq nə yazmışdısa, təsdiqlədilər”.

Vəkillərinin həmçinin bildirmələrinə görə, həbsinin hansısa məmur, ya da elə hökumətin işi olduğunu vurğulayan satirik-şair məhkəmə heyətindən barəsindəki qərarların ləğv edilməsini, azad olunmasını xahiş edib.

T. Həsənlinin vəkillərindən Zibeydə Sadıqova kassasiya şikayətini müdafiə edib. Vəkil satirik barəsində hökmün qanunsuz və əsassız olduğunu, irəli sürülən ittihamların heç birinin təsdiqini tapmadığını bildirərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Ancaq hakim İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib.

Vəkil Z. Sadıqova məhkəmədən sonra "AzadlıqRadiosu”na qərarın qanunsuz olduğunu, yaxın günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin olunmayıb.

T. Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də o, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T. Həsənli "Facebook” və "Youtube” hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.